Ermənistanda Sevdaliza-nın çıxışı dini çevrələrin təzyiqi fonunda ləğv olundu

Ermənistanda Sevdaliza-nın çıxışı dini çevrələrin təzyiqi fonunda ləğv olundu

Ermənistanda Coca-Cola Music Fest İran–Niderland mənşəli müğənni Sevda Əlizadənin (səhnə adı Sevdaliza) çıxışını ləğv edib. Qərar sosial şəbəkələrdə dini çevrələrdən gələn etirazların artmasından sonra verilib.

Festivalın dördüncü buraxılışı 30 avqustda baş tutacaq. Lakin bazar ertəsi səhər yayılan açıqlamada təşkilatçılar yalnız qısa bir qeydlə bildiriblər ki, “Sevdaliza çıxış etməyəcək” və onun yerinə kimin səhnəyə çıxacağının yaxın günlərdə açıqlanacağını vurğulayıblar.

Ləğv ehtimalı barədə ilk işarə bazar günü verilmişdi. Həmin vaxt festival təşkilatçıları “Sevdaliza ilə bağlı səslənən rəyləri və narahatlıqları eşidirik və nəzərə alırıq” – deyə paylaşım etmişdilər.

Sosial şəbəkələrdə yüzlərlə istifadəçi bu məsələni müzakirə edərək, bəziləri onun çıxışının ölkənin “ilk xristian dövləti” statusuna zidd olduğunu iddia edərək ləğvini tələb ediblər. Digərləri isə sənətçinin sənətinə görə cəzalandırılmasının yanlış olduğunu vurğulayıb: “Xahiş edirik, bu orta əsrlər təfəkkürünə uymayın, sənətkarı sənətinə görə silməyin.”

Erməni rəssam Artur Rosenkranz isə Facebook-da yazıb: “Sadəcə kiçik bir gurultu belə böyük beynəlxalq korporasiyaları qorxutmağa və festivalın əsas ifaçısını dəyişməyə vadar edir.”

Narazılığın səbəbi

Müzakirələrin qızışmasına Sevdaliza-nın yeni təqdim etdiyi Messiah mahnısının klipi səbəb olub. Klipdə xristian simvolları fonunda erotik səhnələr əks olunub. Tənqidçilər bunu “müqəddəs dəyərlərə hörmətsizlik” kimi qiymətləndiriblər.

“Sacred Armenia” (Müqəddəs Ermənistan) təşəbbüsü isə sənətçinin çıxışını “ölkəyə qarşı mənəvi hücum” adlandıraraq ciddi nəticələr barədə xəbərdarlıq edib: “Şər daxil olarsa, o, həyatınıza savaş və kədər gətirəcək. Onu öncədən dayandırmaq daha yaxşıdır.”

Bəzi müşahidəçilər isə ləğvi Coca-Cola şirkətinin əvvəlcədən planlaşdırdığı PR gedişi kimi qiymətləndirib. Sosial şəbəkə şərhçilərindən Yaşa Solomonyan qeyd edib ki, şirkət minimal xərclə geniş auditoriyanın dəstəyini qazanıb.

Ermənistanda son illərdə dini və ictimai təzyiqlər fonunda müxtəlif konsertlərin ləğv edildiyi müşahidə olunub. 2019-cu ildə “Vader” adlı death metal qrupunun Yerevandakı konserti başqa məkana köçürülmüş, 2022-ci ildə isə rusiyalı reper Morgenştern-in konserti onun “satanist” damğası ilə qarşılaşmasından sonra ləğv olunmuşdu.

Sevdaliza-nın çıxışının ləğvi isə ölkədə keçirilən böyük musiqi tədbirlərinin dalğasında baş verdi. Xüsusən də 3 avqustda Yerevanda pop ulduz Cennifer Lopez-in konserti on minlərlə tamaşaçı toplamışdı. Baş nazir Nikol Paşinyan 17 avqust tarixli paylaşımında bu konsertləri “Ermənistanda həyatın və sülhün bayramı” kimi xarakterizə etmişdi.