Ramazan ayı fərqli insanlar üçün fərqli mənalar daşıyır. Bəziləri üçün bu ay ailə və icma ilə yaxınlaşmaq, birlik və həmrəylik içində olmaq deməkdirsə, digərləri üçün izolyasiya, məcburiyyət və təzyiqin simvoluna çevrilir. Xüsusilə də, uşaqlıqda məcburi oruc tutmağa məcbur edilənlər və ya dini praktikalar içində gender kimliyi və seksuallığı ilə bağlı sıxıntılar yaşayan kuir insanlar üçün Ramazan müxtəlif duyğular oyada bilər.
Bəs bu il Ramazan ölkədə kuir icması üçün nə ilə yadda qaldı? Kuirlər üçün hansı imkanlar mövcud oldu? Ramazan ayı cəmiyyətə inteqrasiya üçün bir fürsət yarada bildimi?
Sosial Şəbəkələrdə Ramazan Təcrübələri
Kuir icmasının fəal olduğu əsas platformalardan biri sosial şəbəkələrdir. Xüsusilə də TikTok. Bu il fenomen trans qadın tiktoker Turacgil Ramazan boyunca dörd gün oruc tutdu və bu təcrübəsini vlog formatında izləyiciləri ilə bölüşdü. Onun paylaşımları izləyicilər tərəfindən böyük maraqla qarşılandı, lakin sonradan TikTok səhifəsinə nəzər yetirdikdə bu vlogların artıq mövcud olmadığını gördük. Bu, kuir insanların dini təcrübələrini ictimaiyyətlə açıq bölüşməsinin hələ də müəyyən maneələrlə qarşılaşdığını göstərir.
Fiziki Məkanlar: Salaam Cinema-da İftar
Sosial şəbəkələrdən sonra kuir icmasının üz tutduğu ikinci mühüm məkan fiziki toplantı yerləridir. Bu il də hər il olduğu kimi, Azərbaycanda kuir insanların sıxlıqla baş çəkdiyi məkanlardan biri olan Salaam Cinema “İftar: Birlik, Paylaşım və Dəstək” gününü qeyd etdi. Məkan həm oruc tutan, həm də tutmayan hər kəsi açıq qollarla qarşıladı və iftar süfrəsində toplananlara paylaşım və birgə olmağın gücünü hiss etdirdi.
Salaam Cinema bildirir ki, “İftar yalnız yemək deyil, insanları bir-birinə yaxınlaşdıran, bizi birləşdirən bir dəyərdir. Biz bu iftarı, insanların bir-birinə yaxınlaşması, mədəniyyətimizin əsas dəyərlərindən biri olan paylaşmağın və bölüşməyin əhəmiyyətini vurğulamaq üçün təşkil edirik.”

Ramazan: Kuirlər Üçün Təklik Yoxsa Birlik?
Bu nümunələr göstərir ki, Ramazan ayı bəzi kuirlər üçün yadlaşma və izolyasiya hissindən uzaqlaşmaq, kollektivliyə doğru bir addım atmaq üçün fürsət oldu. Digər tərəfdən, bəzi hallarda kuir insanların dini təcrübələrini açıq şəkildə ifadə etməsi hələ də müəyyən çətinliklərlə qarşılaşır.
Lakin bir şey aydındır: Ramazan təkcə fərdi ibadət deyil, eyni zamanda kollektiv bir aktdır. Onun necə təcrübə olunması cəmiyyətin inklüzivliyindən və insanlara yaradılan imkanlardan asılıdır. Bu il Ramazan ayı, bir çox kuir insan üçün, təcriddən çıxıb birlik hissini yaşamaq üçün bir fürsət oldu. Mövcud maneələrə baxmayaraq, həm fiziki, həm də virtual məkanlarda qurulan körpülər göstərdi ki, birgə olmağın, paylaşmağın və bir-birini anlamağın gücü hələ də var.