Yeni il yaxınlaşır… Şəhər işıqları, hədiyyə təlaşı və ənənəvi bayram reklamları. Amma bu il qlobal brendlər bizə “Holidays are coming” (Bayram gəlir) əvəzinə, sanki “Terminator is coming” (Terminator gəlir) mesajı verməyə qərar veriblər. Bəli, söhbət son günlərin ən qalmaqallı mövzusundan – Coca-Cola və McDonald’s-ın süni intellektlə (AI) hazırladığı “qorxulu” reklamlardan gedir.
Coca-Cola-nın “Qırmızı Yük Maşını” Qəzası
Hər şey Coca-Cola-nın o məşhur yük maşınlarını süni intellektə həvalə etməsi ilə başladı. İllərdir bizə istilik, ailə və sehr bəxş edən reklamlar, bu il yerini sanki plastikdən düzəldilmiş və ruhsuz personajlara verdi. İzləyicilər haqlı olaraq soruşdu: “Həqiqətənmi dünyanın ən böyük şirkətlərindən birinin real aktyorlara və animatorlara verəcək büdcəsi qalmayıb?”
Amma sən demə, bu hələ başlanğıc imiş…
McDonald’s: “İlin Ən Bərbad Vaxtı?”
Səhnəyə Niderland McDonald’s-ı daxil oldu və Coca-Cola-ya “Sən mənim pivəmi (və ya kolamı) tut, gəlirəm” dedi.
McDonald’s-ın bayram üçün hazırladığı yeni reklam çarxı tamamilə süni intellektlə yaradılıb. Reklamın mesajı nə olsa yaxşıdır? “İlin ən bərbad vaxtı” (The most terrible time of the year). Bəli, səhv oxumadınız. Onlar bayram stresini, xaosu və uğursuzluqları qabardaraq, nicat yolunun bir “Big Mac” yemək olduğunu demək istəyiblər.
Lakin nəticə?
Ekranda görünən personajların əlləri, üz mimikaları və hərəkətləri o qədər qeyri-təbii və tükürpədici alındı ki, izləyicilər iştahlarının açılmaq əvəzinə küsdüyünü hiss etdilər. Sosial mediada istifadəçilər reklamı “kabusa bənzər” və “zibil” adlandırdılar. Nəticədə McDonald’s videonun şərhlərini bağlamaq və daha sonra reklam çarxını ümumiyyətlə silmək məcburiyyətində qaldı.
Agentliyin “7 Həftəlik” İnadı
Ən maraqlı hissə isə reklamı hazırlayan yaradıcı agentliyin müdafiəsidir. Onlar deyirlər ki, bu videonu yaratmaq üçün 7 həftə yuxusuz qalıblar, minlərlə “promt” (əmr) yazıblar və nəticə “kinematoqrafik şah əsərdir”.
Burada bir sual yaranır: Əgər 7 həftə əziyyət çəkib, sonda insanlara “dəhşət filmi” təqdim edəcəkdinizsə, niyə sadəcə bir qrup istedadlı gənci yığıb, əlinə kamera verib səmimi bir video çəkmədiniz?
Bu hadisə marketinq dünyasına böyük bir dərs verdi. Görünür, McDonald’s və Coca-Cola hələlik menyunu səhv salıb: Texnologiya nə qədər inkişaf etsə də, insan duyğusunu, səmimiyyətini və “ruhunu” hələ ki, heç bir alqoritm əvəz edə bilmir.
Bəs siz necə düşünürsünüz? Reklamlarda süni intellektin bu qədər “aqressiv” istifadəsi gələcəkdir, yoxsa sadəcə uğursuz bir trend?