İtaliya Konstitusiya Məhkəməsi bu həftə verdiyi tarixi qərarla lezbiyan cütlüklərin uşaqları üzərində hər iki ananın da hüquqlarını tanıdı. Qərar, qeyri-bioloji ananın hüquqi valideyn kimi tanınmamasının uşaqların qayğı, təhsil və emosional davamlılıq hüquqlarını pozduğunu vurğulayır.
Reuters-in məlumatına görə, mayın 22-də elan olunan qərarda məhkəmə vurğulayıb ki, süni mayalanma (IVF) vasitəsilə xaricdə uşaq sahibi olan qadın cütlüklərin qeyri-bioloji analarının valideyn kimi rəsmiləşdirilməməsi Konstitusiyaya ziddir.
2004-cü ildən qüvvədə olan qanuna əsasən, İtaliyada yalnız doğuş edən ana uşağın hüquqi valideyni kimi tanına bilirdi. Lakin bu qanunun müxtəlif bölgələrdə fərqli tətbiqi vəziyyəti daha da qarışdırmışdı: bəzi bələdiyyələr qeyri-bioloji anaları doğum şəhadətnamələrinə daxil edirdi, digərləri isə yalnız bioloji ananı qeyd edirdi.
Məhkəmə bu ziddiyyətli tətbiqatın “cəmiyyətin dəyişən reallığına uyğun gəlmədiyini” və qanunvericiliyin bu dəyişikliyə cavab verə bilmədiyini qeyd edib.
Qərar LGBTQ+ hüquqları sahəsində çalışan aktivistlər tərəfindən “tarixi dönüş nöqtəsi” kimi qiymətləndirilib. İtaliya Sol Partiyasının üzvü və fəal Marilena Grassadonia bildirib:
“Bu qərar ölkəmizdə yaşayan saysız-hesabsız rəngarəng ailəyə ləyaqət və rahatlıq bəxş edir.”
Lakin bu qərar hələ də bir çox məhdudiyyəti aradan qaldırmır. Hazırda İtaliyada süni mayalanma yalnız evli heteroseksual cütlüklərə açıqdır. Yəni lezbiyan və ya subay qadınlar ölkədə bu tibbi prosedura çıxış əldə edə bilmirlər – bu hüquq yalnız müalicəni xaricdə alanlara şamil edilir.
İtaliyada eyni-cinsli vətəndaş ittifaqları 2016-cı ildən qanuniləşsə də, belə cütlüklərin övladlığa uşaq götürmək hüququ yoxdur. Bu, əsasən, Katolik Kilsəsinin təsiri ilə əlaqələndirilir. Ölkədə surroqat analıq da qanunsuzdur və qeyri-bioloji ataların xaricdə surroqatla dünyaya gələn uşaqları övladlığa götürməsi də hüquqi çətinliklərə səbəb olur.
Bununla belə, eyni gün – mayın 22-də – İtaliyanın şimalında bir məhkəmə qeyri-bioloji atanın da surroqatla doğulan övladını hüquqi şəkildə övladlığa götürə bilməsinə dair qərar verib. Bu da LGBTQ+ valideynləri üçün daha bir müsbət inkişaf kimi qiymətləndirilir.
İspaniyaya köç edən lezbiyan ana Kiara Soldatini bu qərarı belə şərh edib:
“Artıq heç kim bizim oğlumuzun, bizim oğlumuz olduğunu sual altına ala bilməz.”
O, əlavə edib: “Amma yalnız bütün iki atalı ailələr də mənimlə bərabər badə qaldıra biləndə şampanımı açacağam. Hələ dayanmaq vaxtı deyil.”