Gürcüstanda trans media şəxsiyyəti və model Kesaria Abramidzenin qətlində təqsirli bilinən Jaiani ömürlük həbsə məhkum edilib
Çərşənbə günü, Tbilisi Şəhər Məhkəməsi 26 yaşlı Beka Jaianini – Kesaria Abramidzenin keçmiş partnyorunu – bütün ittihamlar üzrə təqsirli bilərək ömürlük həbs cəzasına məhkum edib. İttihamlar sırasında xüsusi qəddarlıqla adamöldürmə, genderə əsaslanan zorakılıq və gender kimliyinə qarşı dözümsüzlük səbəbilə mütəmadi fiziki zorakılıq da yer alır.
Jaiani 2023-cü ilin dekabrında qətli etiraf etmiş, lakin hadisəni gender əsaslı motivasiya ilə törətdiyini inkar etmişdi.
Məhkəmə prosesində Jaiani yekun bəyanatla çıxış etməyib. Məlumata görə, o, psixo-emosional vəziyyəti səbəbilə məhkəməyə gəlməkdən imtina edib və bu barədə məktub göndərib.
Təqsirləndirilən şəxsin vəkili Giorgi Mdinaradze hökmün apellyasiya qaydasında şikayət ediləcəyini bildirib.
Kesaria Abramidzenin cəsədi 18 sentyabr 2024-cü ildə Tbilisidəki mənzilində tapılıb. Prokurorluğun məlumatına əsasən, Jaiani onu bıçaqla 28 dəfə vurub. Hadisədən bir gün sonra o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Qurbanın yaxınlarının paylaşdığı şəxsi yazışmalara görə, Jaiani münasibətlərini ictimailəşdirməkdən imtina etsə də, eyni zamanda ayrılığı qəbul etmək istəməyib.
Kesaria Abramidze Gürcüstanın kuir icmasının ən tanınmış və açıq sözlü simalarından biri idi. Onun faciəvi ölümü ölkədə dərin kədər və ictimai qəzəbə səbəb olub. Yerli aktivistlər və müşahidəçilər bu cinayəti hakim “Gürcü Arzusu” partiyasının son dövrlərdəki transfobik ritorikası və hüquqi təşəbbüsləri ilə əlaqələndirirlər.
Qətl hadisəsi partiyanın trans şəxslərə tibbi hormonal terapiyanı və hüquqi gender tanınmasını qadağan edən, həmçinin LGBTQ+ hüquqlarının müdafiəsini faktiki olaraq yasaqlayan qanun layihəsini yekdilliklə qəbul etməsindən cəmi bir gün sonra baş verib.