TikTok platformasında özünü psixoloq kimi təqdim edən Aydın Əliyevin paylaşdığı video sosial mediada önə çıxıb. Videoda o, valideynlərə müraciət edərək oğlan uşaqlarının gələcəkdə “öz həmcinsinə meyl etməməsi” üçün müəyyən yanaşmalar təklif edir və homoseksuallığı uşaqlıq dövründə valideyn davranışları ilə əlaqələndirir.
Aydın Əliyev çıxışında iddia edir ki, uşağın xüsusilə 2–6 yaş aralığında valideynlərlə münasibəti onun gələcəkdə seksual oriyentasiyasına edəcəyinə təsir göstərir. Onun sözlərinə görə, atanın sərt, uzaq və ya aqressiv davranışı, ailədaxili zorakılıq və emosional məsafə oğlan uşağının “kişilik komponentini formalaşdıra bilməməsinə” səbəb olur və bu da sonradan homoseksual meylə gətirib çıxarır.
O, həmçinin bildirir ki, seksual orientasiya ilə bağlı qərar “3 yaşında verilir” və bunun genetik və ya bioloji faktorlarla əlaqəsi olmadığını iddia edir. Əliyev çıxışında bildirir ki, bəzi Avropa ölkələrində homoseksuallığın ‘dəyişdirilməsi’ və ya ‘normallaşdırılması’ kimi təqdim olunan yanaşmalar yəni konversiya terapiyası qadağan edilib, lakin buna baxmayaraq bu mövzu ilə bağlı fikirlərini paylaşdığını qeyd edir.
Mövzuya münasibət bildirən psixoloq İlaha Süleyman isə bu cür yanaşmaların elmi əsasdan uzaq olduğunu vurğulayır. Onun sözlərinə görə, homoseksuallığı valideyn davranışı ilə birbaşa əlaqələndirmək müasir psixologiya və tibbin gəldiyi nəticələrlə ziddiyyət təşkil edir.
İlaha qeyd edir ki, elmi araşdırmalar seksual orientasiyanın tək bir səbəblə izah olunmadığını göstərir. Bu prosesdə bioloji faktorlar, genetik xüsusiyyətlər, ana bətnində inkişaf və neyrobioloji fərqliliklər rol oynaya bilər. Lakin bu faktorların heç biri valideyn davranışının sadə nəticəsi kimi qiymətləndirilmir.
“Bu iddialar elmi sübutlarla təsdiqlənmir. Nə atanın sərt davranışı, nə də tərbiyə üsulları birbaşa olaraq uşağın seksual orientasiyasını müəyyən etmir. Bu, daha çox köhnə stereotiplərə əsaslanan yanaşmadır,” – deyə psixoloq bildirib.
O, həmçinin vurğulayır ki, beynəlxalq elmi qurumlar, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı və Amerika Psixoloji Assosiasiyası homoseksuallığı nə xəstəlik, nə psixoloji pozuntu, nə də müalicə tələb edən bir hal kimi qəbul edir.
Mütəxəssislər qeyd edirlər ki, bu kimi iddialar cəmiyyətdə yanlış təsəvvürlərin formalaşmasına səbəb ola və valideynləri səhv istiqamətə yönləndirə bilər. Bu baxımdan, sosial mediada yayılan məzmunlara tənqidi yanaşma və elmi əsaslı məlumatlara üstünlük verilməsi vacib hesab olunur.