ABŞ-da hər dörd nəfərdən biri hazırkı dostlarından ən azı biri ilə ilk dəfə internetdə tanış olduğunu deyir. Bu, Pew Araşdırma Mərkəzinin Pew-Knight Təşəbbüsü çərçivəsində apardığı yeni təhlilin nəticəsidir. Belə dostluqların çoxu sonradan real həyatda da davam edir.
İnternetdə dost tapmaq ən çox gənclər arasında yayılıb: 30 yaşdan aşağı insanların 43%-i ən azı bir dostu ilə onlayn tanış olub. 30-40 yaşlılar arasında bu göstərici 30%-dir və yaş artdıqca göstərici azalır. Buna baxmayaraq, 65 yaşdan yuxarı insanların təxminən 10%-i dostlarını gənclər kimi internetdən tapdığını qeyd edir.
LGBTQ icmasının da bənzər göstəriciləri var. Belə ki, icmanın 45%-i ən azı bir dostu ilə internetdə tanış olub. LGBTQ olmayanlar arasında bu rəqəm 22%-dir. Yaş kimi amillər nəzərə alındıqda belə bu qəti fərq qalmağa davam edir.
Bununla belə, Amerikalıların əksəriyyəti bütün dostlarını internetin köməyi olmadan tanıyıb.
Onlayn dostluqlar çox vaxt üz-üzə görüşlərlə davam edir. İnternetdə dost tapanların 85%-i onlardan ən azı biri ilə real həyatda görüşüb. Bu göstərici bütün yaş qruplarında 80%-dən yuxarıdır.
Bu cür münasibətlərə baxış isə insanın öz təcrübəsindən asılıdır. Amerikalıların təxminən yarısı onlayn qurulan münasibətlərin dəyərinə şübhə ilə yanaşır. Lakin ən azı bir onlayn dostu olanların 62%-i bu münasibətlərin real həyatdakılar qədər dəyərli ola biləcəyini düşünür. Bütün dostları ilə oflayn tanış olanlar arasında isə bu fikirdə olanlar cəmi 25%-dir.

Azərbaycanda vəziyyət
Pew-in araşdırması yalnız ABŞ-ı əhatə edir, Azərbaycan üzrə isə oxşar statistika yoxdur. Lakin burada da internet kvir insanların bir-birini tapdığı əsas məkanlardan biridir. Kvir insanlar üçün yaradılmış Discord serverləri və Instagram qrup çatları çoxları üçün yeni dostluqların başladığı yerə çevrilib. Bu tanışlıqlar çox vaxt real həyatda da davam edir.
Ölkədəki hüquqi mühit fonunda bu, xüsusilə anlaşılandır. ILGA-Europe-un 2026-cı il “Göy qurşağı xəritəsi”ndə (Rainbow Map) Azərbaycan 49 Avropa ölkəsi arasında 48-ci yerdədir və Rusiya kimi cəmi 2% bal toplayıb. Açıq məkanlarda tanış olmağın çətin olduğu yerdə onlayn platformalar nisbətən təhlükəsiz ünsiyyət və dəstək imkanı yaradır.
Mənbələr:
Pew Araşdırma Mərkəzi (Pew-Knight Təşəbbüsü);
ILGA-Europe, Rainbow Map 2026 – rainbowmap.ilga-europe.org/countries/azerbaijan