Müəllif: İlknur Mammad
Bu məqalədə Reddit platformasında azərbaycanlı kuir istifadəçilərin paylaşdığı təcrübələrə nəzər salacağıq. Reddit digər bir çox sosial platformalarla müqayisədə daha çox anonimlik imkanı verdiyi üçün insanların başqa platformalarda paylaşmağa çəkindiyi mövzular haqqında daha rahat danışdığı məkanlardan birinə çevrilib. Məqalənin məqsədi Redditi etibarlı məlumat mənbəyi kimi təqdim etmək deyil. Məqsəd platformada paylaşılan şəxsi təcrübələr üzərindən kuir insanlar haqqında formalaşan təsəvvürlərlə yanlış məlumat və dezinformasiya arasındakı əlaqəni göstərməkdir.
Redditdə hesab açmaq üçün yalnız e-poçt ünvanına ehtiyac var. İstifadəçi müəyyən bir mövzu haqqında yazmaq üçün hesab açıb daha sonra hesabını bağlaya bilər. Anonimlik haqqında danışmağın çətin olduğu mövzuları müzakirə etmək imkanı verir və insanlar həssas subredditlərdə məlumat və dəstək axtararkən müvəqqəti hesablardan istifadə edə bilirlər. Təəssüf ki, Azərbaycana aid subredditlərdə istifadəçi sayı o qədər də yüksək deyil və aktiv subredditlərin sayı məhduddur. Ölkədə Reddit kütləvi platforma deyil. Bununla belə, gənc istifadəçilər platformaya üz tutur. Araşdırılan paylaşımlarda şəhər mühitində yaşayan, ingilis dilini bilən, nisbətən gənc istifadəçilərin və diasporada yaşayan azərbaycanlıların paylaşımlarına daha tez-tez rast gəlinir. Bu isə Redditi sosioloji mənada təmsilçi olmayan, lakin başqa platformalarda nadir rast gəlinən ünsiyyət imkanları yaradan bir məkana çevirir: burada eyni mövzuda həm Bakıdan, həm Mingəçevirdən, həm də ölkəni tərk etmiş insanlar eyni anda danışır və bir-birini eşidir.
Reddit təcrübələri
Aşağıdakı təhlil Azərbaycana aid üç aktiv subreddit — r/azerbaijan, r/aze_geeks və r/Azerbaijan_Jerky — üzərində aparılıb. Sitatlar iyirmiyə yaxın mövzu və şərh silsiləsindən götürülüb (2019–2026). İstifadəçi adları anonimləşdirilib.
Başlanğıc nöqtələrindən biri r/azerbaijan-da keçirilmiş sorğudur. Sual belədir: “LGBTQI+ haqqında fikriniz nədir? (yalnız azərbaycanlılar cavab versin)”. 672 səs toplanıb. Sıxışdırıldıqları üçün dəstəkləyirəm — 127; hörmətə layiqdirlər, amma mənim problemim deyil — 143; xəstəlikdir, müalicə olunmalıdırlar — 48; mədəniyyətimizə aid deyillər, dövlət nəzarətdə saxlamalıdır — 46.
Beşinci variant sadəcə “Nəticələr” idi və 308 nəfər bu variantı seçib. Bu, respondentlərin böyük hissəsinin təqdim olunan mövqelərdən heç birini seçmədiyini göstərir. Lakin yalnız sorğunun nəticələrinə əsasən insanların bu variantı niyə seçdiyini — mövqe bildirməkdən çəkindikləri, tərəddüd etdikləri, yoxsa sadəcə nəticələri görmək istədikləri üçün seçdiklərini — müəyyən etmək mümkün deyil.

Redditdə paylaşılmış şəxsi təcrübələrdə isə bir neçə mövzu təkrar-təkrar ortaya çıxır. 36 səs toplayan bir şərh bunu aydın ifadə edir: “Ölüm cəzası ilə üzləşmək qədər ekstremal deyil, amma gözəl də deyil. Buradakı insanlar çox dindar olmasalar da, kifayət qədər ənənəvidirlər. Lezbiyan və ya biseksualsansa, bunu bir növ gizli saxlaya bilərsən, amma bu ölkədə açıq gey olmaq həqiqətən çətindir. Trans insanlar üçün isə bu — CƏHƏNNƏMDİR.” Həmin şərhin altında biseksual bir qadın əlavə edir: “Açıq deyiləm, çünki ailəm məni ağıl xəstəsi kimi damğalayardı.”

Şərhlərdə diqqət çəkən başqa bir təcrübə isə tənhalıqdır. Eyni mövzuda paylaşılmış, cəmi iki səs almış bir şərh var: “Pis. Mən başqa lezbiyan tanımıram. Belə mövcud olmaq qəribə hissdir.” Şərh mövzu açılandan iki il sonra yazılıb; ona cavab isə doqquz ay sonra gəlib və iki sözdən ibarətdir: “Eyni vəziyyət.”
Tənhalıq və icmadan təcrid olunma praktik məlumat çatışmazlığını da dərinləşdirə bilər. Ən çox müzakirə olunan mövzulardan biri isə cəmi üç ay əvvəl paylaşılıb: 21 yaşlı gey kişi hərbi xidmətə çağırıldığını yazır, psixiatrlara seksual oriyentasiyasını açıqlasa nə baş verəcəyini soruşur və əlavə edir: “Bu proses haqqında əlavə məlumatım yoxdur. Ona görə çox narahatam.” Prosedur haqqında kifayət qədər məlumatı olmadığını deyən gənc təhlükəsizliyi ilə bağlı qərar vermək üçün digər istifadəçilərin cavablarına üz tutur.
Həmin mövzudakı 33 şərh arasında yanlış məlumatın necə yayıla bildiyini göstərən aydın bir nümunə də var. 26 səs toplayan cavabda bir istifadəçi özü də məlumatdan əmin olmadığını bildirərək yazır: “Növbəti məqamdan əmin deyiləm, amma eşitmişəm ki, hökumət ölkədən kənara hərəkəti də məhdudlaşdırır. Yəni qanuni yolla Azərbaycandan çıxa bilməyəcəksən.”
Bir neçə şərh sonra sualı verən gənc artıq bu ehtimalı öz qərarında nəzərə almağa başlayır: “Yeganə problem yəqin ki, əgər doğrudursa, ölkədən çıxışın məhdudlaşdırılmasıdır.”
Başqa bir istifadəçi isə bu iddiaya etiraz edərək psixiatrik diaqnozun iş tapmağı avtomatik olaraq qadağan etmədiyini yazır, “ağ bilet” kateqoriyalarını sadalayır və sərhəddə hansı sənədlərin tələb olunduğunu izah edir. Bu şərh cəmi 2 səs, əvvəlki iddia isə 26 səs toplayıb.
Bu nümunə Redditdə daha çox səs toplamağın məlumatın daha doğru olması demək olmadığını göstərir. Əminliklə səslənən və ya narahatlıq yaradan bir iddia daha ətraflı və əsaslandırılmış görünən cavabdan daha çox diqqət qazana bilər.


Məlumat boşluğu yarandıqda onun yerini çox vaxt əsassız iddialar və şəxsi qənaətlər tutur. Şərhlər arasında buna nümunə ola biləcək paylaşımlardan birində müəllif Azərbaycanda on iki il yaşadığını bildirərək yazır: “Burada LGBTQ insanlar normal həyat yaşayır… bu insanlara qarşı reyd-filan yoxdur.”
Şərh 2021-ci ildə, yəni 2017-ci ildə Bakıda LGBTQ+ şəxslərə qarşı keçirilmiş kütləvi saxlamalardan dörd il sonra yazılıb. Human Rights Watch-un məlumatına görə, həmin hadisələr zamanı 83 nəfər saxlanılmışdı. {1} Təşkilat saxlanılan şəxslərin döyülmə və elektrik cərəyanı ilə işgəncə də daxil olmaqla zorakı və alçaldıcı rəftara məruz qaldığını, bəzi trans qadınların isə saçlarının zorla qırxıldığını bildirmişdi.
Bu şərh fərdi təcrübənin daha geniş reallığı hər zaman əks etdirmədiyini göstərən nümunələrdən biridir. Müəllif öz müşahidəsinə əsaslanaraq LGBTQ+ insanların “normal həyat yaşadığını” və onlara qarşı reydlərin olmadığını deyir, lakin sənədləşdirilmiş hadisələr bunun daha mürəkkəb mənzərə olduğunu göstərir. Şərhə verilən cavablardan birində də bu ziddiyyətə diqqət çəkilir: “Onlar normal iş tapmaqda daha çox çətinlik çəkirlər. Deməli, sistemli diskriminasiya problemi var.”
Şərhlərin bəziləri isə nəzərəçarpacaq dərəcədə kobuddur. “Ölkədə 500 dənə trans varsa 600’ü pula çıxır.” Azərbaycan reallıqlarını nəzərə almadan bir qrup insanı kimliyinə görə hədəfə çevirən bu şərhin ardınca başqa bir istifadəçi ABŞ-də böyüdüyünü yazaraq məktəblərdə guya “transgender kurikulumu” tətbiq olunduğunu iddia edir. Bu iddia Center for Countering Digital Hate-in sənədləşdirdiyi anti-LGBTQ+ dezinformasiya narrativləri ilə səsləşir.{2}
Şərhlərdə tez-tez rast gəlinən arqumentlərdən biri də budur: “Əşi güyə hər şey yolundaymış kimi oturub idi başqa mövzuda müzakirə aparırıq.Ölkə göt günündədi, işsizlik və kasıblıq baş alıb gedir. Nə təhsilli düz deyil nə hakimiyyəti nə ədaləti. Sırf özləri təpədə qalsın deyə illərdi bir pox gətirib salırlar. Gündəmə temanı dəyişirlər.” Bu tip şərhlərdə kuir insanların üzləşdiyi problemlərin ayrıca müzakirə olunması ölkədəki işsizlik, yoxsulluq, təhsil və siyasi problemlərlə qarşılaşdırılaraq əhəmiyyətsizləşdirilir. Şərh müəllifi kuir mövzularının ictimai diqqəti digər problemlərdən yayındırmaq üçün gündəmə gətirildiyini də iddia edir.

Təkrarlanan iddialardan biri də “onlar bizim mədəniyyətimizə aid deyil” mifidir və ona verilən reaksiyaların əhəmiyyətli hissəsi mənfi xarakter daşıyır. Bir istifadəçi ardıcıl olaraq Azərbaycan tarixində kuirliklə əlaqələndirilən simvolları və fiqurları araşdıraraq Koroğlu dastanının Paris nüsxəsindəki Eyvaz obrazı, Füzulinin qəzəlləri, I Şah Abbasın sarayı və II Şah İsmayıl haqqında mənbələrə əsaslanan paylaşımlar edir.
Reaksiyalar arasında aqressiv və istehzalı münasibət də nəzərə çarpır: paylaşımlardan birinin altında ardıcıl beş şərh “[deleted]” kimi görünür, bir neçə şərh isə moderator tərəfindən silinib. Moderator tərəfindən silinən şərhlərdə standart olaraq “nəzakətsiz olduğu və ya şəxsi hücum, seksizm, irqçilik, yaxud homofobiya ehtiva etdiyi üçün” bildirişi görünür.
Qalan etirazların bir hissəsi isə mənbələrin etibarlılığına yönəlir: “Digər heç bir nüsxədə olmayan bir şeyi təkcə Paris nüsxəsinə görə həqiqət qəbul etmək adekvatlıqdan uzaqdır.” Bundan əlavə, paylaşım müəllifi davamlı olaraq məsxərəyə qoyulur. “Bu paylaşımı edən azərbaycanlı deyil, çünki heç bir azərbaycanlı bunu etməz.” Bu şərh isə -1 səs alıb.
Bir istifadəçi tarix postlarını “provokasiya” adlandırır, ona isə uzun və sakit tonda cavab verilir. Cavabın əsas fikri bu cümlədə ifadə olunur: “Sabah, mən yüz faiz inanıram ki, biri burada Koroğlunun bir qızla olan münasibətindən danışsaydı, kimsə burada ‘provokasiya edirsən’ deməzdi.”

Reaksiyalarda bir neçə təkrarlanan yanaşma görünür. Bunlara quru fakt düzəlişləri, mənbə tənqidi, yorğunluq (“Ay qardaş bu neçəncidiye bəstidə”), simpatiya bildirən istifadəçilərdən gələn ton nəzarəti (“bu ‘faktı’ təqdim etmə üsulun ilə queer movementinə xeyir yox zərər vermiş olursan”) və nadir hallarda fikir dəyişməsi daxildir.
Bu mühit son illərdə kuir istifadəçilərin ayrıca icma məkanları yaratmasına da zəmin yaradıb. r/azerbaijan-da 2024-cü ildə açılmış bir mövzunun müəllifi vəziyyəti belə təsvir edir: “Universitet tələbəsi kimi ətrafımdakı insanlar zorakı və nifrətli deyillər. Ucadan ‘vecimə deyil’ deyirlər, amma çoxu gey və trans insanları ələ salır və alçaldır. Hətta bu sab (yəni subreddit) da yuxarıda təsvir etdiyim insanlara oxşamağa başlayıb.”
Eyni hissi başqa bir istifadəçi hüquqi yardım axtararkən ifadə edir. Hüquqşünas tövsiyəsi istəyən bir gey kişi postuna belə başlayır: “Bilirəm ki, bu forum həmişə dostcasına deyil, amma ən böyük Azərbaycan icması bu subredditdədir.” Bunun fonunda kuir redditorlar üçün ayrıca icma məkanı da formalaşıb. r/lgbtAze subredditi Azərbaycandakı kuir icmanın mühakimə olunmadan paylaşım etməsi üçün yaradılıb. Aktivliyi yüksək olmasa da, belə bir ayrıca məkanın mövcudluğu kuir istifadəçilər arasında daha təhlükəsiz ünsiyyət mühitinə ehtiyac olduğunu işarə edir.
Toplanmış materialdan görünür ki, kuir insanlar haqqında yanlış təsəvvürlər yalnız məlumat çatışmazlığının nəticəsi deyil, eyni zamanda bu çatışmazlığı daha da dərinləşdirə bilər. Təhlükəsizlik riski insanları görünməz qalmağa məcbur edir; görünməzlik məlumat boşluğu yaradır; bu boşluğu əsassız iddialar və şayiələr doldurur; həmin iddialar isə kuir insanlara qarşı mövcud riskləri daha da gücləndirə bilir.
Redditdəki təcrübələr eyni zamanda media savadlılığının əhəmiyyətini göstərir. Bir paylaşımın çox səs toplaması və ya inandırıcı səslənməsi onun doğru olması demək deyil. Xüsusilə hüquq, səhiyyə və təhlükəsizlik kimi insanların real qərarlarına təsir edə biləcək mövzularda məlumatın mənbəyini yoxlamaq vacibdir.
Əsas: r/azerbaijan və r/aze_geeks sablarından iyirmiyə yaxın mövzu və şərh silsiləsi (2019–2026), ekran görüntüləri şəklində arxivləşdirilib. İstifadəçi adları anonimləşdirilib; ingilisdilli şərhlər tərcümə olunub, azərbaycandilli sitatlar orijinal orfoqrafiya ilə verilib.
{1} Human Rights Watch, “Azerbaijan: Anti-Gay Crackdown”, 3 oktyabr 2017. https://www.hrw.org/news/2017/10/03/azerbaijan-anti-gay-crackdown
Human Rights Watch, “Brutal Police Raid on LGBT-friendly Venue in Azerbaijan”, 14 yanvar 2026. https://www.hrw.org/news/2026/01/14/brutal-police-raid-on-lgbt-friendly-venue-in-azerbaijan
{2} Center for Countering Digital Hate, “A guide to anti-LGBTQ+ online hate and disinformation”. https://counterhate.com/blog/a-guide-to-anti-lgbtq-online-hate-and-disinformation/
{3} ILGA-Europe, Rainbow Map — Azerbaijan. https://rainbowmap.ilga-europe.org/countries/azerbaijan/