Bi+ Görünürlük Günü: Miflər və Həqiqətlər

Bi+ Görünürlük Günü: Miflər və Həqiqətlər

Bi+ kimliklər haqqında miflər təkcə yanlış təsəvvür deyil, həm də monoseksuallığın üstün mövqeyindən doğan stereotiplərdir. Onların kökləri çox zaman məlumatsızlıq, fetişləşdirmə və hetero-cis normativ qaydalardan qaynaqlanır. Amma bir şey dəqiqdir: bu miflər bi+ insanlara birbaşa təsir edir, onların özünüifadəsini məhdudlaşdırır, bəzən də fiziki və psixi sağlamlıqlarına zərər vurur.

Bu gün – Bi+ Görünürlük Günü – həmin mifləri ifşa etmək və onların arxasındakı həqiqətləri ortaya çıxarmaq günüdür.

Mif 1: “Bi+ insanlar qərarsızdır”

Həqiqət: Bi+ olmaq qararsızlıq deyil. Bir insanın birdən çox genderə qarşı istək hiss etməsi tərəddüd yox, sadəcə istəklərin spektrinin genişliyidir.

Bu mif bi+ insanların kimliyini kiçildir və onları “tam olmayan” kimi təqdim edir. Onları qərarsızlıqla eyniləşdirmək sadəcə yanlış təsəvvürlərdən qaynaqlanır.


Mif 2: “Bi+ olmaq 50/50 olmalıdır”

Həqiqət: Çoxları elə düşünür ki, biseksual olmaq üçün istək mütləq “yarı qadınlara, yarı kişilərə” bölünməlidir. Bu, tamamilə yanlışdır. Bi+ insanlar bəzən daha çox bir genderə maraq hiss edə bilər, və ya bəzən bu maraq dəyişkən (fluid) ola bilər. Bu, heç vaxt onların kimliyini azaldan faktor deyil.


Mif 3: “Bi+ olmaq sadəcə mərhələdir”

Həqiqət: Bu stereotip bi+ kimliklərin mövcudluğunu inkar edir, “real” saymır və onları müvəqqəti stansiya kimi təqdim edir. Ən zərərli stereotiplərdən biridir. İnsan özünü zamanla daha yaxşı tanıya bilər, amma bu, bi+ kimliklərin mövcudluğunu inkar etmir.


Mif 4: “Bi+ insanlar xəyanətə meyllidirlər”

Həqiqət: Xəyanət insanın orientasiyası ilə bağlı deyil, şəxsi seçim və davranışdır və hər kəsdə ola bilər. Bi+ olmaq sadəcə müxtəlif genderlərə cazibə deməkdir, bu heç də sədaqətsizlik anlamına gəlmir. Bi+ insanlar da hər kəs kimi sadiq ola bilərlər.

Bu mif bi+ kimliklərin fetişləşdirilməsindən doğur. “Çox seçimləri var, deməli, sadiq qalmayacaqlar” kimi damğalar onların münasibətlərdə güvənini sarsıdır. Halbuki bi+ insanlar sevgi dolu və uzunmüddətli münasibətlər qura bilirlər.


Mif 5: “Bi+ insanlara bir partnyor kifayət etmir”

Həqiqət: Bu stereotip bi+ insanları seksual obyektə çevirir. Monoqamiya və poliamiya hər yönəlimdə mümkündür. Bi+ olmaq eyni anda çoxlu partnyor istəmək demək deyil. Sadəcə bi+ insanlara “həddindən artıq seksual” damğası vurmaqdan başqa bir şey deyil.


Mif 6: “Əgər bir insan yalnız əks genderlə münasibətdə olubsa, o, bi+ deyil”

Həqiqət: Seksual orientasiya münasibətlər və ya təcrübə ilə ölçülmür. Münasibətdə olub-olmamaq insanın kimliyini müəyyən etmir. Hisslərin və maraqların mövcudluğu kifayətdir. Bu mif çox insanı susmağa məcbur edir, çünki “təcrübən yoxdursa, sənin sözün keçmir” mesajı verilir. Halbuki yönəlim insanın içindədir və xarici təsdiqə ehtiyacı yoxdur.


Mif 7: “Bi+ insanlar sadəcə diqqət çəkmək istəyirlər”

Həqiqət: Bi+ kimliklə açıq olmaq heç vaxt asan deyil. Hetero-cis normativ dünyada sadəcə “mən bi+am” demək belə ayrı-seçkiliklə qarşılanır. Bu, diqqət çəkmək deyil — sadəcə var olmağın nəticəsidir.


Mif 8: “Bi+ insanlar sonda mütləq kişilərlə olacaq”

Həqiqət: Bu patriarxal mif həm bi+ qadınlara, həm də bi+ kişilərə qarşı zərərlidir. Qadınlara çox vaxt “axırda kişiyə qayıdacaq” damğası vurulur, kişilər isə “gizli gey” kimi etiketlənir.

Üstəlik, cəmiyyət kişilərə daha çox “dəyər” verir. Elə bil qadın bir qadınla münasibətdədirsə, bu o qədər də “ciddi” sayılmır, xəyanət kimi görülmür. Amma bir kişiyə getsə, bu daha “real” və “ağır” sayılır. Bu yanaşma qadın münasibətlərini kiçildir, kişini isə “əsas mükafat” kimi təqdim edir. Halbuki hər bir bi+ insanın seçimləri gerçəkdir və patriarxal ssenarilərə sığmır.