“Kömək yoxsa kontent?” – Nail Kəmrəlinin azyaşlı ilə bağlı videosu tənqid olunur

“Kömək yoxsa kontent?” – Nail Kəmrəlinin azyaşlı ilə bağlı videosu tənqid olunur

Sosial şəbəkələrdə blogger Nail Kəmrəlinin paylaşdığı yeni video ciddi ictimai qınağa səbəb olub. Videoçarxda Kəmrəli küçədə dilənən azyaşlı qızı “yardım etmək” məqsədilə onu gözəllik salonuna apararaq bəzətdirir və sonradan yenidən eyni əraziyə — Bakıdakı “Targovı” ətrafına qaytarır. Bütün proses isə onun YouTube kanalında “vlog” formatında paylaşılır.

“Gözəlləşmə”nin arxasında etik suallar

Video boyunca Kəmrəli və çəkilişdə iştirak edənlər “gözəl oldu”, “gözəlləşdi” ifadələrini təkrarlayır. Sosial mediada istifadəçilər bu yanaşmanı tənqid edərək qeyd ediblər ki, bu cür məzmunlar azyaşlıların ləyaqətini pozur, yoxsulluğu “estetik” bir şouya çevirir və “yardım” anlayışını sosial məsuliyyətdən uzaqlaşdırır.

“Yardım” məqsədli təqdimat əslində sosial bərabərsizliyi gücləndirən və insanın yoxsulluğunu kontent vasitəsinə çevirən bir format kimi qiymətləndirilib.

Tənqidə brend sahibləri də qoşulub

Bantik kosmetika mağazasının CEO-su Leyla Əliyeva da məsələ ilə bağlı mövqe bildirib. O, paylaşdığı videoda deyib:

“Siz ona təhlükəsizlik vermək əvəzinə, onu təhlükəyə atırsınız.”

Aktivist Gulnara Mehdiyeva da bu barədə Facebook hesabında yazıb. O yazıb ki, bu kimi hallarda azyaşlılarla birbaşa ünsiyyət qurmaq xüsusi məsuliyyət tələb edir:

“Biz aktivistlər 16–17 yaşlı zərərçəkənlərlə danışmağa, işləməyə qorxurduq ki, azyaşlıdı, birdən özbaşımıza danışıb-edərik, görüşərik, özümüzü tutub həbs edərlər. Üstəlik uşaqlarla iş üzrə də ixtisaslaşmamışıq. Çalışıb dərhal müvafiq qurumlara yönəldirdik ki, onların sosial işçiləri məşğul olsun.

Nail Kəmərli adlı blogger isə küçədən bir qrup azyaşlı qızı tutub, onlardan biri deyir ki, vəsiqədə 13 yaşı var, əslində guya 17. Onları üzü açıq vəziyyətdə valideynlərinin icazəsi olmadan çəkib bütün ölkəyə yayır, sonra da gözəllik salonuna aparıb, saçlarını boyayıb, parlaq qırmızı pomada ilə makiyaj etdirib yenidən küçəyə buraxır.”

Mehdiyeva əlavə edib ki, videoda qız həyatına dair olduqca həssas məqamlar danışır.

“Bu qızın gələcəyini düşünən adam onu üzü açıq şəkildə ölkəyə yaya bilər? Başa düşmür ki, gələcəkdə o qız normal həyata başlamaq, sosiallaşmaq istəsə, bu video onun üçün bir damğa olacaq?”

O həmçinin bildirib ki, videoda qız uşaq vaxtı bir oğlan tərəfindən qaçırıldığını, narkotik və içki istifadəsinə məcbur edildiyini deyir.

“Nail isə bu məlumatları yayıb, sonra da qızın harda fəaliyyət göstərdiyini açıq paylaşır ki, bütün istismarçılar, potensial sutenyor və narkodilerlər onu rahat tapa bilsinlər.”

Mehdiyevanın sözlərinə görə, videoya 140 mindən çox baxış gəlib və bu da məsuliyyətsiz paylaşımın nəticələrinin miqyasını göstərir.

“Üstəlik Nail utanmaz-utanmaz qızdan gələcəkdə ailə qurmaq haqqında soruşur. Bu, artıq tam etik sərhədlərin pozulmasıdır.”

İzləyicilər qeyd ediblər ki, video ilk baxışda yaxşı niyyətlə çəkilsə də, azyaşlının həyat şəraitinin sosial media mövzusuna çevrilməsi birmənalı qarşılanmayıb. Bir çoxları hesab edir ki, kömək göstərmək paylaşım üçün deyil, həqiqi dəstək üçün olmalıdır.