BMT Baş Assambleyası iki ildən bir “Məhkəmədənkənar, qısa və ya özbaşına edamlar” adlı qətnamə qəbul edir. Sənəd insanların məhkəməsiz, ədalətli mühakimə olmadan və ya qanunsuz şəkildə öldürülməsinə qarşı yönəlib. Buraya dövlət qüvvələrinin törətdiyi qətllər də, dövlətin qarşısını almadığı və araşdırmadığı qətllər də daxildir.
Qətnamə dövlətləri belə qətllərin qarşısını almağa çağırır. Qətl baş verdikdə isə dövlət onu araşdırmalı, günahkarları cəzalandırmalı və qurbanların ailələrinə ədalət təmin etməlidir. Sənəddə xüsusi risk altında olan qruplar da ayrıca sadalanır. Bunlar jurnalistlər, hüquq müdafiəçiləri, yerli xalqlar, dini azlıqlar, “namus qətlləri”nin qurbanları və başqalarıdır. 2002-ci ildən bu siyahıda cinsi oriyentasiyasına, 2012-ci ildən isə gender kimliyinə görə öldürülən insanlar da var.
BMT Baş Assambleyasının qətnamələri hüquqi cəhətdən məcburi deyil, amma dövlətlər üçün beynəlxalq standart müəyyən edir. LGBTQ insanların bu siyahıda adının çəkilməsi o deməkdir ki, dövlətlər onların kim olduqlarına görə öldürüldüyünü rəsmən tanıyır. Eyni zamanda bu qətllərin də araşdırılmalı olduğunu qəbul edirlər.
Bəs nə baş verdi?
13 noyabrda qətnamə BMT Baş Assambleyasının insan hüquqları üzrə Üçüncü Komitəsində səsə qoyuldu. Misir İslam Əməkdaşlıq Təşkilatı (İƏT) üzvlərinin əksəriyyəti adından sənədə düzəliş təklif etdi. Düzəliş “cinsi oriyentasiya və ya gender kimliyi” ifadəsini “hər hansı digər amillər” ilə əvəz etməyi nəzərdə tuturdu. Qəbul olunsaydı, LGBTQ-li qurbanlarının adı sənəddən silinəcəkdi.
Düzəliş 74 əleyhinə, 69 lehinə və 24 bitərəf səslə rədd edildi. Bundan sonra komitə qətnamənin özünü səsə qoydu, LGBTQ-li qurbanlarına istinad da mətndə saxlanıldı. Qətnamə 131 lehinə səslə təsdiqləndi. Əleyhinə səs verən olmadı, 47 ölkə bitərəf qaldı. Yekun səsvermə dekabrda Baş Assambleyanın plenar iclasında keçiriləcək və orada oxşar düzəliş yenidən gündəmə gələ bilər.
2024-cü ildə oxşar düzəliş 78 əleyhinə, 47 lehinə səslə rədd edilmişdi. Bu il fərq cəmi beş səsə enib. Üstəlik, ABŞ 2002-ci ildən bəri ilk dəfə LGBTQ istinadının çıxarılmasının lehinə səs verib. Halbuki 2010-cu ildə həmin ifadə qətnamədən çıxarılanda onu geri qaytarmaq təşəbbüsünə məhz ABŞ rəhbərlik etmişdi.
Rəqəmlər problemin real olduğunu göstərir. “Outright International” təşkilatı 2020-ci ildən 2026-cı ilin iyul ayınadək dünyanın bütün regionlarında LGBTİQ insanların 230-dan çox məqsədli qətlini sənədləşdirib. Qurbanların yaşı 12 ilə 77 arasında olub, onlardan 18-i uşaq idi. BMT-yə üzv 65 dövlətdə eynicinsli münasibətlər hələ də cinayət sayılır, onlardan səkkizində isə buna görə ölüm cəzası nəzərdə tutulub.
“‘Cinsi oriyentasiya və ya gender kimliyi’ ifadəsini ‘hər hansı digər amillər’ ilə əvəz etmək bu qurbanları görünməz edir” – deyə “Outright International”ın qlobal tədqiqatçısı Ohotuovo Oqbeçe bildirib.

Azərbaycan necə səs verdi?
LGBTQ insanların yaşamaq hüququ BMT-də getdikcə daha çox mübahisə doğurur. Belə bir vaxtda Azərbaycan onların qətnamədən çıxarılmasının lehinə səs verdi. Avropa Şurasına üzv dövlətlər arasında bunu edən yeganə ölkə Azərbaycan oldu. Cənubi Qafqazdakı qonşuları Ermənistan və Gürcüstan düzəlişin əleyhinə səs verdi, Türkiyə isə səsvermədə iştirak etmədi.
Bu, ilk dəfə deyil. 2010-cu ildə də Azərbaycan cinsi oriyentasiyanın həmin qətnamədən çıxarılmasına səs vermişdi. ILGA-Europe-un 2026-cı il “Göy qurşağı xəritəsi”ndə Azərbaycan 49 Avropa ölkəsi arasında 48-ci yerdədir və cəmi 2% bal toplayıb. 2023-cü ildə isə hüquq müdafiə təşkilatları BMT-yə bildirmişdilər ki, Azərbaycanda LGBTİQ insanlar tez-tez pis rəftara, o cümlədən işgəncəyə və alçaldıcı davranışa məruz qalırlar.
Mənbələr: BMT səsvermə qeydi (A/C.3/81/L.53), Outright International, ISHR, ILGA-Europe