Seks oyuncaqlarının Azərbaycanda əlçatanlığı

Seks oyuncaqlarının Azərbaycanda əlçatanlığı

Müəllif: İlknur Mammad

Seks oyuncaqları seksual stimulasiya üçün nəzərdə tutulan bir qrup alətlərdir. Azərbaycanda nə qədər tabu mövzu olsa da, dünya daxilində ən normal ehtiyaclardan biri kimi qarşılanır. Orta hesabla bu oyuncaqlar cinsiyyət orqanlarına oxşayacaq şəkildə dizayn edilsə də, onların müxtəlif formaları vardır. İnsanların bu məhsullardan istifadə etmə səbəbləri də eyni dərəcədə müxtəlifdir: özünütanıma və zövq, tək və ya cütlükdə cinsi həyatın keyfiyyətini artırmaq, stressi azaltmaq, sağlamlıq və reabilitasiya məqsədləri, yaxud sadəcə maraq və əyləncə.

Maraqlıdır ki, bu “normallıq” heç dünyanın özündə də həmişə belə olmayıb – bu, kifayət qədər yeni bir dəyişikliyin nəticəsidir. Son on ildə bu məhsullara ictimai münasibət kəskin şəkildə dəyişib. Bir zamanlar dünya üçün də tamamilə fərqli sayılan bu sənaye bu gün böyük texnologiya sərgilərində rəsmi stend açır[1] və “Sağlamlıq və rifah” bazarının bir hissəsi kimi təqdim olunaraq ənənəvi investisiya fondlarının diqqətini çəkir. Münasibətin dəyişməsi isə özünü ən aydın şəkildə rəqəmlərdə göstərir. Analitik hesabatlara görə, qlobal “seks texnologiyaları” bazarının həcmi 2025-ci ildə təxminən 50,26 milyard dollar səviyyəsində qiymətləndirilib və 2035-ci ilə qədər 240,55 milyard dollara çatması, yəni illik orta 17%-ə yaxın templə böyüməsi gözlənilir.[2]

Bəs on il ərzində bir sənayeni beş dəfə böyüdən nədir? Bu böyümənin əsas hərəkətverici qüvvəsi texnologiyadır. Bluetooth və tətbiqlə idarəetmə artıq bazarın təxminən üçdə birini təşkil edir[2], süni intellektlə inteqrasiya olunan cihazlar isə ən sürətlə böyüyən seqmentdir. Biz bu məqalədə dünyadakı trendləri daha sonra isə bu dalğanın Azərbaycana necə və nə dərəcədə çatdığına baxacağıq.

Dünyada məşhur və yeni məhsullar

Bu bazarın tarixinə baxanda maraqlı bir qanunauyğunluq ortaya çıxır – sənaye heç vaxt bərabər addımlarla inkişaf etməyib. Hər dəfə yeni bir məhsul ortaya çıxıb, qaydaları dəyişib və sonrakı bütün nəsil oyuncaqlar həmin məhsulun kölgəsində formalaşıb. 1970-ci illərdə bu rolu yapon şirkəti Hitachi-nin əslində əzələ ağrıları üçün istehsal etdiyi “Magic Wand” massajçısı oynayırdı.[3] Cihazı seks oyuncağına çevirən şirkətin özü yox, ondan tamam başqa məqsədlə istifadə etməyə başlayan qadınlar və onlara bunu öyrədən seksual maarifçilər oldu.[4] Sonrakı onilliklərdə dalğalar bir-birini əvəz etdi, amma texnoloji prinsip dəyişmirdi. Bütün cihazlar bu və ya digər formada vibrasiya üzərində qurulmuşdu.

Əsl yenilik 2014-cü ildə baş verdi. Bavariyadan olan ixtiraçı Maykl Lenke[5] köhnə bir akvarium nasosundan düzəltdiyi prototiplə tamamilə yeni prinsip sınamağa çalışdı. O vibrasiya əvəzinə dəyişən hava təzyiqi ilə stimulasiya yaratmağı bacarmışdı. Bu ixtiradan sonra Womanizer brendi eyni texnologiya ilə işləyən kateqoriyanı yaratdı, amma onu dünyaya yayan başqası oldu. Eyni prinsipi götürüb qat-qat daha ucuz qiymətə kütləvi bazara çıxaran, Womanizer-lə illərlə patent davası aparan bir şirkət bu gün kateqoriyanın adı ilə eyniləşib.[6]

Söhbət Almaniya mənşəli Satisfyer brendindən gedir. Brendin populyarlığının əsas səbəbi məhz həmin “hava təzyiqi” (air-pulse / pressure wave) texnologiyasıdır: cihaz klitorislə birbaşa təmasda olmadan, ətrafında yaratdığı hava dalğaları vasitəsilə onu stimulyasiya edir. İstifadəçilər və media bunu tez-tez oral seksə bənzər hiss kimi təsvir edir; məhz bu fərq brendi ənənəvi vibratorlardan ayıraraq kütləvi uğura aparıb. Serianın ən populyar modeli “Satisfyer Pro 2 Next Generation” sayılır, marka həmçinin klitoral və G-nöqtəsi stimulyasiyasını birləşdirən modellər də təqdim edir. Satisfyer-in uğuru bütün sənayeyə də təsir göstərib. Rəqib şirkətlər oxşar “toxunuşsuz” texnologiyalar təqdim etməyə başlayıb, məhsul kateqoriyası özü isə geniş ictimaiyyətdə “utanc” predmeti olmaqdan çıxıb, aptek rəflərində belə yer almağa başlayıb.

Satisfyer qədər məşhur olmasa da, sənayədə fərqli yanaşmaları ilə seçilən bir sıra brend və məhsullar da var:

  • We-Vibe Temp -temperatur oyunu təqdim edən, isti və sərin hisslər arasında keçid edə bilən, üstündə uzanaraq istifadə olunan vibrator.
  • Lovense Long Distance Sync – Uzun məsafəli bir münasibətdəsinizsə ehtiyaclarınızı qarşılamaq üçün olan bir sıra oyuncaqlardan ibarət məhsul xətti buraxılışı. Çox zaman partnyorun istifadə etdiyi oyuncaqla sizin oyuncaqlar sinxronlaşdırılır və yaxud tətbiq daxilindən idarə oluna bilir.
  • Transthetics “The Bono” – hər iki partnyoru stimullaşdırmaq üçün nəzərdə tutulmuş, sürüşən örtüyə malik və kəmərsiz istifadə oluna bilən penis replikası.
  • Magic Wand – 1968-ci ildə Hitachi tərəfindən əzələ massajçısı kimi buraxılıb. Seks oyuncağına çevrilməsi istehsalçının deyil, istifadəçilərin və seksual maarifçilərin işi olub. Hitachi 2013-cü ildə bu assosiasiyadan narahat olaraq istehsalı dayandırıb; cihaz indi Vibratex tərəfindən, Hitachi adı olmadan istehsal olunur.
  • Rose Toy – brendi olmayan, TikTok-da viral olaraq yayılan qızılgül formalı sorucu vibrator. Satisfyer və Womanizer-in istifadə etdiyi hava təzyiqi prinsipi ilə işləyir, lakin vahid istehsalçısı olmadığı üçün keyfiyyəti fabrikdən-fabrikə kəskin dəyişir.
  • Lelo Hugo Prostat Masaj aparatı – Prostat vəzini simulasiya etmək üçün dizayn olunmuş vibrator.

Yeni çıxan oyuncaqlarda ümumən təzə trendlər mövcuddur. Artıq internet dövrü olduğu üçün ümumi istiqamətlər də bununla ayaqlaşan kimi görünür. Məsələn, seks oyuncaqları da artıq süni intellektlə inteqrasiya olunur. Belə ki, bir çox seks oyuncağı vibrasiya funksiyası ilə gəlir. Süni intellekt vasitəsilə onlar sizin reaksiyalarınızı öyrənərək sizə uyğun şəkildə avtomatik olaraq vibrasiya tezliyini tənzimləyə bilərlər. Bundan başqa bir çox məhsullar, hətta bazarın üçdə biri artıq tətbiqlə idarə oluna bilir. Tətbiq daxilində intensivlik, rejim və zamanlamanı tənzimləmək artıq sənayə üçün standart halına gəlib.[7] Bunlar partnyorla münasibətləri də bir xeyli asanlaşdırır. Münasibətiniz uzun məsafəlidirsə bu oyuncaqların varlığı cütlüklər arasında olacaq potensial problemləri aradan qaldırır. Elə bir başqa trend də budur – uzun məsafə üçün nəzərdə tutulan oyuncaqlar (ingiliscə teledildonics). Bir çox brendlər artıq dizaynlarını cütlüklər üçün nəzərdə tutulacaq şəkildə edirlər. Seks oyuncaqları təkcə vibrator və dildodan ibarət deyil, geyilə bilən oyuncaqlar da mövcuddur. Penis üzərindən geyinilən örtüklərdən tutmuş, vibrasiyalı alt paltarlarına qədər gedən fərqli seçimlər var. Bundan əlavə, gender və bədən müxtəlifliyini nəzərə alan dizaynlar da mövcuddur. Yəni, bədən üzvünü təqlid etməyən, gender-neytral modellər (məsələn, Cute Little Fuckers və Wild Flower Enby 2 kimi brendlərin məhsulları) trans və qeyri-binar istifadəçilər üçün xüsusi əhəmiyyət daşıyır, tədqiqatlar göstərir ki[8], bədən diskomfortu yaşayan istifadəçilər üçün “neytral” forma dizaynı stimulyasiyanı daha rahat edir.

Wild Flower Enby 2

Ümumi mənzərə, sənayənin getdikcə özünü “əyləncə məhsulu” bazarından çıxarıb “intim sağlamlıq/rifah” bazarına doğru mövqeləndirməsindən ibarətdir ki, Azərbaycanda da bu bir növ yer alır. Məqalənin növbəti hissəsindən məhz bu barədə, Azərbaycandakı reallıqlardan danışacağıq. 

Azərbaycanda vəziyyət

Dünyada bu qədər sürətli inkişaf gedərkən Azərbaycanda seks oyuncaqları ilə bağlı mənzərə xeyli fərqlidir. Ölkədə fiziki seks-mağaza formatı demək olar ki, mövcud deyil. 2013-cü ildə Almaniyanın Fun Factory GmbH şirkəti Azərbaycanda fiziki mağaza açmağa[9] cəhd etmiş, lakin ictimai reaksiya səbəbindən bu təşəbbüs uğursuzluqla nəticələnmişdi. Bunun əvəzinə bazar əsasən qeyri-rəsmi formada, sosial media (əsasən Instagram, Facebook səhifələri, Telegram kanalları) üzərindən fəaliyyət göstərən onlayn satıcılardan ibarətdir. Təbii ki, belə olduqda qiymətlər də bazardakı orta qiymətlərdən xeyli yüksək olur.

Məsələn, “Telegram” üzərindən fəaliyyət göstərən kanallardan birində sadə dildo üçün bizə verilən cavabda göstərilən qiymətə baxaq. Qeyd edək ki, bu telegram kanalı artıq fəaliyyətini dayandırıb və şəkillərdə təqdim olunan məhsulun dəyəri 40 manatı keçmirdi.

Onlayn fəaliyyət göstərən lokal seks mağazalarından biri vaxtilə “buta.shop” idi, burada da qiymətlər olduqca absurd idi. Müştərilərin bildirdiyinə görə bəzi müştərilər qeyd olunan məhsulları təhvil ala bilmiş, bəziləri isə pulunu itirmiş və heç bir məhsul ala bilməmişdir. Buta.shop-da əvvəllər müştərilərlə işlədiyini bildirən İsmayıl* isə (fiqurativ adı) bizə buta.shop-un həqiqətən fəaliyyət göstərdiyini, hətta fiziki mağaza açmalarının müzakirə olunmasını bildirmişdi. 

Bəs niyə görə Azərbaycanda bu tip seks fokuslu mağazalar yoxdur? Axı, Azərbaycan qanunvericiliyində “seks oyuncağı” ifadəsinə rast gəlinmir. Yəni nə Cinayət Məcəlləsində, nə Gömrük Məcəlləsində, nə də İnzibati Xətalar Məcəlləsində belə bir məhsul kateqoriyası barədə heç bir qanun yoxdur. “Seks oyuncaqları qadağandır” deyən bir maddə belə yoxdur. Onun yerinə ifadə şəkli qeyri-müəyyən olan bir neçə qanun var ki, pornoqrafiyanı qadağa edir. Seks oyuncaqlarının isə pornoqrafiya materialı kimi sayılması sadəcə gülünc bir haldır. Bu vəziyyətdə, alt paltarları, masaj funksionallığı olan hər hansı bir cihaz, hətta ayaq fetişi olanlar insanlar üçün corablar və ya ayaqqabılar belə pornoqrafik material sayıla bilər. Pornoqrafik materialın nə olunduğunun tam qeyd olunmaması  bu qeyri-müəyyənliyə təsir edir. Gəlin tam dəqiqləşdirmək üçün mövcud olan qanunları nəzərdən keçirdək. 

Seks oyuncaqlarının leqallığına təsir edə biləcək ən yaxın qanunlar aşağıdakılardır:

  1. Gömrük Məcəlləsi, maddə 214.1.3.[10] Gömrük ərazisinə gətirilməsi qadağan olunan mallar siyahısında bu bənd var:

“pornoqrafik materialları və ya əşyalar

“əşya”. Yəni siyahı təkcə materialdan (şəkil, film, mətn) yox, fiziki predmetdən də danışır. 

2. Cinayət Məcəlləsi, maddə 242 [11] –“pornoqrafik materialların və ya əşyaların qanunsuz yayılması”. Cinayət sayılan hərəkətlər: kommersiya məqsədilə hazırlamaq, yaymaq, reklam etmək və pornoqrafik nəşrlər, filmlər, video materiallar, təsvirlər və digər əşyalarla qanunsuz ticarət. Cəza: cərimə və ya azadlığın məhdudlaşdırılması / islah işləri.

Vacib nüans: bu maddə satışa və yayılmaya yönəlib, şəxsi saxlanmaya deyil. Yəni evində cihazın olması bu maddəyə düşmür.

3. Media haqqında Qanun (1999), maddə 3.[12] Pornoqrafiyanın hüquqi tərifi:

“Əsas məzmunu cinsi əlaqələrin anatomik və fizioloji tərəflərinin kobud və ləyaqətsiz təsviri olan incəsənət əsərləri, rəsmlərin foto reproduksiyaları, informasiya və digər materiallar”

Dildo və vibratorların cinsi əlaqəni təsvir edən incəsənət əsəri kimi görülməsi təqdirdə onların legal olmadığını iddia etmək olar. Bunu belə qiymətləndirmək isə kifayət qədər məntiqsiz və çətin bir yozum tələb edir.

Belə olduğu halda, Azərbaycan vətəndaşları sosial media üzərindən absurd qiymətlər ödəmədən necə seks oyuncaqları əldə edirlər? Bununla bağlı qısa müsahibələr və araşdırmalar etdik. 

Lokal olaraq satılma üsullarından biri bu məqsədlərlə istifadə oluna biləcək məhsulları “masaj aparatı” adı ilə satmaqdır. Sosial mediada fəaliyyət göstərən kiçik yerli bizneslər bu üsuldan istifadə etsə də, eyni yanaşmadan istifadə edən böyük brendlər də var.

.

Ali və Nino mağazası “Happynizer Pink” adında “masajor”-u real şəkildə satır. Bunu bizə müsahibə verən dostumuz Nihat** bildirmişdir. O qeyd edir ki, aldığı məhsuldan kifayət qədər məmnundur və bunu edə biləcəyini bir dostundan, dostu isə bir seks-terapevtdən öyrənib. 

Yerli təklifin məhdudluğu səbəbindən çoxlu sayda istifadəçi xarici saytlardan (AliEkspress, Temu) sifariş verməyə üstünlük verir. AliEkspressdə bu tip məhsullar olduqca asan, birbaşa adı ilə tapılır və satılır. AliExpress-dən sifariş edilən məhsullar əsasən iki yolla çatdırılır: poçt vasitəsilə və ya ölkə daxilində fəaliyyət göstərən çatdırılma şirkətlərindən birinin xaricdəki anbarına göndərilməklə. Amma bu yolda əsas ciddi maneə gömrükdür. Belə ki, müsahibə aldığımız istifadəçilərdən biri Toğrul*** bildirir ki, bu tip məhsulların AliEkspressdən sifariş verildiyi halda ölkəyə daxil olma ehtimalı 50/50-dir. Bəzi məhsullar keçir, bəziləri isə keçmir. O çox zaman Aliekspressdəki satıcılardan bu tip məhsulları ayrıca gizli qutuya qoymasını özəl olaraq yazaraq xahiş etdiyini bildirir. Buna baxmayaraq, sifariş etdiyi məhsullardan birinin yenə də gömrükdə saxlanıldığını bildirir. Belə ki, aldığı məhsullardan ayaqüstündə sidik ifraz etmək üçün nəzərdə tutulmuş STP cihazı Azərbaycana gəlib çata bilməyib, lakin digər seks oyuncaqlarının bəziləri (hətta penis şəkilli olanlar belə) çatıb.


AliEkspress-dən daha fərqli bir məhsul sifariş verən dostumuz İbrahim**** deyir ki, onun sifariş etdiyi məhsul gömrükdə saxlanılmış və gömrüyə çağırılmışdır. İbrahim isə sifariş etdiyi məhsulu işçilərdən tələb etmişdir. Orada gömrük işçiləri ona məhsulun pornoqrafik hesab edildiyini və buna görə müsadirə olunaraq Çinə geri qaytarılacağını bildiriblər. İbrahim isə bu məhsulun sağlamlıq üçün olduğunu və pornoqrafik məqsədlər üçün olmadığını bildirmişdir. Gömrük işçisi isə ona gülmüş, “Onda həkimdən kağız gətir” deyərək onu məsxərəyə qoymuşdur. İbrahim həkimə yaxınlaşaraq hər hansısa bir yolla bu məsələni həll etməyi həmin an düşündüyünü desə də, sonra praktiki reallığı nəzərə alaraq bunu etməkdən çəkindiyini də həmçinin bildirmişdir. 

Azərpoçt və Dövlət Gömrük Komitəsinə ünvanlanmış bir change.org petisiyası birbaşa intim oyuncaqların ölkəyə sifarişinə/satışına qoyulan qadağanın götürülməsini tələb edir – bu faktın özü göstərir ki, istifadəçilər arasında rəsmi və ya qeyri-rəsmi məhdudiyyətlə bağlı geniş narazılıq mövcuddur.[13]

Temuya gəldikdə isə temuda satılan seks oyuncaqları heç seks oyuncağı şəklində reklam olunmur. Onlar əsasən masaj aparatı, qəlib, üz masajı aparatı kimi marketinq olunur. Buna baxmayaraq istifadəçilər onları məlum səbəblərdən alır və  bu barədə fikir yazmaqdan çəkinmirlər:

Şam düzəltmək üçün istifadə olunan qəlibin altına  yazılan rəylərdən biri. Tərcümədə “Əla produktur. Hətta istifadəsi məqsədindən kənar səbəblər üçün istifadə etsəniz belə”

Sözü gedən şam.

Masaj aləti kimi marketinq olunan vibrator.

Leyla***** oyuncaqlarının dostları tərəfindən xaricdən gətirildiyini deyir. Onun sözlərinə görə dostlarından biri Türkiyədə olarkən ondan özü üçün bu tip şəxsi əşya almasını xahiş etmişdir. Daha sonra dostunun təyyarəyə göndərilən baqajda(checked-luggage) bu əşyanı ölkəyə keçirtdiyini, görüşəndə isə ona təqdim etdiyini vurğulayır. Bildirir ki, bunu dəfələrlə etsə də aeroportda heç bir problem yaşanmayıb. İnternet üzərində sosial mediada bəzi istifadəçilər isə tam əksinə aeroportda bu əşyaların müsadirə olunduğunu bildirirlər. Lakin, bunun əl baqajında yoxsa təyyarə baqajına göndərilən baqajda olduğu barədə heç bir məlumat verməyiblər.

Bu mövzuda daha konkret bir nümunəni Minority Azerbaijan[14] təşkilatı işıqlandırıb: bir trans kişinin gömrükdən keçirməyə çalışdığı “packer” adlı intim gigiyena vasitəsi, gömrük əməkdaşları tərəfindən “pornoqrafik material” kimi təsnif edilərək müsadirə olunub. Halbuki Azərbaycan qanunvericiliyində pornoqrafik material anlayışı cinsi əlaqənin “kobud və hörmətsiz təsviri” kimi tərif olunur və bu tərif intim gigiyena məhsullarını birbaşa əhatə etmir. Təşkilat bunu gömrük əməkdaşlarının səlahiyyətlərini aşan və qeyri-bərabər tətbiq olunan bir təcrübə kimi qiymətləndirir. Eyni zamanda, digər onlayn satıcıların oxşar məhsulları uğurla ölkəyə gətirə bildiyini qeyd edir. Bu isə qaydaların tətbiqində ardıcıllığın olmadığını göstərir.

Beynəlxalq bazarda “diskrit qablaşdırma” (neytral, məzmunu göstərməyən qablaşdırma və hesab adı/nömrəsi) artıq sənaye standartıdır və əksər böyük satıcı bunu norma olaraq təklif edir. Azərbaycan bazarında isə vəziyyət qarışıqdır, yerli onlayn əsasda fəaliyyət göstərən satıcılar adətən diskret çatdırılmanı qeyd etsə də, kuryer xidmətinin necə baş tutduğu və ünvana çatdırılmanın necə olduğu kimi detallar aydın deyil. Bu isə xüsusilə ailələri ilə birlikdə yaşayan istifadəçilər üçün əlavə narahatlıq mənbəyidir.

Bütün maneələrin kökündə duran əsas amil, əslində, qanundan daha dərinə gedən mədəni kontekstdir. Azərbaycanda seksuallıq mövzusundakı ictimai söhbət aparmaq araşdırmaçılar tərəfindən hələ də kifayət qədər mühafizəkar xarakterli qiymətləndirilir.

Nəticə etibarilə, Azərbaycanda tələbatın mövcud olduğu aydındır – bunu həm qeyri-rəsmi onlayn satıcıların sayının artması, həm də gömrük qadağasına qarşı vətəndaş təşəbbüsü olması göstərir. Azərbaycandakı mövcud reallıqda seks oyuncaqları hələ də tabu hesab olunur və hüquqi baxımdan “boz zona”da qalmaqda davam edir. 

Mənbələr

[1] CES-də sex-tech şirkətlərinin iştirakı barədə:

reviewjournal.com/business/conventions/ces/sex-tech-not-toys-ces-marks-wave-of-change-for-industry-2245815/

[2] SNS Insider -Global SexTech Market Report (GlobeNewswire, 20.04.2026)

globenewswire.com/news-release/2026/04/20/3277000/0/en/global-sextech-market-projected-to-reach-usd-240-55-billion-by-2035-sns-insider.html

[3] Hitachi Magic Wand – Wikipedia (1968-ci il qeydiyyatı, terapevtik massajçı kimi buraxılışı)

en.wikipedia.org/wiki/Hitachi_Magic_Wand

[4] Betty Dodson, «Bodysex» seminarları, 1974-cü il «Liberating Masturbation» kitabı:

en.wikipedia.org/wiki/Hitachi_Magic_Wand

engadget.com/2014-08-27-history-of-the-hitachi-magic-wand.html

thedailybeast.com/how-generations-of-women-fell-in-love-with-the-magic-wand-the-bulldozer-of-sex-toys/

[5] Sifted – «Wowtech, the aquarium pump, and the Womanizer» (ən detallı mənbə: zirzəmi emalatxanası, həyat yoldaşı Brigitte-in prototip sınaqları, 2 illik iş)

sifted.eu/articles/womanizer-inventor

Womanizer – Wikipedia (2014, Bavariya, W100 modeli)

en.wikipedia.org/wiki/Womanizer_(pressure_wave_vibrator)

[6] Sifted – WowTech rəhbəri Johannes Plettenberg-in sitatı: «hər şirkət bunu kopyalamağa çalışır, biz onların çoxu ilə daimi patent müharibəsindəyik». Şirkət Satisfyer və Lora DiCarlo-ya qarşı hüquqi addım atıb.

sifted.eu/articles/womanizer-inventor

[7] SNS Insider 

globenewswire.com/news-release/2026/04/20/3277000/0/en/global-sextech-market-projected-to-reach-usd-240-55-billion-by-2035-sns-insider.html

[8] Nursing Clio – «Gender-Neutral Sex Toys: Turning Gender Dysphoria in the Bedroom into Gender Euphoria» (2023). Hər iki brend burada adı çəkilir; «tədqiqatlar göstərir ki» iddiası da bu məqalədəki istinadlara söykənir.

nursingclio.org/2023/04/12/gender-neutral-sex-toys-turning-gender-dysphoria-in-the-bedroom-into-gender-euphoria

[9] Haqqin.az, 25.04.2013 – «В Баку открывается секс-шоп» (Dirk Bauer-in sitatı, fahişəliyin leqallaşdırılması müzakirəsi konteksti)

haqqin.az/news/5314

Oxu.az, 25.04.2013 – şirkət məlumatları (Bremen, ~20 mln avro dövriyyə), deputat Siyavuş Novruzovun mövqeyi

oxu.az/ru/obshestvo/nemetskaya-fabrika-veselya-hochet-otkryt-seks-shop-v-azerbaydzhane

oxu.az/ru/obshestvo/v-azerbaydzhane-otkrylsya-onlayn-seks-shop-foto-video

[10] Dövlət Gömrük Komitəsi – «Məhdudlaşdırılmış və qadağan edilmiş mallar» səhifəsi. Bəndi bu səhifədə birbaşa yoxladım, mətn təsdiqlənir.

customs.gov.az/az/ferdler-ucun/mallarin-gomrukden-kecirilmesi/

Gömrük Məcəlləsinin tam mətni (PDF): vertic.org/media/National Legislation/Azerbaijan/AZ_Customs_Code.pdf

[11] Trend.az, 28.04.2011 – maddənin məzmunu və o dövrdəki cəza həddi (1000–3000 manat cərimə və ya 2 ilədək azadlığın məhdudlaşdırılması / islah işləri)

az.trend.az/azerbaijan/society/1868353.html

[12] Pornography in Azerbaijan – Wikipedia 

en.wikipedia.org/wiki/Pornography_in_Azerbaijan

[13] Change.org petisiyası – «İntim oyuncaqların ölkədə satışına, sifarişinə, xaricdən sifarişinə qadağa götürülsün»

change.org/p/azərpoçt-və-dövlət-gömrük-komitəsi-i̇ntim-oyuncaqların-ölkədə-satışına-sifarişinə-xaricdən-sifarişinə-qadağa-götürülsün

[14] Minority Azerbaijan – «Gömrük əməkdaşlarının uydurduğu yeni qanun»

minorityaze.org/424-gomruk-emekdaslarinin-uydurdugu-yeni-qanun

Redaksiya müsahibələri

Məqalədə adı dəyişdirilmiş beş şəxslə aparılmış müsahibələr; qeydlər redaksiyada saxlanılır.