Qürur Ayında Azərbaycanda fəaliyyət göstərən LGBT+ icmasının bir hissəsi ölkədə dövlət qeydiyyatından keçmiş ilk və yeganə LGBT təşkilatı olan Gender və Tərəqqi İctimai Birliyinin fəaliyyətindən narazılıq ifadə edir.
İcma üzvlərinin bildirdiyinə görə, təşkilatın ofisi son aylarda fəaliyyət göstərmir və bu səbəbdən üzvlər təşkilatın təqdim etdiyi bəzi xidmətlərdən yararlana bilmirlər. İddialara görə, ofisdən əsasən prezervativ, lubrikant və digər təhlükəsiz cinsi sağlamlıq vasitələri əldə edən şəxslər artıq bir neçə aydır bu imkanlardan məhrumdurlar.
İcma nümayəndələrindən biri redaksiyamıza bildirib ki, sonuncu dəfə ofisdən təxminən beş ay əvvəl istifadə edib.
“Beş ay bundan əvvəl prezervativ götürmüşük. İndi yazırıq, soruşuruq, deyirlər ki, ofis bağlıdır”, – deyə o qeyd edib.
Mənbənin sözlərinə görə, təşkilat rəhbərliyi ofisin təxminən üç aydır bağlı olduğunu bildirsə də, icma üzvləri bu müddətin daha uzun olduğunu düşünür.
Digər narazılıq isə təşkilatın üzvlərə verdiyi cavablarla bağlıdır. İcma üzvlərinin iddiasına görə, ofisin bağlı qalmasının səbəblərini öyrənmək istədikdə onlara aidiyyəti dövlət qurumlarına özlərinin müraciət etməsi tövsiyə olunur.
“Məktub yazın nazirliyə ki, ofis niyə bağlıdır, niyə prezervativ və lubrikant verilmir. Bizə deməyin, birbaşa nazirliyə deyin”, – deyə icma üzvü təşkilat nümayəndələrinin cavabını xatırladır.
Bu yanaşma isə bəzi icma üzvləri tərəfindən narazılıqla qarşılanır. Onlar hesab edirlər ki, təşkilatın fəaliyyəti ilə bağlı problemlərin həlli və müvafiq qurumlarla kommunikasiyanın qurulması ilk növbədə təşkilatın öz məsuliyyətinə daxildir.
İcma üzvləri həmçinin iddia edirlər ki, təşkilatın ofisi son illər ərzində davamlı fəaliyyət göstərmir və müəyyən dövrlərdə uzun müddət bağlı qalır. Onların sözlərinə görə, bəzi hallarda ofis ilin təxminən yarısında fəaliyyət göstərir, qalan dövrdə isə xidmətlər əlçatan olmur.
İcma üzvlərinin sözlərinə görə, bu vəziyyət artıq üç ildir davam edir və onlar bu müddət ərzində mütəmadi çətinliklərlə üzləşdiklərini bildirirlər. Hazırda Gender və Tərəqqi İctimai Birliyinin ofisinin bağlı olmasının səbəbləri, fəaliyyətin nə vaxt bərpa ediləcəyi və xidmətlərin hansı formada davam etdirildiyi ilə bağlı təşkilatın rəsmi mövqeyi məlum deyil.