Valideynlər övladlarının LGBTQ kimliyi ilə bağlı dəstək və məlumat axtaranda, Google axtarış sistemində qarşılarına çox vaxt sağçı-dini təşkilatların idarə etdiyi “normallaşdırma terapiyası” saytları çıxır. Bu platformalar homoseksuallığı “günah” və “problematik davranış” kimi təqdim edərək valideynləri yanıltmağa çalışır.

“Normallaşdırma terapiyası” nədir?
“Normallaşdırma terapiyası” — LGBTQ insanların seksual orientasiyasını və ya gender kimliyini “dəyişdirməyi” hədəfləyən, elmi əsası olmayan və psixoloji zərərli metodların ümumi adıdır. Bu yanaşmalar tibbi və psixoloji qurumlar tərəfindən dəfələrlə pislənib, çünki insanlarda dərin travma, depressiya və özünəqəsd risklərini artırır.
Məsələn, “gay uşaqlar haqqında doğru məlumat” kimi axtarışlar nəticəsində istifadəçilərə “Focus on the Family” adlı anti-LGBTQ təşkilat təqdim olunur. Bu qurum uzun illərdir ki, gəncləri və ailələri “normallaşdırma terapiyası” adı altında təhlükəli yanaşmalara yönləndirir.

Mütəxəssislər bildirirlər ki, problemin kökündə Google-un alqoritmi dayanır: sistem saytların məzmununu yoxlamır, nəticələri klik sayı, populyarlıq və əlaqələr əsasında sıralayır. Nəticədə, elmi və etibarlı məlumat əvəzinə yanlış və zərərli resurslar ön plana çıxır.
Bu vəziyyət LGBTQ gənclərin psixoloji sağlamlığına ciddi zərbə vurmaqla yanaşı, onların ailələrinin də dəstəksiz qalmasına səbəb olur. Ekspertlər Google-un etik məsuliyyət daşıdığını, təhlükəli məzmunların “resurs” kimi təqdim edilməsinin qarşısının alınmasının vacibliyini vurğulayırlar.
Bu mövzu barədə xəbəri ilk olaraq Uncloseted Media yayıb.