Onlar Əylənir üçün mühüm bir gün! Artıq vebsaytımız fəaliyyətə başlayır və bu, bizim üçün sadəcə bir platforma açılışı deyil, həm də yeni bir dövrün başlanğıcıdır. Onlar Əylənir olaraq, biz məhdudiyyətlər və maneələr qarşısında səssiz qalmaqdan imtina edirik. Bu vebsayt vasitəsilə cəmiyyətimiz üçün daha geniş, daha güvənli və daha müstəqil bir məkan yaratmağa çalışırıq.
Bu xüsusi gün 8 Mart – Əməkçi Qadınlar Gününə təsadüf edir – qadınların öz hüquqları uğrunda apardıqları mübarizənin rəmzi olan bu gün, bizim üçün də azadlıq və bərabərlik yolunda önəmli bir başlanğıcdır. Bu da bizə bir daha xatırladır ki, haqq və azadlıqlar uğrunda mübarizə hər zaman davam edir.
Son zamanlar sosial mediada nisbətən passiv idik və bunun da ciddi səbəbləri var idi. ABŞ-da baş verən siyasi dəyişikliklər, xüsusilə Donald Trampın yenidən prezident seçilməsi ilə bəzi texnologiya nəhənglərinin LGBTQ+ və digər icmalara qarşı yönələn qərarları bizi düşündürməyə vadar etdi. Məsələn, Google Calendar-dan Pride Ayı kimi mühüm günlərin silinməsi, Meta-nın Facebook Messenger-də Pride və LGBTQ+ temalarını ləğv etməsi, həmçinin müxtəlif şirkətlərin DEI (Diversity, Equity, Inclusion – Müxtəliflik, Bərabərlik, İnklüzivlik) proqramlarını dayandırması bu tendensiyanın bariz nümunələridir.
Bu cür hadisələr göstərir ki, icmaların öz məkanlarını yaratması və qoruması vacibdir. Onlar Əylənir olaraq, biz sosial medianın qeyri-sabit siyasətlərinə məhkum olmamaq üçün daha çox öz platformamızı abadlaşdırmağa qərar verdik. Yeni vebsaytımız məhz bu məqsədə xidmət edəcək – LGBTQ+ icması və müttəfiqlərimiz üçün etibarlı bir informasiya mənbəyi və azad ifadə məkanı olmaq.
Onlar Əylənirin yeni vebsaytı vasitəsilə siz sağlamlıq, insan haqları, incəsənət və LGBTQ+ məsələləri ilə bağlı daha çox və daha keyfiyyətli məzmuna çıxış əldə edəcəksiniz. Burada həm aktual mövzular, həm də icmamız üçün vacib olan təşəbbüslər haqqında məlumat tapa biləcəksiniz.
Biz inanırıq ki, Onlar Əylənir təkcə bir media deyil, həm də icmanın enerji mənbəyidir. Yeniliklərə doğru birlikdə addımlamaq üçün vebsaytımızda sizləri gözləyirik!
Bizi izləyin, paylaşın və səsimizi birlikdə ucaldaq!