“Roblox” Azərbaycan mediasında “mənfi təsir mənbəyi” kimi hədəfə alındı

“Roblox” Azərbaycan mediasında “mənfi təsir mənbəyi” kimi hədəfə alındı

Azərbaycanda uşaqların rəqəmsal dünyası hədəfə alınıb. Media eksperti kimi təqdim olunan Hacıbəy Heydərli “Azxeber” mediasına verdiyi açıqlamada milyonlarla uşağın sevimlisi olan “Roblox” platformasını “mənfi təsir mənbəyi” kimi qələmə verib. Daha problemli məqam isə onun artan homofobik ritorikanı təkrarlayaraq LGBTQ+ simvollarını və göyqurşağı rənglərini birbaşa “təhdid” kimi təqdim etməsidir.

Hacıbəy Heydərli çıxışında LGBTQ+ mövzularını və simvollarını “qadağan edilməli zərərli elementlər” kimi xarakterizə edir və bu mövqeyini əsaslandırmaq üçün Rusiyanı nümunə göstərir. Rusiyada “Roblox”a tətbiq edilən qadağaları misal çəkmək, əslində, insan hüquqlarının, ifadə azadlığının və müxtəlifliyin sistemli şəkildə boğulduğu bir modeli normallaşdırmaq anlamına gəlir. Bu isə təkcə texnologiya və oyun məsələsi deyil — bu, hansı cəmiyyət modelini istədiyimizlə bağlı açıq siyasi və ideoloji seçimdir.

Oxşar proseslər Türkiyədə də müşahidə olunub. 2024-cü ilin avqustunda Türkiyədə “Roblox”a giriş rəsmi olaraq “uşaq istismarı” arqumenti ilə qadağan edilsə də, real səbəblər daha fərqli idi. “Vergiden Kaçış (RTE)” adlı satirik oyunun qısa müddətdə populyarlaşması bu qadağanın əsas dönüş nöqtəsi oldu. Oyunda iştirakçılar “Patron RTE” personajının uydurma “saray vergisi”, “nəfəs alma vergisi” və “yaşama vergisi” kimi absurd tələblərindən yayınmağa çalışır, vizual mühit isə siyasi satira ilə dolu idi. Oyunun 1 milyondan çox istifadəçiyə çatmasından cəmi bir neçə həftə sonra bütün platformaya giriş bağlandı.

Həm Rusiya, həm də Türkiyə nümunəsi göstərir ki, “uşaqları qorumaq” şüarı çox vaxt azad düşüncəni, tənqidi baxışı və fərqliliyi məhdudlaşdırmaq üçün istifadə olunan bir qalxandır.

Bu arqumentlər fonunda “Roblox”un yalnız “zərərli” platforma kimi təqdim edilməsi faktlarla ziddiyyət təşkil edir. Beynəlxalq təcrübə göstərir ki, “Roblox” təkcə əyləncə deyil, həm də ciddi tədris və inkişaf potensialına malik rəqəmsal mühitdir. Platforma uşaqlara yaradıcılıq bacarıqları qazandırır, onları hazır ssenariləri izləyən passiv oyunçular deyil, öz oyunlarını və virtual dünyalarını yaradan aktiv istehsalçılara çevirir. “Roblox Studio” vasitəsilə uşaqlar sadə proqramlaşdırma dilləri ilə tanış olur, məntiqi düşünməyi, problem həll etməyi və dizayn etməyi öyrənirlər.

Platformanın çoxistifadəçili strukturu uşaqlarda komanda işi, liderlik və əməkdaşlıq bacarıqlarını inkişaf etdirir. Birgə layihələr üzərində işləmək, rolları bölüşdürmək, ideyaları müzakirə etmək — bunlar real həyatda da tətbiq olunan sosial bacarıqlardır. Eyni zamanda “Roblox” proqramlaşdırma üçün istifadə olunan Lua dili ilə uşaqlara erkən yaşda kodlaşdırma məntiqini öyrədir və bu, gələcəkdə texnologiya, oyun dizaynı və rəqəmsal yaradıcılıq sahələrinə açılan real bir qapıdır.

Bundan əlavə, oyun zamanı uşaqlar riyazi hesablamalar aparır, məntiqi ardıcıllıq qurur, oxuyur, yazır və araşdırma aparmağa təşviq olunurlar. Çətinlikləri aşmaq üçün məlumat axtarmaq, təlimatları oxumaq və ünsiyyət qurmaq onların tənqidi düşüncə və öyrənmə vərdişlərini gücləndirir. Bütün bunlar təhlükəsiz və riskdən uzaq bir mühitdə baş verir.

Bu reallıqlar fonunda Hacıbəy Heydərlinin səsləndirdiyi fikirlər müasir, inklüziv və insan hüquqlarına hörmət edən cəmiyyət anlayışı ilə uzlaşmır. “Roblox” kimi platformaların qadağan edilməsi çağırışları gənclərin özünüifadə imkanlarını daraltmaq, yaradıcılığı boğmaq və cəmiyyəti “tək rəngə” salmaq cəhdidir.

Biz inanırıq ki, əyləncə hər kəs üçündür. Heç bir rəng, heç bir kimlik və heç bir fikir qadağa mövzusu olmamalıdır. Uşaqları qorumağın yolu qadağalarla deyil, tənqidi düşüncəni, media savadlılığını və rəqəmsal bacarıqları gücləndirməklə mümkündür — və “Roblox” bu baxımdan problem deyil, fürsətdir.