Azərbaycanda ilk dəfə İnsan İmmunçatışmazlığı Virusuna (İİV) yoluxma faktı 1987-ci ildə qeydə alınıb. 1987-ci ildən 2025-ci ilin ikinci rübünün sonunadək 11 058 nəfər Azərbaycan vətəndaşı Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində rəsmi qeydiyyata alınıb.
“APA” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Günel Babayeva məlumat verib.
Məlumata görə, ölkədə 2006-cı ildən etibarən tətbiq olunan antiretrovirus müalicə proqramı çərçivəsində hazırda 10 mindən çox İİV-lə yaşayan şəxs daimi nəzarət və müalicə altındadır. Bildirilib ki, bu müalicə infeksiyanın inkişafının qarşısını almaqla yanaşı, virusun qanda müəyyən olunmayan səviyyəyədək enməsinə şərait yaradır və nəticədə yoluxduruculuq riski minimuma düşür.