Rusiyanın FSİN-ə bağlı Vladimir Hüquq İnstitutunun dosentləri LGBTİ+ların tatuları əsasında identifikasiya olunması mövzusunda elmi məqalə dərc ediblər. Araşdırmanı regional “Dovod” kanalı üzə çıxarıb.
Məqalənin müəllifləri Anna Zvonova və Nikolay Moiseyev qeyd edirlər ki, “LGBTİ təsvirləri”nin qadağan edilmiş siyahısı mövcud deyil və belə bir reyestr hazırlamaq da mümkün deyil. Onların fikrincə, bir şəxsin LGBTİ+ olması haqqında dəqiq siqnal verən sabit tatu siyahısı yoxdur.
Dosentlər yazırlar:
“Hər hansı cinsi azlığa aidiyyəti dəqiqliklə göstərən tipik təsvirlər yoxdur, lakin buna baxmayaraq, bəzi eskizlərin xüsusi gizli mənası mövcuddur.”
Araşdırmada LGBTİ+ ilə əlaqələndirilən simvollar belə sadalanır:
Yunan əlifbasının lambda (λ) hərfi.
Tərs üçbucaq: gey kişilərdə çəhrayı, lezbiyanlarda qara; adətən boyunda və qulaq arxasında yerləşdirilir.
Üç və ya altı üçbucaqdan ibarət, “qürur” rənglərinə boyanmış kompozisiyalar.
“LGBTİ rəngarəngliyi”nin müxtəlif formalı təsvirləri.
Qədim yunan labris baltası.
LGBTİ bayrağının rənglərində nöqtələrlə işlənmiş işarələr.
Rəngli zolaqlar, fiqurlar, “Venera güzgüsü” və “Mars qalxanı” kimi işarələrin müxtəlif kombinasiyaları (bu simvolların birləşməsi müəlliflərə görə translıqla əlaqələndirilir) və s.
Bundan əlavə, Zvonova və Moiseyev cəzaçəkmə müəssisələrində məhbuslara guya “məcburi tətbiq olunan” tətuları da sadalayırlar. Məqalədə bu ifadələr yer alır:
Tikanlı məftillə sarılmış gül: qadın məhbusun bud nahiyəsinə vurulduqda bunu “lezbiyan meyli” ilə əlaqələndirirlər.
Musiqi alətləri: guya hər alət “müəyyən qeyri-ənənəvi cinsi meyli” simvolizə edir. Məsələn, violin və yay birlikdə “oral passiv homoseksuallıq” kimi şərh olunur.
Gluteal nahiyəyə vurulan müxtəlif tatu nümunələri: müəlliflər bunu “passiv homoseksuallığın göstəricisi” kimi təqdim edirlər. Buraya qapı tutacaqları, bel (torpaq qazmaq üçün istifadə olunan alət) təsvirləri, darvaza, şeytan fiqurları və digər şəkillər daxil edilir.
Müəlliflər daha sonra Balandayev adlı mənbəyə istinad edərək əlavə simvollar da sadalayırlar:
- qaban və donuz təsvirləri,
- ilanla sarılan çılpaq qadın təsvirləri,
- əl sıxma işarəsi və arada çiçək,
- dörd kart nişanı olan tac,
- qanadlı təkər,
- alnın ortasında üç nöqtə və s.
Zvonova və Moiseyevin iddiasına görə, Rusiya Ali Məhkəməsinin “ekstremist” qərarından sonra bu cür tatular “yeni kontekst qazanır” və “potensial kriminal status ala bilər”.