GTA 6-da gey olmaq mümkündürmü? İnternet şayiələri

GTA 6-da gey olmaq mümkündürmü? İnternet şayiələri

İndiyədək bilinənlər

13 illik gözləntidən sonra “Grand Theft Auto 6” bu gün (19 noyabr) satışa çıxdı. Oyunçuların ən çox müzakirə elədiyi mövzulardan biri oyunun LGBTQ+ təmsilçiliyidir.

Oyun Jason Duval və Lucia Caminos cütlüyündən bəhs edir. Uğursuz bank soyğunundan sonra cütlük bütün ştatı əhatə edən bir sui-qəsdlə üzləşir və bir-birini qorumaq məcburiyyətində qalır. Oyunçular iki personaj arasında keçid edə və onların arasında romantik münasibətin olub-olmayacağını seçə bilirlər.

Personajların cinsi oriyentasiyası açıq deyilmir, romantik münasibət də yalnız Jason ilə Lucia arasında mümkündür. Bununla belə, bir səhnə oyunçuların diqqətini çəkib. Jason dostu Lacy ilə kompüter oyunu oynayır, ekran qaralır, sonra o, Lacy ilə eyni yataqda oyanır və hər ikisinin əynində yalnız alt paltarı var. Oyun onları sadəcə dost kimi təqdim etsə də, bir çox oyunçu Jason-u biseksual hesab edir.

Oyunun çıxışından əvvəl orada Pride paradları və gey gecə klubları olacağı da gözlənilirdi. Bu, bəzi oyunçuların oyunda real LGBTQ+ məkanlarına hücumları canlandıra biləcəyi ilə bağlı narahatlıq yaratmışdı. Çıxışdan sonra məlum olub ki, personajlar bar və gecə klublarında silahdan istifadə edə bilmir. Bəzi oyunçular bunu 2016-cı ildə Florida ştatının Orlando şəhərindəki “Pulse” gecə klubunda baş verən və 49 nəfərin öldüyü silahlı hücumla əlaqələndirir.

Seriyanın LGBTQ+ təmsilçiliyi ilə bağlı keçmişi problemlidir. GTA seriyasının ən tanınmış gey personajı 2009-cu ildə GTA IV üçün çıxan “The Ballad of Gay Tony” əlavəsindəki Anthony “Gay Tony” Prince-dir. Hekayənin qəhrəmanı Liberty City-də gecə klubları sahibi olan Tony-nin cangüdəni və yaxın dostu, dominikanlı Luis Fernando Lopez idi. “PinkNews” yazıb ki, bu personaj zərərli stereotiplərə əsaslanır, cinsi oriyentasiyası isə heç də dərindən işlənməyib.

2024-cü ildə “Bloomberg” xəbər verib ki, Rockstar ssenaristlərindən transgender insanlara və digər azlıqlara qarşı daha az kobud olmağı xahiş edib. Əvvəlki oyunlarda bu qruplar tez-tez zarafat hədəfinə çevrilirdi.

Mənbələr: PinkNews, Bloomberg