Qılıncoynatmada yox, transfobiyada “qalib gəldi”

Qılıncoynatmada yox, transfobiyada “qalib gəldi”

Qarşısına çıxan cis qadın rəqibinin onunla mübarizəyə girməkdən imtina etməsindən sonra medianın anti-trans isteriyasının mərkəzinə düşən trans qadın qılıncoynadan Red Sallivan baş verənlərə münasibət bildirib və deyib ki, “danışmağa bundan qat-qat vacib məsələlər var”.

Tarix və təhsil üzrə ikili ixtisasla Wagner Kollecində təhsil alan Red Sallivan mart ayının sonunda Merilend Universitetində keçirilən Cherry Blossom Open turnirində Filadelfiya Qılıncoynatma Akademiyasının təmsilçisi Stefani Törner ilə qarşılaşmalı idi.

Lakin qarşılaşma başlamazdan əvvəl Törner maskasını çıxarıb diz çökərək mübarizədən imtina etdi. O, daha əvvəl turnirdə dörd döyüş keçirmişdi. Bu hərəkətindən sonra hakim tərəfindən qara kartla diskvalifikasiya olundu.

Törner hakimin qarşısında belə deyib:

“Bağışlayın, mən bunu edə bilmərəm. Mən qadınam, bu isə kişi – və bu qadınlar üçün nəzərdə tutulmuş turnirdir. Mən bu şəxslə döyüşməyəcəyəm.”

Törnerin etiraz videosu tezliklə sosial mediada yayıldı və Martina Navratilova və JK Roulinq kimi anti-trans mövqeyi ilə tanınan şəxslər tərəfindən dəstəkləndi. Törner həmçinin anti-trans idman təşkilatı XX-XY Athletics tərəfindən 5000 dollar mükafatla təltif edildi.

Hadisə və sonrakı reaksiyalarla bağlı Rolling Stone-a danışan Sallivan bildirib ki, bu durum onu çaş-baş salıb:

“Bu vaxta qədər belə bir şeylə qarşılaşmamışam. Heç kim daha əvvəl qadınlar turnirində iştirak etməyimə etiraz etməyib.”

O əlavə edib ki, Törner istəsəydi sadəcə turnirdən geri çəkilə və ya təşkilatçılarla danışaraq qarşılaşmanın dəyişdirilməsini xahiş edə bilərdi:

“O isə bunu planlı şəkildə ictimailəşdirmək və yaymaq üçün qəsdən belə davrandı.”

Sallivan vurğulayıb ki, insanlar bu hadisə ilə yalnız onun trans qadın olması səbəbilə maraqlanır, yoxsa qılıncoynatma çoxlarının diqqətində olan bir idman növü deyil:

“Merilenddə keçirilən kiçik bir turniri bu qədər müzakirə etməyə dəyməz – danışmağa milyonlarla daha vacib mövzu var.

“Mənim bütün həyatım siyasidir,” – deyə o əlavə edib.


Qadın idmanından trans qadınların kənarlaşdırılması siyasəti güclənir

Törnerin bu etirazı ABŞ-da Donald Tramp administrasiyasının trans qadınların qadın idmanlarında iştirakını qadağan edən fərmanı imzalamasından bir neçə həftə sonraya təsadüf edir.

Fevralda imzalanan fərmanda qeyd olunur:

“Son illərdə bir çox təhsil və idman qurumları qadın idmanlarında kişilərin iştirakına şərait yaradıblar. Bu, qadın və qızlara qarşı ədalətsizlik və təhlükədir, onların bərabər imkanlarını əlindən alır.”

Fərman ABŞ hökumətinin siyasəti olaraq, qadın idmanlarında “kişilərin” iştirakına qarşı çıxmağı vəd edir – təhlükəsizlik, ədalət, ləyaqət və “həqiqət” adı altında.

Bu qərardan sonra ABŞ-da tələbə idmanını tənzimləyən NCAA açıqlayıb ki, qadın yarışları yalnız doğumda qadın olaraq təyin edilmiş şəxslərlə məhdudlaşdırılacaq.


“Feminizm bütün qadınları əhatə etməlidir”

Red Sallivan qılıncoynatmanı “ezoterik idman növü” adlandıraraq bildirib ki, burada istənilən şəxslə məşq etmək mümkündür və bununla da inkişaf edilir.

“12 yaşlı uşaqlar tez-tez mənə yaxınlaşır və birlikdə məşq etmək istəyirlər. Bəzən onlara uduzuram,” – deyə o qeyd edib.
“Qılıncoynatma gücə əsaslanan idman deyil.”

Etirazlara baxmayaraq, USA Fencing trans inklüziv siyasətini qoruyaraq Sallivanı dəstəkləyib və belə bir açıqlama yayıb:

“USA Fencing bütün idmançılar və icma üzvləri üçün inklüziv, təhlükəsiz və hörmətli mühit yaratmaq prinsiplərinə sadiq qalır. Biz nifrət nitqi və yönlü diskriminasiyanın heç bir növünü qəbul etmirik.”