Robotlar və İnsanlığın Sonu?

Robotlar və İnsanlığın Sonu?

Vaxt var idi, sosial şəbəkələr gündəlik, sadə həyatımızın səmimi bir güzgüsü idi. Filtrsiz səhərlər, dağınıq otaqlar, hələ tam formalaşmamış yarımçıq fikirlər paylaşılırdı. Kuirlər üçün bu platformalar bir sığınacaq idi; bir-birini xüsusi simvollarla tanıyır, səssiz razılaşmalarla görünməz, amma real güvən körpüləri qururdular. Bu nostalgiya sizə də tanışdırmı?

Bu gün isə mənzərə tamamilə fərqlidir. Artıq sosial media asılılıq, təhlükəsizlik riskləri və süni performans məkanı kimi müzakirə olunur. Heteronormativ, transfob və konservativ influenser mədəniyyəti bu gün bir çoxumuzun üzərində görünməz, amma davamlı bir təzyiq yaradır.

Alqoritmlər Beynimizi Fəth Edir

Texnologiyanın qarşısıalınmaz inkişafı ilə hər kəsin dilində bir sual var: “Robotlar insanlığı məhv edəcəkmi?” Tam olaraq robot demək çətin olsa da, alqoritmlər artıq bizi içəridən – beynimizdən fəth etməyə başlayıb. Onlar artıq bəzi hallarda bizi yavaş-yavaş sıradan çıxarır.

Sonsuz TikTok lentləri və ard-arda gələn “Reels”lər beynimizi dopamin bombardmanına tutur. Bir an yemək videosuna baxırsınız, ondan əvvəl təmizlik videosu idi, növbəti saniyədə kimsə dağın başından velosipedlə enir, ardınca isə nifrət nitqi ilə dolu bir “blogger” çıxışı gəlir. Bu təsadüfi xaos təsadüf deyil – platformaların dizaynıdır. Bir-birindən kəskin fərqlənən məzmunların sürətlə dəyişməsi və lentin faktiki olaraq heç vaxt bitməməsi diqqətimizi saxlamaq üçün qurulmuş bir tələdir. Beyin bu axına sürətlə uyğunlaşır, çünki ondan tələb olunan məhz budur: fasiləsiz stimulyasiya. Bu kiçik dopamin partlayışları beynimizi aldadır və ən qiymətli resursumuzu – diqqətimizi zəbt edir.

Daha sağlam istifadə üçün kiçik tövsiyələr:

Konkret mövzulara fokuslanın. Reels videolarını qarışıq yox, yalnız bir maraq sahəsi ətrafında izləməyə çalışın. “Dərin” yanaşmanı seçin. “Hər şeydən bir az” yerinə bir mövzuda dərinləşməyə üstünlük verin. Limit qoymaq özünəqayğıdır. Vaxt limiti qoymaq zehni sağlamlığını qorumaqdır.

Bu kiçik dopamin partlayışları beynimizi aldadır və ən qiymətli resursumuzu – diqqətimizi zəbt edir. Sonda isə yorulan nə telefondur, nə laptop, nə də planşet — yorulan bizim beynimizdir.


Manipulyativ Media və Nifrət Nitqi

Sosial şəbəkələrdə istəsək də, istəməsək də xəbərlər və bloggerlərin rəyləri qarşımıza çıxır. Burada əsas problem informasiyanın çoxluğu yox, onun necə təqdim olunmasıdır. Xüsusilə homofob və transfob narrativlər, qəzəb və qorxu üzərindən qurulan manipulyativ dil bizi hədəfə çevirir.

Özünü qorumaq üçün:

  1. Manipulyativ dili tanıyın: “Hamı”, “mütləq”, “şok” kimi ifadələrə və nifrət yayan başlıqlara diqqət yetirin.
  2. Mənbəni yoxlayın: Xəbəri paylaşmazdan əvvəl onun doğruluğunu və kim tərəfindən yayıldığını araşdırın.
  3. Seçici olun: Güvəndiyiniz xəbər saytlarını izləyin və hər şeyə dərhal reaksiya vermək məcburiyyətində hiss etməyin.

Kontentimiz və Görünməyin Riski

İndi isə yaratdığımız kontentə gələk. Yaşadığımız regionun reallıqlarına görə təhlükəsizliyimizi təmin etmək üçün bir çoxumuz qohumları bloklayır, profillərimizi qapalı saxlayırıq. Amma sual açıq qalır: Nə qədər gizlənmək olar?

Görünmək istədikdə isə alqoritmin dağıdıcı fəaliyyəti ilə qarşılaşırıq. Məsələn, TikTok-da özünü ifadə edəndə alqoritm bizi öz icmamızdan çox, gizləndiyimiz o homofob qonşuların, qohumların və ya “nə deyərlər?” qorxusunun tam mərkəzinə – aqressiv konservativ auditoriyanın qarşısına çıxara bilir. Sosial şəbəkə bir anda həm azadlıq, həm də nəzarət məkanına çevrilir.

Zukerberqin Yeni Erası: Nifrətin “Azad” İfadəsi

Sosial şəbəkələrin bu qədər “yad” və təhlükəli məkana çevrilməsi təsadüfi deyil. Unutmayaq ki, Facebook-un təməli hələ Harvard illərində tələbə qızları xarici görünüşünə görə reytinqləyən “Facemash” platformasına dayanırdı. Bu gün Meta ekosistemində müşahidə etdiyimiz proseslər də mahiyyət etibarilə həmin ağ dərili kişi dominantlığının yeni, daha “müasir” ad altında geri dönüşüdür. Sadəcə bu dəfə açıq ayrı-seçkilik deyil, alqoritmlər və “ifadə azadlığı” ritorikası ilə pərdələnmiş bir sistemlə qarşı-qarşıyayıq.

Məhz bu kontekstdə sosial şəbəkələrin getdikcə “yad” məkana çevrilməsi artıq fərdi təsadüflər yox, mərkəzdən idarə olunan siyasi və korporativ qərarların nəticəsidir. Bu ilin əvvəlində Meta Facebook Messenger-dən LGBTQ+ “Pride” mövzularını və bayraqlarını səssizcə qaldırdı. Lakin əsas təhlükə vizual simvollarda deyil. Əsl risk Mark Zukerberqin “azad ifadəni bərpa etmək” adı altında nifrət nitqi qaydalarını dəyişməsində gizlənir. Yeni siyasətə əsasən, Meta platformalarında kuir fərdləri açıq şəkildə “psixi xəstə” və ya “abnormal” adlandırmaq, trans kimlikləri inkar edən və dehumanizasiya edən videolar paylaşmaq prakrtik olaraq legitimləşdirilib. Meta-nın Nəzarət Şurası isə bu cür paylaşımların “siyasi və dini diskurs” çərçivəsində silinməyəcəyini rəsmən təsdiqləyib.