Keçmişin ritualları bizə panika və narahatlıq haqqında nə öyrədir?

Keçmişin ritualları bizə panika və narahatlıq haqqında nə öyrədir?

Uzun tariximiz boyu insanlar hər zaman təşviş, ehtimal ki, hətta panik ataklar yaşayıblar. Bu gün əlimizdə bu panika ilə mübarizə aparmaq üçün mürəkkəb dərman preparatları — xüsusilə benzodiazepinlər var. Benzodiazepinlər sürətlə təsir göstərir, sakitləşdirici və hətta eyforik bir yüksəliş yaradır ki, bu da həm psixoloji, həm də fiziki asılılıq riskini artırır. Lakin benzodiazepinlər nisbətən yeni olsa da, panika çox qədimdir. Bəs digər dövrlərdə, sivilizasiyalarda və mühitlərdə insanlar panikaya düşəndə nə edirdilər?

Panik atak keçirən bəzi insanlar “cadugər” kimi yandırılır və ya onlara cin-şeytanın toxunduğu ittihamı irəli sürülürdü. Lakin panikanın daha klinik bir şəkildə dərk edilməsinin başlanğıcı düşündüyünüzdən də qədimə gedib çıxır. E.ə. V əsrdə Hippokrat kimi yunan həkimləri müasir panik ataklara bənzəyən simptomları — ürək döyüntüsü, baş gicəllənməsi və huşunu itirmə kimi halları təsvir etmiş, lakin bunları “histeriya” adlanan daha geniş bir vəziyyət altında təsnif etmişdilər.

Daha sonra, 1025-ci ildə İbn Sina “Tibb Qanunu” əsərində qəfil qorxu və təşviş formalarını neyropsixoloji pozuntuların bir hissəsi kimi təsvir etdi. Onun izahları hələ də fiziki və mənəvi səbəbləri bir-birinə qarışdırsa da, əsərləri psixi sağlamlığın daha dərindən dərk edilməsi üçün təməl yaratdı. O yazırdı: “Ruhun hərəkətləri ürəkdə başlayır və bədəndə təzahür edir”. Bu, ağıl və fiziologiya arasındakı dərin əlaqəyə işarə edirdi. İbn Sina həmçinin bu gün “psixosomatik xəstəlik” adlandırdığımız vəziyyəti müzakirə edərək qeyd edirdi ki, “güclü emosiyalar nəbzi və üzün rəngini dəyişə bilər”. Onun emosional və mənəvi halların fiziki sağlamlığa birbaşa təsir göstərdiyinə dair holistik (bütöv) baxışı müasir psixosomatik təbabətin prinsiplərini təxminən min il qabaqlamışdı.

İbn Sina müasir təbabətdən çox əvvəl psixi xəstəliklərin müalicəsində real anlayışlar qazanmış və ya töhfə vermiş keçmişin çoxsaylı simalarından yalnız biridir. Məsələn, trepanasiyanı götürək — insanın kəllə sümüyündə deşik açmaq və ya kəsmək əməliyyatı. Bu təcrübə panik atakların və ya digər psixi pozuntuların müalicəsində effektiv olmasa da, kəllədaxili təzyiq kimi fiziki vəziyyətlərə tətbiq edildikdə halların demək olar ki yarısında uğurlu olurdu. Bu gün biz trepanasiyanın müasirləşmiş versiyası olan kraniektomiyadan hələ də kəllədaxili təzyiqi azaltmaq üçün istifadə edirik — sadəcə daha yaxşı alətlər və steril mühitlərdə.

Lakin mövzu panik ataklara gəldikdə, zor tətbiq etmək heç vaxt doğru cavab olmayıb. Bir çox mədəniyyətlərdə ən effektiv yanaşma zəkanı — və ya İslam psixologiyasında tez-tez qeyd edildiyi kimi “qəlbi” rahatlatmaq olub. Çoxu üçün bu, sadəcə “ruhən canlanmaq” və ya “şənlənmək” (cheering up) mənasını verirdi.

Bir çox xalqlar və cəmiyyətlər başa düşürdülər ki, ruh yüksəkliyi duyğu orqanları ilə — xüsusən qulaqlar və gözlərlə sıx bağlıdır. Sakitləşdirici bir şeyi dinləmək çox vaxt rahatlıq gətirir. Sakitləşdirici və ya tanış naxışları görmək gərginliyi azalda bilər. Bəzi hallarda isə, bir insanı panika vəziyyətindən çıxarmaq üçün intensiv və ya stimullaşdırıcı duyğusal naxışlardan istifadə olunurdu.

“Ritual emosional boşalma üçün strukturlaşdırılmış bir məkan təmin edir və iztirabı utancverici deyil, mənalı bir hadisə kimi yenidən formalaşdırır.”

Məsələn, əsrlər boyu Afrika Buynuzu və Misir, Yəmən kimi Yaxın Şərqin bəzi hissələrində “Zar” ritualı əsasən qadınlar tərəfindən icra edilən icma şəfa mərasimi olmuşdur. Bu ritual müasir panik və təşviş pozuntularına çox bənzəyən simptomları — nəfəs darlığı, sinədə sıxılma, titrəmə və dissosiativ epizodları hədəf alır. Lakin Zar ənənəsi bu təcrübələri sırf psixoloji adlandırmaq əvəzinə, onları narahat bir ruhun “toxunması” kimi şərh edir.

Mərasimin mərkəzində dayanan şəxs — adətən emosional və ya sosial məhdudiyyətlərdən əziyyət çəkən bir qadın — təbil, buxur, rəqs və zikrlərdən ibarət intensiv, ritmik bir mərasimin fokusuna çevrilir. O, trans vəziyyətinə girə bilər, titrəyə, ağlaya və ya fərqli səslə danışa bilər. Səthi baxışda bu, “ruh”un özünü ifadə etməsi kimi görünsə də, ritualın dərinliyində güclü bir psixoloji məqsəd dayanır: o, emosional boşalma, icma tərəfindən qəbul edilmə və iztirabın utancverici bir hal deyil, mənalı bir proses kimi qəbul edilməsi üçün strukturlaşdırılmış bir sahə yaradır.

Sibirin Evenki xalqı arasında da şamanlar psixiatriyanın panika, dissosiasiya və ya travma adlandırdığı halları müalicə etmək üçün uzun müddət təbil, zikr və transdan istifadə etmişlər. Şiddətli qorxu, təkrarlanan xəyallar və ya emosional iflic yaşayan şəxs psixi xəstə kimi damğalanmır, əksinə “ruhlar tərəfindən çağırılan” biri kimi qəbul edilirdi. Müqəddəs ritualda şaman transa girmək üçün böyük, oval təbildən istifadə edir və bəzən əziyyət çəkən şəxsi də bu vəziyyətə gətirirdi. Bu vəziyyətdə fərd öz qorxusunu şəxsləndirə və hekayə, ritm və hərəkət vasitəsilə təcrübəsini yenidən bərpa edə bilirdi. Cəmiyyət həmin şəxsi təcrid etmək əvəzinə, hadisəni mənalı bir hadisə kimi bağrına basırdı.

Qədim Misirdə də şəfa heç vaxt sadəcə fiziki deyildi — o, ritual, musiqi və simvolik xarakter daşıyırdı. Hətta simptomlar tamamilə fiziki görünsə belə, Misir həkimləri ürək-damar narahatlığının mümkün səbəbi kimi tez-tez “ürək kədəri”ndən bəhs edirdilər. Ən qədim tibbi mətnlərdən biri olan Ebers Papirusunda (təxminən e.ə. 1550) “ürək titrəməsi” üçün müalicələr qeyd olunur ki, bu da böyük ehtimalla təşviş epizodlarına işarədir. Şəfa prosesi müqəddəs yerlərdə baş tuturdu; burada təkrar, ritm və ətirlər bədən və “ka” (həyati ruh) arasındakı harmoniyanı bərpa etmək üçün birlikdə işləyirdi.

“Bəs biz ritmi, duyğusal stimulları və zehnimizi sakitləşdirməyin asılılıq yaratmayan üsullarını yenidən mərkəzə gətirsək necə olar?”

Bir qanunauyğunluq görürsünüzmü? Bəli — məhz qanunauyğunluğun özü. Bütün bu köhnə müalicə üsulları əsasən ritmə, səsə, vizual stimullaşdırmaya və icma dəstəyinə arxalanırdı. Bu elementlər sadəcə mədəni bəzəklər deyil, şəfa prosesinin vacib hissələri idi. Lakin müasir müalicələrimizin bir çoxunda onlar demək olar ki, yoxdur.

Bu gün bəzi tədqiqatlar göstərir ki, hər gün istifadə edildikdə cəmi üç-altı həftədən sonra dozadan və müddətdən asılı olaraq uzunmüddətli istifadəçilərin 15-44 faizində benzodiazepin asılılığı yaranır. Dərmanı buraxmaq prosesi isə amansız ola bilər — bu, təkrar təşviş, panik ataklar, titrəmələr və nadir hallarda qıcolmalara səbəb olur.

Bütün bunlar kritik bir sual doğurur: Bəs biz zamanda deyil, prinsipdə geriyə qayıtsaq necə olar? Ritmi, duyğusal stimulları və zehni sakitləşdirməyin asılılıq yaratmayan üsullarını yenidən mərkəzə gətirsək necə?

2024-cü ildə mən Mayar Əşrəf ilə panik atakların müalicəsi kimi yuxu dalğalarının simulyasiyasını araşdıran bir beyin tədqiqatı layihəsi üzərində işlədim. Yuxu dalğaları beynin yuxunun müxtəlif mərhələlərində yaratdığı elektrik aktivliyi naxışlarıdır. Biz bunu elektroensefaloqrafiya (EEQ) vasitəsilə ölçə bilərik. Bu yanaşma hələ araşdırma mərhələsində olsa da, afrikalı əcdadlarımızın bir vaxtlar təbil, zikr və transla əldə etdikləri metodun müasirləşmiş formasına bənzəyir. Lakin bu dəfə söhbət ruhlardan deyil, neyronlardan gedir. Yenə də hikmət oxşardır.

Bu gün getdikcə daha çox klinik psixoloq panika və təşviş pozuntusu olan pasiyentlərə kömək etmək üçün qrup şəklində ritmik nəfəs seanslarından istifadə edir. Belə metodlardan biri də “holotropik nəfəs” texnikasıdır. Bu üsul Amazon hövzəsinin yerli xalqları, Şimali Amerika yerli qəbilələri və Mərkəzi Asiya çöl mədəniyyətləri arasında tapılan şaman və mənəvi ənənələrə əsaslanır. İştirakçılar ritmik musiqi sədaları altında nəfəs alır və içlərindən gələn hər şeyi — ağlamaq, titrəmək və ya qışqırmaq — ifadə etməyə təşviq edilirlər.

Holotropik nəfəs müasir psixiatriyada hələ də mübahisəli mövzu olsa da, şəfanın duyğusal və icma formalarına qayıdış geriləmə deyil, reinteqrasiyadır (yenidən birləşmədir). Elm klinik ciddiliyi itirmədən insanlıq tarixindən dərs ala bilər və qədim təcrübələrin çox vaxt empirik həqiqətləri ehtiva etdiyini qəbul edə bilər. Hippokratın “histeriya” kimi müşahidə etdiyi və şamanların “mənəvi böhran” olduğuna inandığı şey, əslində bizim indi “sinir sistemi disrequlyasiyası” (pozulması) kimi başa düşdüyümüz vəziyyətlə eyni ola bilər. Ritm, hərəkət və səs sehrli olduqları üçün deyil, azan siniri (vagus nerve) işə saldıqları, neyroplastikliyi stimullaşdırdıqları və yüklənmiş beynin balansını bərpa etdikləri üçün işə yarayır.

Beləliklə, özünüzü həmin qədim mühitdə təsəvvür edin — lakin indi buxur və təbillərin yanında EEQ başlıqları və siqnal prosessorları da var. Panikanın müalicəsinin gələcəyi keçmişlə indiki zaman arasındakı mübarizədə deyil, hər ikisinin eyni insani ehtiyacı necə ödəyə biləcəyini anlamaqda ola bilər: özünü təhlükəsiz hiss etmək, görünmək və sakitləşmək. Bu mənada tarix sadəcə panika araşdırmaları üçün bir fon deyil — o, bir xəritədir. Və biz nəhayət onu oxumağı öyrənirik.