“Yaxşı seks və böyük joint. Əla hiss edirdim.”
Alternativ hip-hop artisti nullza “walkthrough” albomunu bitirdiyi günü belə xatırlayır. Bir il ərzində üzərində işlədiyi layihə onun üçün sadəcə yeni albom deyil. Bu, on il davam edən fasilədən sonra hip-hopa dönüşdür.
Ancaq bu dönüş təsadüfi deyil.
Nullza deyir ki, albomun yayımlanmasına qədər keçən müddətdə emosiyalarından çox plana güvənib. “Hazırlaşdığım proses olduğu üçün soyuqqanlı və təmkinli idim. Sadəcə üzərimə düşən işi görüb planımı tamamlamağa fokuslanmışdım.”
Buna baxmayaraq, hip-hopa qayıtmaq onda xüsusi bir hiss oyadıb.
“Hip-hopa uşaqlıqdan bağlı olduğum üçün bu qayıdış mənə ‘bacardım’ hissini yaşatdı.”
Bir il ərzində qurulan dünya
“walkthrough” üzərində iş düz bir il davam edib. Bu bir il isə nullza üçün yalnız musiqi istehsalı deyil, həm də miqrasiya həyatının davamı olub.
“Son beş ildir bütün yaradıcılığım miqrasiya prosesində baş verir”, – deyir.
Onun sözlərinə görə, miqrant kimliyi təkcə gündəlik həyata yox, sənətə də təsir edir. Evdən uzaqda yaşamaq, davamlı hərəkətdə olmaq və yeni mühitdə öz yerini tapmağa çalışmaq yaradıcılığa başqa bir baxış gətirir.
“Mən həmişə miqrant artistlərin işləri ilə maraqlanmışam. Miqrant olaraq art etmək səni xüsusi bir təcrübənin içərisinə salır. Bunun çətinlikləri də az deyil.”


Hər track yeni bir missiyadır
Albomun adı da təsadüfi seçilməyib.
Video oyunlarında “walkthrough” oyunçunu missiyadan missiyaya aparan bələdçidir. Nullza da eyni ideyanı albomun mərkəzinə yerləşdirib.
“Albom konseptualdır. Əsas ssenari xətti videooyun qəhrəmanının müxtəlif missiyaları keçməsi üzərində qurulub. Ona görə də ‘walkthrough’ konsepti tamamlayan ən uğurlu ad idi.”
Bu səbəbdən o, albomun track ardıcıllığının da xüsusi əhəmiyyət daşıdığını vurğulayır. Hekayənin bütün detalları haqqında danışmaq istəməsə də, dinləyicilərə skitləri ardıcıllıqla dinləməyi və tracklərdə gizlədilmiş detallara diqqət yetirməyi tövsiyə edir.
“Düşünürəm ki, insanlar bunu özləri dinləyib anlamalıdırlar.”
“Əvvəllər nullza olmayıb”
Nullza “walkthrough”u özünün ən güclü geri dönüşü adlandırır. Maraqlıdır ki, əvvəlki və indiki versiyasını müqayisə etməsi istəniləndə o, cavabı tamam başqa istiqamətə aparır.
“Əvvəllər nullza olmayıb.”
Sonra əlavə edir:
“Hazırda tam olaraq özüməm və məncə olduğum kimi bombayam.”
Bu özünəinam albomun istehsal prosesində də hiss olunub. O deyir ki, on beş ildən sonra ilk dəfə studiyaya girəndə mikrofon qarşısında heç bir tərəddüd yaşamayıb.
“Recording otağından çıxanda dedim ki, 15 il əvvəl axırıncı dəfə recordingdə olmuşam. Yaxşı ki, heç nə yadımdan çıxmayıb.”
Berlin soundu deyil
Son illər Berlində yaşasa da, nullza musiqisinin bu şəhərlə əlaqələndirilməsini düzgün hesab etmir.
“Mənim soundumun Berlinlə əlaqəsi yoxdur.”
Onun sözlərinə görə, musiqisi daha çox şəxsi təcrübələrinin, ABŞ rap məktəbinin və uşaqlıqdan hip-hopa olan sevgisinin nəticəsidir.
Bununla belə, yaşadığı şəhərin atmosferinin alboma hopduğunu inkar etmir.
“Berlində qış dəhşət ağır keçir. Qışda yazılan tracklərin ağırlığından bunu hiss etmək olur.”
Hətta albomdakı “Public Transportation Stories” adlı track Berlin metrosunun U3 xəttində, təxminən əlli dəqiqəlik yol boyunca yazılıb.
Artist, amma ilk növbədə artist
Nullza Cənubi Qafqazdan trans və kuir artist kimi görünən simalardan biridir. Amma o, özünü bu kimliklər üzərindən təqdim etməyi seçmir.
“Özümü trans artist kimi təqdim etmirəm. Mən sadəcə artistəm.”
Onun sözlərinə görə, şəxsi təcrübələri musiqisində var, amma bunu bir etiket kimi ön plana çıxarmaq istəmir.
“Mən daha geniş məsələlərdən danışıram. Kimliyim musiqimdə qeyri-obvious formada yer alır.”
Albom kim üçündür?
Nullza üçün “walkthrough” müəyyən bir auditoriyaya hesablanmayıb.
“Yol keçən və ədalətsizliklərə məruz qalan hamıya.”
O deyir ki, bu musiqidə özünü tapan hər kəs artıq həmin auditoriyanın bir hissəsidir.
Məqalənin sonunda isə dinləyicilər üçün yalnız bir arzusu var.
“İstəyirəm sadəcə oturub fikirləşsinlər ki, həyatları ilə nə edirlər və nə edə bilərdilər.”
Bəlkə də “walkthrough”un əsas missiyası da elə budur. Hər track yeni bir mərhələni keçməkdən yox, insanın öz yolu ilə üzləşməsindən bəhs edir. Nullza üçün bu albom on ildən sonra hip-hopa qayıdışdır. Dinləyici üçün isə bəlkə də öz həyatına başqa tərəfdən baxmaq imkanı.