Trans aktivist və jurnalist Aleks Şah sosial şəbəkədə açıqlama yayaraq, Kişinyov Hava Limanında polis əməkdaşları tərəfindən transfobik münasibətə, təhqir və qeyri-qanuni saxlanmaya məruz qaldığını bildirib.
Onun sözlərinə görə, pasport nəzarəti əməkdaşları adını və görünüşünü ələ salaraq rus dilində təhqiramiz ifadələr işlədib, təsadüfi adlarla çağırıb və qəsdən yanlış otaqlara yönləndiriblər. Təxminən 10 polis əməkdaşı açıq şəkildə ona gülüb və istehza edib.
Şah qeyd edir ki, polis əməkdaşları onu təxminən iki saat ərzində qanunsuz saxlayıb və pasportunu əlindən alıblar. O, Hava Limanının polis rəisinin otağına aparılaraq, şəxsi həyatı, jurnalistik fəaliyyəti və siyasi mövqeyi ilə bağlı sorğu-suala tutulduğunu bildirib.
Polislərin sözlərinə görə, saxlanmanın səbəbi pasportdakı adla görünüş arasındakı “uyğunsuzluq”, eləcə də onun gənc yaşda jurnalist və aktivist kimi fəaliyyəti olub. Aleks Şah isə bu davranışı açıq transfobik və diskriminativ münasibət adlandırıb.
O, hadisə ilə bağlı yerli hüquq müdafiəçilərinə və aktivistlərə müraciət edərək, hüquqi addımlar atmaq üçün dəstək axtardığını bildirib.