Bu müsahibənin video versiyasına məqalənin sonunda baxa bilərsiniz.
Azərbaycanda kuir insanlar üçün yeni münasibətlər qurmaq, potensial partnyorlarla tanış olmaq və münasibətlərini açıq yaşamaq müxtəlif çətinliklərlə müşayiət olunur. Xüsusilə lezbiyan qadınlar üçün məhdud tanışlıq imkanları, kiçik sosial çevrələr, heteronormativ gözləntilər və cəmiyyətdəki stereotiplər romantik münasibətlərin qurulmasına təsir göstərir.
Özünü qeyri-binar lezbiyan kimi təqdim edən Ayanla Azərbaycanda tanışlıq mədəniyyətindən, lezbiyanların bir-birini tapmaqda yaşadıqları çətinliklərdən, münasibətlərdə gender rollarından və maddi gözləntilərdən danışdıq. Sosial mediada görünən biri olan Ayan həm şəxsi təcrübələrini, həm də Azərbaycandakı lezbiyan icması ilə bağlı müşahidələrini bölüşdü.
“Gözləyirəm ki, o mənə yaxınlaşsın, onlar da yaxınlaşmırlar”
“Ümumiyyətlə, mənim bəyəndiyim insanlar çox az olur. Tanış olanda da əsasən Instagramda, partilərdə və getdiyim məkanlarda tanış oluram. O da çox az hallarda baş verir.
Əvvəllər özüm yaxınlaşırdım. Məsələn, partilərdə olanda. Amma indi ona da marağım ölüb. Xoşuma gələn biri olsa belə, yaxınlaşmıram. Gözləyirəm ki, o mənə yaxınlaşsın. Onlar da yaxınlaşmırlar”.
Ayan tanışlıq zamanı ilk addımı atmaqdan çəkinməsinin səbəbini qarşı tərəfdən cavab almamaq ehtimalı ilə əlaqələndirir:
“Olub ki, izləmə istəyi göndərmişəm, bəyənmə qoymuşam. Bəlkə birinci yazdığım da olub, yadımda deyil. Amma çox da risk etmirəm. Mən bir insana birinci yazım, o da mənə cavab verməsin… Əsəbiləşərəm, əsəbdən partlayaram”.
“Alnıma tatu etdirim? Daha necə deyim?”
Ayan sosial mediada görünən biri olsa da, bunun arzuolunmaz diqqəti də özü ilə gətirdiyini deyir. Qadınlardan xoşlandığını açıq şəkildə ifadə etməsinə baxmayaraq, kişilərin ona yazmağa və yaxınlaşmağa davam etdiyini bildirir:
“Vallah, bezmişəm artıq. Sənə TikTok və Instagram direktimi göstərim? Dayılar, nə bilim, neçə yaşında adamlar, oğlanlar yazırlar. Çoxu da oğlanlardır. Məsələn, bir-iki qız yazırsa, elə olur ki, oğlanlardır saxta hesablardan yazırlar”.
Ayanın fikrincə, bəzi kişilər onun biseksual ola biləcəyini düşünərək yaxınlaşırlar. O isə öz seksual oriyentasiyasını açıq ifadə etməsinə baxmayaraq, sərhədlərinin nəzərə alınmamasından narahatdır:
“Bəlkə düşünürlər ki, mən də biseksualam. Onları da qınamıram. Bəlkə ona görə yazırlar. Amma mən elə deyiləm. Mən onlar kimi deyiləm, məni onlarla səhv salmayın.
Vallah, canlı da deyirəm, Instagramda da yazmışam. Daha necə deyim? Alnıma tatu etdirim? Necə deyim axı? Sırtıq kimi adama yazırlar. Ay bala, hara soxursunuz özünüzü? Əl çəkin məndən! Yazmayın mənə! Zəhləm gedir artıq”.
Ayan kişilərlə dostluq münasibətlərində də xoşagəlməz təcrübələr yaşadığını deyir. Onun sözlərinə görə, dost kimi yaxınlaşdığı bəzi kişilər söhbətlərini qadınlar haqqında müzakirələrə çevirirlər:
“Bir insana şans verirsən ki, hamısı elə deyil. Birinə dost gözü ilə baxa bilərəm. Amma mənim gördüklərimin heç biri dost gözü ilə baxmır. Başlayırlar ki, o qız belə getdi, bu qız belə gəldi. Adamın əti tökülür belə söhbətlərdən. Ona görə də bu, mənlik deyil. Heç dost kimi də yanımda olmasınlar”.
“Hamı hamının keçmiş sevgilisidir”
Azərbaycanda lezbiyan qadınların bir-birini tapmaqda yaşadıqları çətinliklərdən danışan Ayan, icmanın kiçik sosial çevrələr ətrafında formalaşdığını düşünür. Onun müşahidələrinə görə, bu çevrələrdə insanlar çox vaxt bir-biriləri ilə romantik münasibətlər qururlar:
“Lezbiyanların çox vaxt öz çevrələri olur. Mən də o çevrələrdən bəzi insanları tanıyıram. Yaxından tanımıram, sadəcə görmüşəm. Hamısı bir-biri ilə sevgili olur. Eyni çevrədə, eyni adamlarla münasibət qururlar. Hamı hamının keçmiş sevgilisidir”.
Ayan lezbiyan qadınlar üçün tanışlıq imkanlarının gey kişilərlə müqayisədə daha məhdud olduğunu da vurğulayır. Onun sözlərinə görə, gey kişilər arasında istifadə edilən tanışlıq tətbiqləri daha aktiv olsa da, lezbiyan qadınlar üçün mövcud olan platformalar Azərbaycanda geniş yayılmayıb:
“Geylər üçün çoxlu proqramlar, tanışlıq saytları var. Lezbiyan qadınlar üçün də bir-iki proqram bilirəm, amma bizdə heç kim onlardan istifadə etmir.
Geylər üçün olan proqramları isə görmüşəm. Çoxlu dostum var, hamısı aktivdir, hamısı istifadə edir. Hamı özünə oğlan tapır. İki dəqiqənin içində həm ciddi münasibət üçün, həm də birgünlük münasibət üçün partnyor tapa bilirlər.
Amma bu qızlar niyə belə çətin tapılır? Mən də başa düşmürəm”.
“İkimizin də saçı qısa ola bilər. Niyə mütləq biri oğlan kimi olmalıdır?”
Ayanın tənqid etdiyi məsələlərdən biri də lezbiyan münasibətlərində heteronormativ gender rollarının təkrarlanmasıdır. Onun fikrincə, Azərbaycanda bəzi lezbiyanlar münasibətdə tərəflərdən birinin daha maskulin, digərinin isə daha feminin görünməsini gözləyirlər.
“Bir də bunlarda belə bir fikir var: biri saçıuzun, biri saçıqısa olmalıdır. Nə fərqi var axı?
İkimiz də qadınıq. İkimizin də saçı uzun ola bilər, ikimizin də saçı qısa ola bilər. Siz niyə heteronormativ düşünürsünüz? Niyə mütləq biri qız, biri oğlan kimi olmalıdır? Biri saçıqısa, digəri saçıuzun olmalıdır? Mən bu məntiqi başa düşmürəm.
Oğlanların da saçı uzun ola bilər, qızların da saçı qısa ola bilər”.
Ayan xaricdə gördüyü lezbiyan cütlüklərlə Azərbaycandakı münasibət modellərini müqayisə edərək, görünüşlə bağlı stereotiplərin münasibətlərə təsir etdiyini bildirir:
“Xarici bloqerlərdə, xarici qızlarda görmüşəm ki, iki saçıqısa qız rahat sevgili olur. Çox da gözəl görünürlər.
Amma bizdə yox. Bizdə çox vaxt bunu drama çevirirlər. Biri saçıuzun, biri saçıqısa, biri qız kimi, biri oğlan kimi olmalıdır. Ay bala… Yenə də hər kəs özü bilər. Hərənin öz fikri var”.
Özünün də daha çox saçıqısa qadınlardan xoşlandığını deyən Ayan üçün bu seçim yalnız xarici görünüşlə əlaqəli deyil:
“Əlbəttə, hətta daha çox bəyənirəm. Bilirsən necə, məsələ təkcə saçın qısa olmağında deyil. Məsələn, saçıqısa qızlar nadir tapılır. Belə deyək, çox azdırlar. Amma saçıuzun qızlar hər yerdə var.
Məni daha çox nadir olan insanlar cəlb edir. Bir insan fərqli olsun, özünəməxsus olsun. Necə deyim, elə biri olsun ki, hər yerdə rastına çıxmasın”.
“Kim məni qəbul edir, kim etmir, özü bilər”
Münasibətlərini və seksual oriyentasiyasını gizlətmək məcburiyyətində qalıb-qalmadığını soruşduqda Ayan indiyədək bunu etmədiyini deyir. Onun sözlərinə görə, ailəsi kimliyindən xəbərdardır və bu mövzuda ciddi problemlə üzləşməyib:
“Yox, heç vaxt gizlətməmişəm. Hamıya açıq-aydın demişəm. Uşaq vaxtımdan da hamıya demişəm ki, mən beləyəm. Kim məni qəbul edir, kim etmir, özü bilər.
Ailəm də bunu bilir. Ailəm normal qarşılayır. Bizdə bu barədə heç vaxt mübahisə olmayıb”.
Bununla belə, Ayan münasibətdə olduğu bəzi qadınların öz seksual oriyentasiyalarını və münasibətlərini gizlətməyə üstünlük verdiyini bildirir:
“Daha feminin olan qızlar var. Onlar çox vaxt münasibətlərini gizlətməli olurlar. Çoxu gizlədir”.
Ayan keçmiş münasibətlərindən danışarkən bəzi partnyorlarının sonradan kişilərlə münasibət qurduqlarını da qeyd edir. Bu təcrübələrin onda müəyyən inamsızlıq yaratdığını gizlətmir:
“Bir də mənim nə qədər feminin qızlarla münasibətim olub. Uzunsaçlı, makiyajlı, kukla kimi qızlar. Hamısı axırda gedib oğlanlara qayıdıb. Ona görə də onlara heç etibarım yoxdur”.
“Hər kəsin öz idealı var”
Müsahibə zamanı evlilik və münasibətlərdə uyğunluq məsələsinə də toxunan Ayan hesab edir ki, evlənmək üçün konkret yaş həddi müəyyənləşdirmək doğru deyil. Onun fikrincə, əsas məsələ iki insanın bir-birinə uyğun olmasıdır:
“Bu, yaşla bağlı deyil. Məsələn, özünə uyğun bir insan tapsan, hər şeydə bir-birinizə uyğun olsanız…
İdeal insan yoxdur, amma yenə də bir çox məsələdə razılaşa bilirsinizsə, məncə, evlənmək olar. Yaşın fərqi yoxdur”.
Eyni zamanda, Ayan ənənəvi ailə modelinin hər kəs üçün uyğun olmadığını düşünür. Xüsusilə qadınların yalnız evlilik və uşaq dünyaya gətirməklə məhdudlaşan həyat yaşamasını tənqid edir:
“Bəzi qadınlar, hətta çoxu evlənir. Guya nə edirlər? Uşaq doğurlar, həyatdan heç bir həzz almırlar. Elə-belə yaşayırlar.
Mənə çatmır. Ərə get, uşaq doğ, vəssalam. Bu nə həyatdır? Bir az maraqlı yaşa, bir az rəngarəng yaşa!”
Bununla yanaşı, o, insanların seçimlərinə müdaxilə edilməməli olduğunu vurğulayır:
“Hər kəsin öz idealı var. Mənə görə ideal olan biri başqası üçün ideal olmaya bilər. Hər kəsin öz fikri, düşüncəsi, psixologiyası var. Ona görə də heç kimin həyatına qarışmağa ixtiyarımız yoxdur. Hər kəs özü bilər”.
“Cəmiyyət nə deyirsə, vecimə deyil”
Ayan ictimai yerlərdə partnyoru ilə vaxt keçirməkdən çəkinmədiyini və başqalarının münasibətinə ciddi əhəmiyyət vermədiyini deyir.
Onun sözlərinə görə, sosial media hesablarında seksual oriyentasiyası və gender ifadəsi ilə bağlı müxtəlif şərhlər alır:
“Cəmiyyət nə deyirsə, vecimə deyil, birincisi. Onlar da mənə ‘gey’ yazırlar, ‘trans’ yazırlar. Bilmirəm niyə”.
Azərbaycanda kuir qadınların daha rahat yaşaması üçün nələrin dəyişməli olduğu barədə danışan Ayan, insanların seksual oriyentasiya və gender müxtəlifliyi haqqında məlumatlandırılmasının əhəmiyyətinə toxunur.
O, Avropa ölkələrində məktəblərdə bu mövzuların daha açıq müzakirə edildiyini düşünür:
“Avropada, məsələn, məktəblərdə bu mövzuları açıq-aydın izah edirlər. İnsanlara başa salırlar ki, belə insanlar da var. Bəlkə ona görə daha rahat olardı”.
Ayan həmçinin qadınlar arasında eynicinsli romantik marağın düşünüldüyündən daha geniş yayıldığına inandığını deyir:
“Mən düşünürəm ki, bütün insanlar bu dünyaya biseksual olaraq doğulurlar. Amma hər kəs öz yolunu seçir. Həm də məncə, çox qadının başqa qadınlara marağı var. Çünki qadınlar gözəldirlər, estetik olaraq gözəldirlər”.
“Ay bacı, sən də qadınsan, mən də qadınam. Mən niyə səni saxlamalıyam?”
Münasibətlərin emosional tərəflərindən danışarkən Ayan tək qalmağın ona rahatlıq verdiyini bildirir. Onun sözlərinə görə, münasibətlərdə yaşadığı bəzi təcrübələr təkliyi daha cəlbedici edib:
“Bilirsən necə, mənim üçün tək qalmaq çox rahatdır. Başım sakitdir. Heç kim beynimi yemir. Bilirəm ki, heç bir qız məndən puluma görə istifadə etmir”.
Ayanın münasibətlərdə ən çox narazı qaldığı məsələlərdən biri maddi gözləntilərlə bağlıdır. O düşünür ki, bəzi qadınlar eynicinsli münasibətlərdə də heteroseksual münasibətlərdən gələn ənənəvi maddi rolları təkrarlayırlar:
“Bilirsən, adamı yandıran nədir? Bəzi qızlar oğlanlarla elə-belə danışırlar. Hətta elələri var ki, oğlanlara özlərini saxladırlar.
Amma bizə çatanda, bir qıza çatanda deyirlər ki, ‘Sən məni saxla da, sən ödə də, mənim pulum yoxdur’.
Ay bacı, sən də qadınsan, mən də qadınam. Mən niyə səni saxlamalıyam? Mən sənin dayınam ki, səni saxlayım?”
Ayan üçün münasibətlərdə maddi vəziyyətdən daha vacib olan qarşılıqlı hörmət və səmimiyyətdir:
“Bir insan sizə pulunuza görə hörmət edirsə, o münasibətin heç bir mənası yoxdur. Tüpürüm elə münasibətə!”
“Sizi olduğunuz kimi bəyənsin. Sadəcə siz varsınız deyə”
Müsahibənin sonunda Ayan özü kimi lezbiyan insanlara münasibətlərdə tələsməməyi və qarşı tərəfin onlara münasibətini diqqətlə qiymətləndirməyi tövsiyə edir.
O, insanların bir-birindən fərqli olduğunu, hər kəsin öz zövqü və münasibət gözləntiləri olduğunu qəbul etsə də, xüsusilə maddi maraqlar üzərində qurulan münasibətlərdən uzaq durmağı vacib sayır:
“Yenə də hər kəsin öz fikri, öz zövqü var. Hər kəs fərqlidir, bunu başa düşürəm. Hər kəsin fikrinə hörmət edirəm.
Bəziləri qızlara nə qədər pul xərcləyirlər. Özləri gedib əziyyətlə pul qazanırlar, qızlara pul xərcləyirlər. O qız da axırda gedib bir oğlanla ona xəyanət edir. Dəyməz axı buna”.
Ayan söhbəti münasibətlərdə qəbul olunmağın və insanın olduğu kimi sevilməsinin vacibliyini vurğulayaraq tamamlayır:
“Özünüzə elə bir insan tapın ki, sizi olduğunuz kimi bəyənsin. Pulunuza görə yox, nəyinizəsə görə yox. Sadəcə siz varsınız deyə sizi sevsin. Olduğunuz kimi”.