Bu gün Qazaxıstanın Məclisi (parlamentin aşağı palatası) “LGBT-təbliğatının qadağanı” ilə bağlı qanun paketini ikinci – son oxunuşda qəbul edib. Qanun Rusiyadakı kimi formal olaraq “uşaqların müdafiəsi” ilə əsaslandırılır.
Yeni dəyişikliklər “qeyri-ənənəvi” seksual orientasiya haqqında məlumatın ictimai məkanlarda, media vasitəsilə, telekommunikasiya şəbəkələrində və onlayn platformalarda yayılmasını qadağan edir. Qadağanın pozulmasına görə hansı cəzanın nəzərdə tutulduğu barədə mediada məlumat verilmir.
Yeddi beynəlxalq insan haqları təşkilatı artıq qanuna etiraz edib. Lakin deputatlar tənqidləri rədd edərək iddia ediblər ki, qanun ölkədəki kuir insanların şəxsi həyatına təsir göstərməyəcək.
“Bu, fərqli identifikasiyaya sahib insanların mövcudluğunu qadağan etmək deyil, cəmiyyətimizə yaddırılan həyat tərzinin təbliğini məhdudlaşdırmaq cəhdidir”, — deyə deputat Nikita Şatalov Liter.kz-ə bildirib.
Exclusive.kz-in məlumatına görə, sənədin rəsmi adı belədir: “Qazaxıstan Respublikasının bəzi qanunvericilik aktlarına arxiv işi və hüquqa zidd kontentin yayılmasının məhdudlaşdırılması məsələləri üzrə dəyişiklik və əlavələr edilməsi haqqında.”
Eyni sənəd Milli Arxiv Fondunun tərkibini genişləndirir, dövlət arxivlərinin məlumatların qorunması ilə bağlı funksiyalarını rəsmiləşdirir və sənədlərin daimi saxlanılması üçün rəqəmsal arxivə ötürülmə qaydasını tənzimləyir.
Qazaxıstanda LGBT qadağası necə formalaşdı
“LGBT-təbliğatının qadağanı” üzrə kampaniya 2024-cü ildə başlayıb. Əvvəlcə bu müddəanı media haqqında qanuna daxil etməyi təklif etdilər, lakin deputatlar imtina etdi. Daha sonra sürətlə imza toplayan petisiya ortaya çıxdı və hökumət onu nəzərdən keçirməyə razılaşdı. Müzakirələrdə həm qadağa tərəfdarları, həm də əleyhdarları iştirak etdi. Sonda işçi qrup petisiyanı “qismən dəstəkləmək” qərarına gəldi.
Kuir-kontentin qadağan olunması ilə bağlı işlər bu ilin oktyabrında yenidən aktivləşdi.
Bundan əvvəl xəbər vermişdik ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bir çox ölkələrə “LGBT-nin sırıdıldığını” iddia etmişdi.