Hindistanın Andhra Pradeş əyalətinin Ali Məhkəməsi mühüm bir qərarla bəyan edib ki, trans qadınlar hüquqi baxımdan qadın kimi tanınmaq hüququna malikdirlər.
Bu qərar, qadın olmanın yalnız doğum qabiliyyəti ilə məhdudlaşdırıla bilməyəcəyi iddialarını rədd edərək verilib. Məhkəmə hakimi Venkata Cyoṯirmai Pratapa qadın anlayışını yalnız hamiləliklə əlaqələndirməyin hüquqi cəhətdən əsassız olduğunu və Hindistan Konstitusiyasına — xüsusilə qanun qarşısında bərabərlik prinsipinə — zidd olduğunu bildirib.
Hakim həmçinin 2014-cü ildə Ali Məhkəmənin “üçüncü cins” olaraq tanınan şəxslərin hüquqlarını qəbul etdiyi qərarına istinad edib və trans qadınların qadın olaraq tanınma hüququnun inkar edilməsinin ayrı-seçkilik təşkil etdiyini vurğulayıb.
Bu iş 2022-ci ildə, trans qadın Pokala Şabananın Hindistan Cinayət Məcəlləsinin 498A maddəsi əsasında həyat yoldaşının ailəsindən qorunmaq üçün hüquqi müdafiə istəməsindən sonra məhkəməyə çıxarılıb. Şabana iddia edib ki, həyat yoldaşının valideynləri ona qarşı zorakılıq törədiblər.

Lakin əri və onun ailəsi məhkəməyə müraciət edərək bu maddənin yalnız sisgender (bioloji qadın doğulan və qadın olaraq sosiallaşdırılan) qadınlara aid olduğunu irəli sürüb və Şabananın hüquqi baxımdan “qadın” kimi tanınmayacağını iddia ediblər. Onlar həmçinin Şabananın zorakılıq iddialarının sübut olunmadığını qeyd ediblər.
Buna baxmayaraq, hakim Konstitusiyanın 14-cü, 15-ci və 21-ci maddələrinə — yəni bərabərlik, ayrı-seçkiliyə yol verilməməsi, şəxsi azadlıq və yaşamaq hüququna — istinad edərək bildirib ki, trans qadınların qadın kimi tanınmaq hüququ qanun qarşısında üstünlük təşkil edir.
Hakim qərarında qeyd edib:
“Kişi cinsində doğulub sonradan qadına keçid edən trans qadın, hüquqi baxımdan qadın kimi tanınma hüququna malikdir. Bu hüququ inkar etmək və onun qadınlığını sual altına almaq ayrı-seçkilik sayılır.”
Trans fəal və rəssam Kalki Subramaniam bu qərarın ardınca Washington Blade qəzetinə danışaraq məhkəmənin “bizim necə tanınmaq istəyiriksə, o şəkildə tanınma haqqımızı qoruduğunu” söyləyib və əlavə edib:
“Xüsusilə trans qadınlar üçün bu qərar çox böyük əhəmiyyət daşıyır.”
Bu qərar Hindistan hökumətinin LGBTQ+ hüquqları sahəsində qanun və siyasətlərini müasirləşdirməsi üçün artan təzyiqlərin fonunda verilib. Ölkədə eyni cinsli nikah hələ də qanunsuzdur, baxmayaraq ki, onun leqallaşdırılması üçün ictimai dəstək durmadan artır.
Baş nazir Narendra Modinin rəhbərlik etdiyi hökumət eyni cinsli nikahı daha öncə “elitar baxış bucağı” adlandıraraq, bunun “bütün vətəndaşların maraqlarına ciddi şəkildə zərər vurduğunu” iddia etmişdi.
Hökumətin 2023-cü ildə təqdim etdiyi rəsmi sənəddə bildirilib ki, nikah yalnız “bioloji kişi və qadınlar” arasında ola bilər və bu tərif “nikah anlayışına sosial, mədəni və hüquqi baxımdan dərindən hopmuşdur və məhkəmə tərəfindən dəyişdirilməməlidir.”