Kazino sərbəst, marixuana və LGBTQ+ haram: Mənəviyyat kimə görədir?

Kazino sərbəst, marixuana və LGBTQ+ haram: Mənəviyyat kimə görədir?

Gürcüstan marixuana məsələsini rahat müzakirə edir, bizdə isə hələ də reaksiyalar panik içində verilir— Elman Nəsirov marixuananı “mənəvi məsələ” adlandırarkən, “başqa dırnaqarası ənənələr” ifadəsi ilə LGBTQ+ haqlarına açıq şəkildə eyham vurur və homofobik mövqeyini gizlətmədən ifadə edir.

Gununsesi.info-ya açıqlamasında deputat Elman Nəsirov bildirib ki, “marixuana bizim üçün mənəvi məsələdir” və ardınca isə əlavə edib: “Məsələn, Hollandiya kimi ölkələrdə bu cür məsələlər var, ancaq oxucularımız yaxşı bilir ki, orada başqa dırnaqarası ənənələr də var. Bu, ümumiyyətlə, heç müzakirə predmeti də deyil bizdə”

Buradakı “başqa dırnaqarası ənənələr” ifadəsi çox aydın şəkildə LGBTQ+ haqlarına işarədir. Bu, Azərbaycanda artıq adət halı almış bir ritorikadır: şəxsi seçim və fərdi azadlıqla bağlı hər hansı məsələ gündəmə gələn kimi dərhal “mənəviyyat”la maskalanan ideoloji baryerlər işə salınır, arxa fonda isə LGBTQ+ mövzusu təhlükəli “Qərb meyli” kimi təqdim olunur.

Təkcə Elman Nəsirovla bitmir. İllərdir bir çox deputat oxşar ifadələrlə çıxış edib. “Cinsi azlıqlar bizim üçün bəladır”, “buna dözmək olmaz”, “inanmıram ki, belə biri Milli Məclisə düşə bilsin” kimi açıqlamalar Azərbaycanın hüquqi və siyasi müstəvisində insan haqlarının hansı çərçivədə təsəvvür edildiyini ortaya qoyur. Kazinonu “elit turizm” sayaraq normallaşdırıb, LGBTQ+ haqları və marixuana istifadəsini mənəvi təhlükə elan etmək, mənəviyyat anlayışının məqsədli şəkildə istifadə edildiyini göstərir.

Bu ikili yanaşma bir daha göstərir ki, “mənəviyyat” deyilən anlayış universal prinsiplərə deyil, siyasi maraqlara uyğun olaraq işə salınır. Nəyi təşviq etmək, nəyi qadağan etmək lazım gəlirsə, “ənənələr”, “əxlaq” və ya “milli dəyərlər” həmin məqsədə uyğun formada səhnəyə gətirilir. Bu ritorika təkcə LGBTQ+ haqlarını və fərdi azadlıqları hədəfə almır, həm də cəmiyyətə açıq mesaj verir: azadlıq, seçim və ləyaqət yalnız sistemin sərf etdiyi çərçivədə qəbul ediləndir. Onun xaricindəsə – ya susdurulur, ya da “dəyərlər” adı ilə damğalanır.