Onlar Əylənir-ə daxil olan məlumata əsasən, Bakının mərkəzi, “Tarqovı” adlanan ərazilərdə son günlərdə mülki geyimli şəxslər polis vəsiqələrini təqdim edərək əsasən gənclərə yaxınlaşır, onların telefonlarını tələb edib şəxsi məlumatlarını yoxlayırlar. Şahidlərin sözlərinə görə, bu şəxslər mobil cihazlarda qalereya, şəxsi mesajlar və sosial media tətbiqlərini nəzarətdən keçirirlər.
Əldə etdiyimiz bilgilər göstərir ki, bu ilk belə hadisə deyil. Son aylarda da eyni yanaşma ilə – mülki geyim, təqdim olunan vəsiqə və gəncləri çaşdıraraq telefon yoxlamaları ilə polisin oxşar taktikaları müşahidə olunub. Vətəndaşlar bu hallarda hüquqlarını bilmədikləri üçün çox zaman müqavimət göstərmədən razılaşırlar.
Bu cür davranışlar qanunla qadağandır və şəxsi toxunulmazlığa ziddir.
Bu hallar hansı hallarda qanunsuz sayılır?
Polis yalnız məhkəmə qərarı və ya açıq, əsaslı şübhə əsasında şəxsi əşyaları – xüsusilə də mobil telefonları – yoxlaya bilər.
Şəxsi məlumatların müdafiəsi Konstitusiyanın 32-ci maddəsi ilə təmin olunur.
Protokol olmadan sadəcə vəsiqə təqdim etməklə mobil cihazın yoxlanılması hüquqi əsas daşımır.
Nə etməli?
Vəsiqədəki ad və soyadı yadda saxla: Bu məlumatı 102-yə bildirərək rəsmi şəkildə şikayət edə bilərsən.
Telefonunu vermək məcburiyyətində deyilsən: Açıq şəkildə bildir ki, bu tələbin hüquqi əsası olmalıdır.
Sakit və əmin ol: Emosional reaksiyalardan qaç, hüquqlarını səbir və dəqiqliklə ifadə et.
Hadisəni sənədləşdir: İmkan varsa, video və ya səs qeydi apar, ya da hadisənin şahidlərini qeyd et.
102-yə zəng et: Təqdim olunan şəxsə dair məlumatı bildir və davranışın hüquqi əsasını sorğu et.
Bu yeni deyil: sistematik ovun davamı
Bu hadisə son aylarda müşahidə olunan və LGBTQİ+ icmasına qarşı həyata keçirilən daha genişmiqyaslı təqiblərin davamıdır. Minority Azərbaycan-a danışan icma üzvləri bildiriblər ki, polis daha əvvəl də fırıldaq yollarla kuir şəxslərin ünvanlarını müəyyən etməyə çalışıb.
Polis əməkdaşları LGBTQİ+lara zəng vuraraq özlərini “Umico” və ya digər tanınmış firmaların əməkdaşları kimi təqdim edir, “sizə karqo gəlib” və ya “siz hədiyyə qazanmısınız” kimi yalanlarla ünvan məlumatlarını əldə edirlər. Daha sonra isə həmin şəxslərin ünvanlarına gedilərək, onları zorla polis bölməsinə aparır və böyük məbləğlərdə rüşvət tələb edirlər.
Bundan başqa, sosial şəbəkələr, xüsusilə Instagram və tanışlıq tətbiqləri vasitəsilə görüşlər təşkil olunaraq hədəf şəxs müəyyən edilir. Birbaşa zənglə polisə dəvət etmə hallarının da davam etdiyi qeyd olunur.
Minority Azərbaycan-a verilən məlumata görə, bu fırıldaq zənglərə ən azı 15 nəfər məruz qalıb – onların arasında kuir olmayan şəxslər də var. Bəzi gənclər təhlükəni hiss edərək nömrələrini dəyişdiriblər və fiziki ünvanlarını gizlədiblər.
Gənc olmağın hüquqsuz olmaq demək deyil.
Polis səlahiyyətindən sui-istifadə halları qarşısında susmaq razılaşmaq deməkdir. Şəxsi məxfiliyini və hüququnu qorumaq cəmiyyətin bütöv təhlükəsizliyinə töhfə verməkdir.