Bakıda kuir-dostu məkana ikinci polis reydi

Bakıda kuir-dostu məkana ikinci polis reydi

Bakının mərkəzində yerləşən və kuir-dostu məkan kimi tanınan “Labyrinth Project” gecə klubuna polis tərəfindən kütləvi reyd keçirilib. Hadisə şahidlərinin və saxlanılan şəxslərin verdiyi məlumatlar əməliyyat zamanı fiziki zorakılıq, alçaldıcı rəftar, şəxsi həyata qanunsuz müdaxilə və rüşvət tələbləri ilə bağlı iddialar var.

Qeyd edək ki, oxşar polis müdaxiləsi bu məkanda daha əvvəl də qeydə alınıb. 2025-ci ilin yanvarında keçirilən reyd zamanı klubda olan 40–50 nəfər təxminən altı saat saxlanılıb, fiziki zorakılıq tətbiq edilməsə də, alçaldıcı rəftar və psixoloji təzyiq müşahidə olunub. 

Reyd və Saxlanılma

Şahidlərin bildirdiyinə görə, polis əməkdaşları gecə saatlarında məkana daxil olaraq məkanda olan şəxslərə qarşı kobud və aqressiv davranıblar. Bəzi şəxslər hətta qandallanaraq zorla klubdan çıxarılıb. Ümumilikdə 106 nəfər xüsusi avtobuslarla Nəsimi Rayon Polis İdarəsinə aparılıb.

Saxlanılanların ifadələrinə əsasən, polis idarəsində onların hərəkət azadlığı tam məhdudlaşdırılıb. İnsanlar 12–13 saat ərzində ayaqüstə saxlanılıb, oturmağa və hətta yorğunluqdan divara söykənməyə belə icazə verilməyib.

Fiziki Zorakılıq və Qeyri-İnsani Rəftar

Bölmədə saxlanılma zamanı bir neçə şəxsin fiziki zorakılığa məruz qalıb. Zərərçəkənlərdən birinin polisin zərbəsi nəticəsində dişinin sındığı, bir qadının isə saçlarının zorla qırxıldığı bildirilir.

Tualetə getməyə icazə verilmədiyi üçün saxlanılan şəxslərdən birinin dözməyərək şalvarına isladığı, daha sonra isə soyuq havada həmin vəziyyətdə saatlarla saxlanıldığı qeyd olunur. Şəraitin ağırlığı səbəbilə halı pisləşən və huşunu itirən şəxslər üçün polis idarəsinə bir neçə təcili tibbi yardım briqadası çağırılıb.

Şəxsi Həyata Müdaxilə və Təhdidlər

Zərərçəkənlərin sözlərinə görə, polis əməkdaşları saxlanılanların telefonlarını zorla alaraq şəxsi yazışmaları, foto və digər məxfi məlumatları yoxlayıblar. Heç bir inzibati və ya cinayət pozuntusu törətmədiyi halda, bəzi şəxslərdən barmaq izləri və biometrik məlumatlar götürülüb.

Bundan əlavə, polis əməkdaşlarının 9–10 nəfəri xüsusi olaraq seçərək narkoloji müayinəyə apardıqları, onları məhkəmə ilə hədələdikləri bildirilir.

Qanunsuz Pul Tələbləri və Cərimələr

Saxlanılanların ifadələrinə əsasən, azadlığa buraxılmaq üçün bəzi şəxslərdən 30–50 manat məbləğində pul tələb olunub və bu məbləği ödəyənlərin bir hissəsi sərbəst buraxılıb. Pulu olmayan şəxslərə isə “qapalı məkanda siqaret çəkmə” bəhanəsi ilə təxminən 210 manat məbləğində inzibati cərimələr tətbiq edilib.

Hadisə zamanı polis idarəsinə gələn valideynlərə qarşı da alçaldıcı və nifrət dolu ifadələrdən istifadə edildiyi, onlara övladlarının seksual oriyentasiyası ilə bağlı təhqiramiz sözlər deyildiyi vurğulanır.

Mövqe və Reaksiyalar

“Labyrinth Project” klubu hadisədən sonra qısa açıqlama yayaraq məkanda polis yoxlamasının aparıldığını bildirib və yaranmış vəziyyətlə bağlı müştərilərdən üzr istəyib. Daxili İşlər Nazirliyi isə 106 nəfərin saatlarla saxlanılması, işgəncə, şəxsi həyata müdaxilə və rüşvət iddiaları ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Hüquq müdafiəçiləri vətəndaş cəmiyyəti nümayəndələri baş verənləri kuir icmasına qarşı sistemli təzyiq nümunəsi kimi qiymətləndirir, iddiaların müstəqil şəkildə araşdırılmasını və hüquq pozuntularına yol verən şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edirlər.