Z nəsli əvvəlki nəsillərlə müqayisədə daha az intim münasibətlər yaşayır. Bunun yeganə istisnası gənc gey kişilərdir. Bu nəticə “Playboy” jurnalı ilə İndiana Universitetinin nəzdindəki Kinsi İnstitutunun (Kinsey Institute) birgə keçirdiyi 2026-cı il “Z nəslinin seks sorğusu”nda əksini tapıb.
Sorğuda ABŞ-da yaşayan 18-29 yaşlı 2373 nəfər iştirak edib, onların 37%-i seksual azlıqlara aiddir. Nəticələrə görə, gənclərin beşdə birinə qədəri heç vaxt seks etməyib. Hər üç nəfərdən biri partnyorla seksdən çox onlayn təcrübələrə və ya masturbasiyaya üstünlük verir. İştirakçıların dörddə biri son bir ildə heç bir cinsi əlaqəsi olmadığını bildirib. Bu, əvvəlki onilliklərdə aparılan sorğulardakı göstəricidən iki dəfə çoxdur.
Gey kişilər isə bu tendensiyadan fərqlənir. Onların 35%-i həyatı boyu 10 və daha çox cinsi partnyoru olduğunu deyib. Bu göstərici digər qrupların hamısından yüksəkdir.
Kinsi İnstitutunun tədqiqatçısı, Texas Ştat Universitetinin psixologiya üzrə dosenti Ronda Balzarini (Rhonda Balzarini) “Bay Area Reporter” nəşrinə bildirib ki, gey kişilərin hamiləlik qayğısı daha azdır. Onlar həm də ənənəvi qaydaya əməl etmirlər.Heteroseksual münasibətlərdə ənənəvi qaydaya görə ilk addımı kişi atır, razılıq verib-verməməyə isə qadın qərar verir.
Yaşayış şəraiti də rol oynayır. Sorğu iştirakçılarının üçdə biri valideynləri ilə yaşayır və onların 64%-i son üç ayda seks etməyib. Balzarininin sözlərinə görə, bir çox gey kişi ailə evindən daha tez ayrılır. Bəziləri bunu icma tapmaq üçün, bəziləri isə ailəsi onu qəbul etmədiyi üçün edir. Bu müstəqillik onlara daha çox şəxsi məkan verir.
Araşdırmaya görə, gənclərin seks istəyi var, amma çoxunun buna cəsarəti, şəxsi məkanı və ya pulu çatmır. İnsanların tanış ola biləcəyi “üçüncü məkanlar”, yəni ev və işdən kənar görüş yerləri də azalır. LGBTQ insanların isə əksinə, sıx icmaları və tanışlıq tətbiqləri var.
Psixi sağlamlıq və internetin təsiri də az deyil. Sorğu iştirakçılarının üçdə biri antidepressant və ya təşviş əleyhinə dərman qəbul edir. Bu dərmanları qəbul edənlər daha az seks etdiklərini və ondan daha az zövq aldıqlarını bildirirlər. LGBTQ iştirakçılar arasında bu dərmanları qəbul edənlər daha azdır. Bundan başqa, gənc kişilərin 34%-i pornoqrafiyanın bütün cinsi ehtiyaclarını ödədiyini deyib. Balzarini pandemiyanın təsirini də qeyd edib. Onun sözlərinə görə, bir çox gənc formalaşma illərini təcriddə keçirib və indi rədd edilməkdən daha çox qorxur.
Daha az seks daha təhlükəsiz seks demək deyil. İştirakçıların 29%-i vaginal seks zamanı prezervativdən istifadə etmədiyini bildirib. Kontraseptiv həblərə inamsızlıq da artır. Balzarini bunun səbəbini həblərin risklərini təhrif edən sosial media influenserlərində görür.
San-Fransisko Siti Kollecinin professoru Adel Feyls-Karpenter (Adele Failes-Carpenter) isə siyasi mühitin də rolu olduğunu deyib. ABŞ Ali Məhkəməsi 2022-ci ildə abort hüququnu qoruyan “Rou Ueydə qarşı” qərarını ləğv edib. Feyls-Karpenterin fikrincə, bundan sonra gənc qadınlar hamiləlik riskini daha ciddi qiymətləndirirlər, çünki bir neçə ştatda abort artıq qadağandır.
Mənbələr: Playboy və Kinsi İnstitutu, 2026 Gen Z Sex Survey; “Bay Area Reporter”