Moldovada transfobiya qalmaqalı: Aleks Şah məsələni diplomatik kanallara çıxardı

Moldovada transfobiya qalmaqalı: Aleks Şah məsələni diplomatik kanallara çıxardı

Kişinyov hava limanında polis əməkdaşlarının transfobik davranışına və qanunsuz saxlanmaya məruz qalan trans aktivist və jurnalist Aleks Şah hadisə ilə bağlı yeni açıqlama verib.

Şah bildirib ki, hadisədən sonra Moldovanın daxili işlər orqanlarına şikayət etməyə çalışıb, lakin orada ona bu məsələ ilə bağlı məsuliyyət daşımadıqlarını deyiblər. “Moldova Daxili İşlər Nazirliyi mənə kömək edə bilməyəcəklərini deyəndə açığı çox pis hiss etdim. Çünki ölkənin bu məsələlərlə maraqlanan qurumu belə cavab verəndə özümü müdafiəsiz hiss etdim. Halbuki gözləyirdim ki, onlar kömək edəcəklər,” – deyə o bildirib.

Daha sonra o, Azərbaycanın Moldovadakı səfirliyinə müraciət edib. Səfirlik nümayəndələri onu dinləyərək şikayət məktubunu qəbul ediblər və məsələ ilə bağlı Moldovanın Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayacaqlarını vəd ediblər. Lakin Şahın sözlərinə görə, səfirliyin davranışı çox rəsmi və soyuq olub: “Azərbaycan səfirliyi soyuq idi, çox empati göstərmədilər, sadəcə nə edə biləcəklərini rəsmi şəkildə dedilər. Mənim gözləntim odur ki, onlar mənim məsələm üzrə nazirliklə danışsınlar, cavab alsınlar və o cavab mənə də çatdırılsın,” – deyə o vurğulayıb.

Şah bildirib ki, əsas tələb məsələ ilə bağlı rəsmi araşdırmanın aparılmasıdır. O vurğulayıb ki, hadisədə iştirak edən pasport nəzarəti əməkdaşları və təhlükəsizlik işçiləri qanun qarşısında məsuliyyətə cəlb olunmalı və araşdırma açılmalıdır:“Mən istəyirəm ki, bu məsələ araşdırılsın və məsul şəxslər qanuni şəkildə məsuliyyətə cəlb olunsunlar,” – deyə o bildirib.

Beynəlxalq ictimaiyyətə də müraciət edən aktivist bildirib ki, bu hal təkcə ona qarşı baş verən hadisə deyil: “Mən xarici bir transgender olaraq bu cür münasibətə məruz qaldımsa, böyük ehtimalla başqa transgenderlər də belə hallarla qarşılaşır. Avropa İttifaqına namizəd olan bir ölkə belə rəftar göstərməməlidir – nə transgenderlərə, nə də ümumilikdə LGBTİ+ insanlara, turistlərə, insan haqları müdafiəçilərinə. Moldova imzaladığı beynəlxalq konvensiyaların prinsiplərinə əməl etməli və insan hüquqlarına, insanların şərəf və ləyaqətinin ali dəyərinə hörmət etməlidir.”