53 yaşlı rep ulduzu LGBTQ+ media monitorinq təşkilatı GLAAD ilə birləşərək “LGBTQ gənclərinə güclü mesaj göndərmək” məqsədilə illik Spirit Day kampaniyasına qoşulub.
Spirit Day hər il 16 oktyabrda keçirilir və məqsədi LGBTQ+ gəncləri arasında zorakılıq və zorakılıqla əlaqəli intihar hallarına diqqət çəkməkdir.
Snoop Dogg bu münasibətlə keçən il ABŞ-da yayımlanan The Voice şousunda iştirak etmiş kuir musiqiçi Ceremi Beloate ilə əməkdaşlıq edib. Reperin mentor olduğu həmin şouda tanış olan ikili birlikdə “Love Is Love” adlı yeni mahnı hazırlayıb. Mahnı Snoop Dogg-un animasiya uşaq seriyası Doggyland üçün yazılıb.
Mahnı və onun klipi bütün ailə modellərinin — o cümlədən eyni cinsli valideynlərin — qəbulunu təşviq edir. Videoda Snoop Dogg-un rəngarəng cizgi itləri arasında iki qadın personajın bir balaca it uşağını böyütdüyü görünür.
“Love Is Love” mahnısını Beloate ifa edir və o, klipdə Doggyland-un yeni personajı Zippy rolundadır. Seriyanın əsas personajı Bow Wizzle isə Snoop Dogg-un öz səsiylə canlandırılıb.
Disko üslubunda olan mahnı “Love! Love! Love! Love who you are.” sözləri ilə başlayır və “Bizim fərqli olmamız bizi xüsusi edir” misraları ilə davam edir.
GLAAD ilə əməkdaşlıq barədə danışan reper bildirib:
“Günün sonunda hər şey sevgidən ibarətdir — biz uşaqlara da bunu öyrədirik. ‘Love Is Love’ da bunun haqqındadır.
GLAAD ilə Spirit Day üçün birləşmək tam doğru hiss etdirdi, çünki sevgi və hörmət paylaşmaq — əsl ‘gangsta’ların etdiyi budur. Biz yeni nəsilə göstəririk ki, mehribanlıq ‘cool’dur, inklüzivlik gücdür, sevgi isə həmişə qalib gəlir.”

16 dəfə “Grammy” mükafatına namizəd olmuş reper müsahibəsində bildirib ki, uşaqlara ailələrinin necə göründüyündən asılı olmayaraq sevginin mənası öyrədilməlidir:
“Uşaqların müxtəlif ailələrdə böyüyüb və onlardan sevginin nə olduğunu öyrənməsi gözəl şeydir. İki ata, iki ana — fərqi yoxdur, əsas olan sevgidir.”
Bu əməkdaşlıq, Snoop Dogg-un avqustun sonunda LGBTQ+ təmsilçiliyini tənqid etdiyi çıxışından tam fərqli istiqamətdə bir dönüş nöqtəsidir. O zaman reper Toy Story filminin spinoffu olan Lightyear filmindəki eyni cinsli öpüş səhnəsini tənqid etmişdi.
2022-ci ildə çıxan filmdə Alisha Hawthorne (Uzo Aduba) və onun həyat yoldaşı Kiko arasında qısa bir öpüş səhnəsi yer alırdı.

“It’s Giving” podkastında danışan Snoop Dogg demişdi ki, nəvəsi ilə filmi izləyərkən uşaq ondan lezbiyan cütlüyün uşağa necə sahib olduqlarını soruşub və bu sual onu çaşdırıb:
“Mən bu şey üçün gəlməmişdim, sadəcə filmə baxmaq istəyirdim. Birdən-birə mənə belə suallar verildi və nə cavab verəcəyimi bilmirdim.”
Reper bu səbəbdən “kinoya getməkdən qorxduğunu” da demişdi. Onun sözləri ciddi reaksiyaya səbəb olmuşdu. Daha sonra onun rəsmi Instagram hesabında paylaşılan bir şərh üzr kimi görünmüşdü, lakin nümayəndəsi həmin paylaşımın reperə aid olmadığını bildirmişdi.
Həmin vaxt Lightyear filminin ssenaristi Lauren Gunderson səhnəni müdafiə etmişdi:
“Filmdə bu detal kiçik görünə bilər, amma onun təmsil gücünün necə böyük olduğunu bilirdim. Bu səhnəni saxladıqları üçün çox sevindim. Fəxr edirəm.”