İsveçli fəal bu gün səhər saatlarında üzərində “Palestine Action məhbuslarını dəstəkləyirəm. Soyqırıma qarşıyam”yazılmış plakat tutduğu üçün polis tərəfindən saxlanılıb.
Qreta Tunberq “Aspen Insurance” şirkətinin ofisi qarşısında keçirilən Fələstinə dəstək aksiyasında iştirak etdikdən sonra “Terrorizm haqqında Qanun” (Terrorism Act) çərçivəsində həbs olunub.
Etiraz aksiyası “Fələstin üçün Məhbuslar” (Prisoners for Palestine) qrupuna üzv olan iki fəalın Fençörç-stritdə (Fenchurch Street) yerləşən Aspen binasının ön hissəsinə qan rəngində boya tökməsi ilə başlayıb. Daha sonra həmin şəxslər özlərini binaya zəncirləyiblər; bu aksiya “Aspen” şirkətinin Qəzzada davam edən soyqırımda şərikliyinə diqqət çəkmək məqsədi daşıyıb.
Qeyd olunur ki, “Aspen” şirkəti “Elbit Systems UK” müəssisəsini işəgötürənin mülki məsuliyyətinin sığortası ilə təmin edir. Bu sığorta olmadan “Elbit” Britaniyada silah istehsal edə bilməz. “Elbit” İsrailin ən böyük silah istehsalçısıdır və ölkənin pilotsuz uçuş aparatları parkının, həmçinin yerüstü avadanlıqlarının 85 faizdən çoxunu təmin edir.
Bu aksiya həmçinin artıq səkkizinci həftədir ki, aclıq aksiyası keçirən “Fələstin üçün Məhbuslar” qrupunun üzvləri ilə həmrəylik nümayiş etdirmək məqsədilə təşkil olunub.
Tunberq sonradan etirazlara qoşularaq binanın qarşısında əyləşib və əlində “Palestine Action məhbuslarını dəstəkləyirəm. Soyqırıma qarşıyam” yazılmış lövhə tutub. O, polis tərəfindən “Terrorizm haqqında Qanun”un 13-cü maddəsinə əsasən həbs edilib. Bu maddəyə görə, hər hansı şəxsin qadağan olunmuş terror təşkilatının üzvü və ya tərəfdarı olması barədə əsaslı şübhə yarada biləcək əşyaların (məsələn, plakatın) nümayiş etdirilməsi cinayət əməli hesab olunur. Qeyd edək ki, “Palestine Action” 5 iyul tarixindən etibarən qadağan olunmuş qruplar siyahısına daxil edilib.
Tunberq bir neçə gün əvvəl aclıq aksiyası keçirənlərlə həmrəylik bildirmək üçün Instagram-da paylaşdığı bəyanatda belə demişdi:
“Dövlət müdaxilə etməli və soyqırımı dayandırmağa çalışarkən öz hüquqlarından istifadə edənlərin azadlığına yol açan bu ağlabatan tələbləri yerinə yetirməklə məsələyə son qoymalıdır. Britaniya dövləti bunu özü bacarmayıb. Hökumətin bu tələblərə göz yuma bilməməsi üçün səfərbər olun və mübarizəni genişləndirin. Ən əsası isə ‘Elbit’-i bağlamaq çağırışlarına cavab verməyə davam edin. Fələstinə azadlıq!”