Barbi: Oyun və Reallıq Arasında

Barbi: Oyun və Reallıq Arasında

Barbi yarandığı 1959-cu ildən bu günə qədər sadəcə bir oyuncaq olmayıb, dünyada siması ən çox tanınan qadınlardan biridir. Qadın emansipasiyası, ailə münasibətləri, karyera uğurları, seksuallıq, uşaq tərbiyəsi, politkorrektlik, moda və başqa sahələrdə adı hallanan bu kukla ilə bağlı fikirlər heç vaxt birmənalı olmayıb.

Barbi milyonların arzusu olan məsum obraz, yoxsa uşaqları yoldan çıxaran şərdir?
Barbi gənc qızlara nümunədir, yoxsa konsumerçi kapitalizmin alətidir?

Fahişədən əmələ gələn Barbi

İlk Barbinin niyə belə qəribə göründüyünü izah etmək üçün Barbinin ən qorxunc sirlərindən birini açmalı olacağam – bu sirri istehsalçılar uzun müddət gizlədiblər, xeyli sonra aşkara çıxıb və böyük bir ittiham, parodiya, spekulyasiya və tədqiqat dalğasını başladıb. Məsələ burasındadır ki, bizim məsum, təmiz, paklığı uğrunda şirkətin inadla mübarizə apardığı qızcığazımız – fahişənin qızıdır. Onun proobrazı alman oyuncağı olan Lilli kuklasıdır (Bild Lilli). Lilli 1952-ci ildən bəri Bild Zeitung tabloidində dərc edilən məşhur post-müharibə komiksindəki eyniadlı personajın kukla versiyası olub. Lilli özünəməxsus xarakterli fahişə idi. O, həyasız, ədəbsiz, “yağlı kişilərdən” nəyin bahasına olur olsun, pul qopardan qəddar yırtıcı idi.

1955-ci ildə kişilər Lillinin kukla halını böyüklər üçün dükanlardan alırdılar (başqa yerdə satılmırdı) və balaca fahişəni ciblərində daşıyır, maşının qabaq şüşəsindən asırdılar.

İncəbelli, yer basmayıb yeriyən

Gender tərbiyəsi məsələsində yalnız bir mövzu var ki, Barbinin seksuallığından və balaca oğlan və qızlara pis-pis fikirləri aşılamaqdan daha çox mübahisələrə səbəb olur. Bu da Barbinin qız uşaqlarında qadın bədəni və qadın gözəlliyi haqqında qavrayışlara təsir etməsidir. Başlıca ittiham belədir: Barbinin bədən quruluşu hədsiz dərəcədə qeyri-realdır.

Əgər Barbi həqiqi qadın olsa idi, onun ölçüləri, düz xatırlayıramsa, 102-64-98 olardı. Belə bir nisbətdə Barbi ayaq üstə dayana bilməzdi və iməkləyərək gəzməli olardı, bunun özü də real olmazdı, çünki ayaqları çox uzundur. İfrat uzadılmış boynu Barbinin başını dik tutmağa imkan verməzdi və daima onurğa problemləri yaradardı. Bir sözlə, Barbini ittiham edənlər hesab edir ki, onun bədən proporsiyalarının qeyri-reallığı balaca qızlarda onların öz bədən quruluşlarının böyüyəndə necə olmalı olduğuna dair yanlış təsəvvür yaradır; Barbi qızlarda bütün ömürləri boyunca öz bədənlərindən narazılıq yaradır.

Eyni iddianın digər tərəfi: əgər Barbi hətta 90-60-90 bədənə malik olub, ayaq üstə gəzə bilsəydi də, o, yenə şər qüvvə sayılacaqdı, hətta indikindən daha betər: çünki bu cür bədəni olan qadınlar real həyatda mövcuddur, amma bu, həqiqətən də vacibdirmi? Barbi qızlara zahiri gözəlliyin başlıca uğur olduğu fikrini aşılayır.

İttihamçıların sözlərinə görə, Barbi bəyan edir ki, sevgi, zənginlik, dostluq, şöhrət və bütün digər həyat zövqləri yalnız çox gözəl, yaxşı geyinib-kecinmiş, ideal bədən quruluşlu qızların payına düşür.

Barbi və geylik

Qızların həyatında Barbinin rolundan söhbət açılanda ən çox müzakirə olunan mövzu cinsi və gender tərbiyəsidir. Bu kuklanın ünvanına ən böyük narazılıqlar və təriflər də məhz bu mövzudadır. Ən çox çeynənilən suallar isə bunlardır — kukla qızlara süni yaradılmış gender stereotipləri aşılayırmı, Barbi ilə oynayanlar cinsindən asılı olmayaraq femininləşirmi, kukla qızları sağlam analığa hazırlayırmı, Barbi seksual obyektdirmi, uşaqlarda sağlam (və ya qeyri-sağlam) seksuallığı inkişaf etdirirmi və qızlarda qadın bədəninə dair təhrif olunmuş obraz yaradaraq, gələcəkdə onların həyatını zəhərə çevirirmi?

Barbinin ən mühafizəkar anlamda əsl qadının necə olmalı olduğuna dair fikirləri qızlara aşıladığı faktı o qədər aşkardır ki, tez-tez bu geniş yayılmış fikrə rast gəlirik: əgər oğlan uşağı Barbi ilə oynasa, feminin böyüyəcək və böyük ehtimalla, gey olacaq. Son zamanlar bu şəhər əfsanəsinə ciddi nəzəri baza yaradılmağa başlayıb. Belə ki, ötən il “The Economist” jurnalı hansısa psixoloji araşdırmanın nəticələrini dərc edib. Onlara əsasən, hər beş geydən birinin uşaq vaxtı sevimli oyuncağı Barbi kuklası olub. Ən azından, hər beş geydən ikisi vaxtaşırı Barbi ilə oynayıb.

Geylər özləri Barbiyə yetərincə loyal yanaşır. Mən Barbinin gey çevrələrində xüsusi ikona, yaxud idol olduğuna dair heç bir sübut tapmadım, amma məsələn, məşhur “Farma de Amuedo” gey-kurortunun qonaqları oranı “Barbieland” adlandırırlar və deyirlər ki, maddi təminatlı, boy-buxunlu və baxımlı kişiyə onlar “Barbi” deyirlər (maraqlıdır ki, burda Barbinin maddi təminatlı, boy-buxunlu və baxımlı qadın imicinin əsas elementlərini başqa cinsə yükləyirlər).

Ümumiyyətlə, Barbi ilə oynamağı sevən oğlanlar az deyil. Mənim Barbi haqqında hekayələri paylaşmağı sevən bir tanışım kitab yazdığımı öyrənəndə mənə öz rəfiqəsindən danışmışdı. Rusiyada Barbi peyda olanda rəfiqəsi özünə bu kuklanı alıbmış. O, uşaqlıqdan Barbi arzusunda imiş. Oğlunun isə həmin vaxt 5 yaşı var idi və o, dərhal kuklanı özünə götürüb. Anasından tələb edib ki, ona paltarlar tiksin və Barbini geyindirməkdə kömək etsin. Mən həmin oğlanın gələcək taleyi haqda heç nə bilmirəm, amma nəyə görəsə inanmıram ki, o oğlan bu səbəbdən böyüyüb gey olsun.

Maraqlıdır ki, oğlanların adi gəlinciklərlə və körpə kuklaları ilə oynaması fikri valideynlərdə daha az təşvişə səbəb olur, nəinki Barbi ilə. Bunu belə bir ümumiləşmiş fikirlə izah edirlər ki, Barbi “qadınlığı tərbiyə edir”. Nadirən isə valideynlərə rast gəlinir ki, Barbinin oğlanların gözündə qadın rol modeli yox, adi seksual oyuncaq olduğunu hesab edirlər, düşünürlər ki, oğlanlar Barbidə öz gələcəklərini deyil, sadəcə başqa bir qadını görürlər.

“İçiboş qadın. Barbinin dünyası daxildən və xaricdən” kitabından parça)

Mənbə: ” Hara baxırsan, feminist? ” teleqram kanalı