Televiziya proqramında ekspert qismində çıxış edən Vəfa Rzayevanın efirdən sonra verdiyi qeyri-rəsmi açıqlama sosial mediada geniş müzakirələrə səbəb olub. Söhbət “Çıxış yolu” verilişindən sonra həvəskar şəkildə çəkilərək yayılan videodan gedir.
Həmin videoda Rzayeva oğlan uşaqlarının uzun saç saxlamasını tənqid edir, bunu “travma göstəricisi” kimi dəyərləndirir və belə görünüşün gələcəkdə onların “kişi kimi formalaşmasına” mane ola biləcəyini iddia edir. O, həmçinin “kişinin kişi stili və imici olmalıdır” fikrini səsləndirərək bu yanaşmanı dəstəkləmədiyini bildirir.
Vəfa Rzayeva 2023-cü ildən etibarən “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyində həssas təbəqələrlə iş şöbəsinin müdiri vəzifəsini icra edir.
Qeyri-rəsmi şəkildə çəkilmiş video daha sonra müxtəlif platformalarda yayılıb. Özünü təhsil yönümlü platforma kimi təqdim edən bəzi kanallar videonu “Saçları uzun oğlanlar kişi kimi formalaşmaz!” başlığı ilə paylaşıb. Eyni zamanda, azxeber.com saytı videonu “Bu fikirlərlə razısınız?” başlığı ilə dərc edib.
Qeyd edək ki, azxeber.com-un təsisçisi Hacıbəy Heydərli daha əvvəl kuirfobik mövqeyi ilə ictimai müzakirələrdə diqqət çəkib.
Müzakirələr fonunda daha əvvəl — bu ilin fevral ayında yayımlanan “Qapqara” verilişində müğənni Samir Bağırov da “kişilik” anlayışı ilə bağlı fərqli mövqe sərgiləyib. Aparıcı Kamran Ağabalayevin qonağı olan sənətçi şəxsi baxışlarını bölüşərək “kişilik” anlayışının zahiri görünüşlə ölçülmədiyini bildirib.
Bağırov verilişdə qeyd edib ki, “kişilik bu bədənə aid bir şey deyil, ruhdan asılıdır” və insanın geyimi, davranışı və ya fiziki xüsusiyyətlərinin bu anlayışı müəyyən etmədiyini vurğulayıb.
Hər iki çıxış ictimai məkanda gender rolları, kişilik anlayışı və fərdi ifadə azadlığı ilə bağlı debatları yenidən aktuallaşdırıb.
Məsələyə münasibət bildirən psixoloq Məhərrəm Cəfərzadə isə uzun saç və ya xarici görünüşün uşağın psixoloji inkişafı ilə əlaqələndirilməsinin elmi əsasının olmadığını qeyd edir. Onun sözlərinə görə, bu cür yanaşmalar stereotiplərə əsaslanır və uşağın inkişafına mənfi təsir göstərə bilər.
“Uşağın formalaşması xarici görünüşlə deyil, emosional yetkinlik və sosial mühitlə bağlıdır. Saç isə sadəcə estetik seçimdir,” – deyə psixoloq bildirib.
Müzakirələr fonunda mütəxəssislər media və ictimai fiqurları həssas mövzularda daha məsuliyyətli və elmi əsaslı yanaşma sərgiləməyə çağırırlar.