“Yanlış Məlumatlar Muzeyi: Kuir Reallıq Yoxlaması” sərgisində iştirak edən rəssamlardan biri — Madriddə fəaliyyət göstərən kollaj rəssamı Adrian Lorenzo bu yaxınlarda Shut up gallerynin proyekti olan Sugarts-ın incəsənət yarışmasında qalib olub. Onunla həm bu uğur, həm də yaradıcılığı haqqında danışdıq.

– Qalib gəldiyin yarışma necə bir platformadır? Qısaca təsvir edə bilərsən?
Bu, Sugarts adlı bir platformadır. Əsas məqsədi incəsənətə yeni başlayan insanları tanıtmaqdır. Hər ay fərqli bir sahə üzrə yarışmalar təşkil edirlər — məsələn, bir ay fotoqrafiya, digər ay rəssamlıq, digital art, performans və ya qısa metrajlı film. Mən keçən il qrafik dizayn üzrə iştirak etmişdim və üçüncü yerə çıxmışdım.
– Bu yarışmaya qatılmaq fikri necə yarandı?
Dostlarım əvvəllər rəssamlıq üzrə yarışmışdılar. Ondan əvvəl də biz moda dizayn ayı zamanı sadəcə tamaşaçı kimi tədbirə getmişdik. Orada bu platformanı daha yaxından tanıdım və sonra özüm də qatılmaq qərarına gəldim.
– İşini seçilən edən nə oldu sənin fikrincə?
Bu il yarışma grand final idi — yəni fərqli kateqoriyalardan qaliblər və finalçılar iştirak edirdi. Mövzu Madrid idi və hamı bu mövzu ətrafında iş hazırlamışdı. Məncə, mənim fərqli yanaşmam — oyunsal və konseptual yanaşma — işimi seçilən etdi.
– Yarışmaya təqdim etdiyin işin ideyası nə idi?
İki iş təqdim etmişdim. Birincisi stolüstü oyun idi. Mən miqrant olaraq Avropada yaşamağı bəzən “survival game” kimi hiss edirəm və bunu dostlarımla tez-tez zarafatla deyirdim. Bu ideyanı oyuna çevirdim. Oyunda Madridin simvollarından istifadə etmişəm — çulapa geyimi, San Isidro bayramı və ayı simvolu. Oyunda xallar topladıqca ayıya çevrilirsən və finalda çulapanı xilas etməyə çalışırsan.


İkinci işim kollaj idi. Orada çulapa obrazını sentaur kimi təqdim etmişəm, amma at yerinə öküz istifadə etmişəm, çünki öküz də İspaniyanın simvollarındandır. O, ox yerinə qərənfillər atır — bu da San Isidro bayramına istinaddır.

– İşində istifadə etdiyin texnika və materiallar nələrdir?
Əsasən Photoshop-da digital olaraq işləyirəm. Sonra işləri çap edib əl ilə maketlər hazırlamışam.
– İspaniyada yaşamaq və ya oradakı sənət mühiti sənin işinə necə təsir edir?
İspaniyada yaşamaq çox rahat və azaddır. Bu azadlıq birbaşa sənətə də təsir edir — istədiyin mövzuda işləyə bilirsən. Həm də sənət mühiti çox əlçatandır. Madrid paytaxt olduğu üçün burada çoxlu sənətçi var və bu da motivasiya verir.
– Sənətində gələcəkdə hara doğru getmək istəyirsən?
Daha çox tanınmaq və sadəcə sənətimlə yaşayabilmək istəyirəm. Hazırda barda işləyirəm, amma istəyim odur ki, gələcəkdə yalnız yaradıcılığım hesabına həyatımı qura bilim.
– Gənc rəssamlara nə məsləhət verərdin, xüsusilə beynəlxalq yarışmalara qatılmaq istəyənlərə?
Ən əsas məsləhətim odur ki, başlamaq üçün mükəmməl olmağı gözləməsinlər. Mən öz köhnə işlərimə baxanda böyük fərq görürəm. Əgər gözləsəydim, heç vaxt bu nöqtəyə çatmazdım. Beynəlxalq yarışmalar üçün isə ingilis dili bilmək çox vacibdir.