Vyetnamlı kuir müğənni Duc Phuc Rusiyanın Eurovision alternativi “Intervision”da qalib gəldi

Vyetnamlı kuir müğənni Duc Phuc Rusiyanın Eurovision alternativi “Intervision”da qalib gəldi

23 ölkənin iştirak etdiyi yarışmada qalib gələn kuir sənətçi “PHÙ ĐỔNG THIÊN VƯƠNG” mahnısı ilə Moskva səhnəsində çıxış etdi.

More Than Love’ adlı kuir himni ilə tanınan vyetnamlı müğənni Duc Phuc Rusiyanın Eurovision alternativi ‘Intervision’da birinci oldu.

Phuc 21 sentyabr bazar günü keçirilən müsabiqədə “PHÙ ĐỔNG THIÊN VƯƠNG” mahnısı ilə çıxış edərək qalib seçildi. Yarışmada Çin, Braziliya da daxil olmaqla 23 ölkə iştirak edib.

Qələbədən sonra CNN-ə danışan ifaçı deyib: “Çox şokdayam, çox sağ olun… Belə genişmiqyaslı yarışmada qalib olacağımı ağlıma belə gətirməzdim. Burada bu qədər fanat qazanmağım da mənim üçün sürpriz oldu. Bütün tamaşaçılara minnətdaram.”

“Intervision” ilk dəfə Sovet dönəmində Eurovision-a alternativ olaraq yaradılmışdı. Yarışma Rusiyanın Ukraynaya hücumundan sonra Eurovision-dan kənarlaşdırılmasından üç il sonra prezident Vladimir Putin tərəfindən bərpa olunub.

CNN-in məlumatına görə, Putin tədbirdə videomüraciətlə çıxış edərək bildirib: “Əminəm ki, bu yarışma dünyada ən tanınan və sevilənlərdən biri olacaq. Çünki mədəniyyətlərarası dialoq, qarşılıqlı hörmət və etimadın gücləndirilməsi bizi mənəvi cəhətdən zənginləşdirir.”

Müsabiqənin qaydalarına görə, “Intervision” “fərqli xalqların universal, mənəvi, ailəvi, mədəni, etik və dini ənənələrinin təşviqinə” xidmət etməlidir. Bu cür ritorika Rusiyanın LGBTQ+ hüquqlarını məhdudlaşdıran mövcud siyasətini xatırladır.. 2013-cü ildə qəbul edilən “Uşaqları ənənəvi ailə dəyərlərinin inkarı təbliğatından qorumaq” haqqında qanun hər hansı qeyri-heteronormativ davranış və münasibətlərin ictimai nümayişini qadağan etmişdi. Sonrakı illərdə bu qanun daha da sərtləşdirilib.

Bununla belə, Rusiya mədəniyyət naziri Olqa Lyubimova müsabiqənin siyasi olmadığını, “istedadlı insanlara” həsr edildiyini söyləyib. Xarici işlər naziri Sergey Lavrov da oxşar açıqlama verib.

“Intervision 2026” Səudiyyə Ərəbistanında keçiriləcək. Eyni zamanda, “Eurovision 2026” Avstriyanın paytaxtı Vyanada baş tutacaq. Lakin bir sıra ölkələr İsrailin iştirakına icazə veriləcəyi təqdirdə yarışmadan çəkiləcəklərini bəyan ediblər.