Az Danışılan 4 Asılılıq

Az Danışılan 4 Asılılıq

Asılılıq dedikdə çox vaxt siqaret, alkoqol, narkotik yada düşür. Amma gündəlik həyatımızda bizi səssizcə idarə edən başqa asılılıqlar da var. Hətta bəzən bu gizli asılılıqlar daha təhlükəlidir, çünki fərqinə varmadan davranışlarımızı, münasibətlərimizi, özümüzə baxışımızı formalaşdırırlar.

Gəlin, az danışılan, amma kifayət qədər təsirli dörd “underrated” asılılığa birlikdə nəzər salaq.

1. Başqalarının Fikrindən Asılı Olmaq

Bizim cəmiyyətdə ən geniş yayılmış “gizli” asılılıq başqalarının fikrindən asılı olmaqdır. Hər addımımızda “başqaları nə deyər?” sualı bizi izləyir. Bu ifadə sanki valideynlərin, qohumların və qonşuların şüuraltında kod kimi işləyir. Lap erkən yaşlarımızdan bəri çox vaxt öz istəklərimizə görə deyil, ətrafdakılara “ayıb olmasın” deyə yönləndirilirik: universitet ixtisası seçimində, münasibət quranda, necə geyinməkdə, hətta gündəlik söhbətlərdə belə.

Elmi araşdırmalar göstərir ki, bu davranışın arxasında iki əsas mexanizm dayanır:

  • Normativ sosial təsir – qəbul olunmaq və rədd edilməmək üçün başqalarının yolunu izləmək.
  • İnformasiya təsiri – qeyri-müəyyən vəziyyətdə başqasının daha çox bildiyini güman edib onun qərarını təkrarlamaq.

Təsirlərini gündəlik həyatımızda aydın görürük. Deyək ki, bir dost məclisindəsiniz, fikrinizi demək istəyirsiniz, amma içdən bir səs sizi saxlayır: “Ya mənim haqqımda başqa cür düşünərlərsə?” Yaxud yeni bir paltar almısınız, amma onu geyinmək üçün dostunuzun və ya ananızın “bəyəndim” deməsini gözləyirsiniz. Partiyə gedəndə isə musiqiyə deyil, daha çox beyninizdəki daxili dialoqa qulaq asırsınız: “Mən burda hamı kimi görünürəmmi? Uyğunlaşa bilirəmmi?”

Bu tərəddüdlər təsadüfi deyil — onlar bizim daxili sensorumuzdan gəlir. Bu sensor hər an nəzarətdədir: davranışımızı, görünüşümüzü, hətta düşüncələrimizi belə ölçür. Beləcə, özümüzü “azad” hiss etdiyimiz yerlərdə belə, görünməz bir imtahan veririk.

“Görünməz imtahan” hissi kuir və LGBT+ üçün daha dərin təsirləri var. Çünki burada söhbət təkcə görünüşdən və davranışdan getmir, həm də kimliyin özündən gedir. Onlar təkcə seçimlərinə görə yox, mövcudluqlarının özünə görə də sual altına alınırlar. “Əgər partnyorumdan danışsam, mənə neçə dəqiqə normal davranacaqlar?” və “Bura həqiqətən təhlükəsiz yerdirmi, yoxsa sadəcə tolerant görünürlər?”

Psixoloqlar deyir ki, bu hal davamlı olanda fərddə özünü itirmə yaranır. Yəni insan kim olduğunu, nə istədiyini unudur. Özünü ifadə edə bilməyən, sərhədlərini qoruya bilməyən insanın daxilində boşluq yaranır. Bu boşluq isə çox vaxt başqa asılılıqlara da qapı aça bilər.

Başqalarının fikrindən asılılıq bəzən bütün bu davranışların başlanğıc nöqtəsidir. Yalnız “öz qərarsızlığımız” deyil, insan psixikasının sosial təsirlərə həssaslığının nəticəsidir. Amma fərqinə varmaq və balans yaratmaq mümkündür.

Kiçik məsləhətlər

  • Başqalarının fikri kompas ola bilər, amma istiqaməti həmişə özün seçməlisən.
  • Qərar verərkən özünə soruş: “Bu mənim istəklərimdir, yoxsa başqasının təsiridir?”
  • Kiçik addımlarla öz seçimini et: məsələn, paltar alanda ilk öz “bəyəndim” hissinə qulaq as, intuisiyanı dinlə və tələsmə.
  • Uyğunlaşmaq məcburiyyətin yoxdur. Öz görünüşün və davranışın sənə aid seçimdir, başqasının “normal” qəlibinə sığışmaq şərt deyil.
  • Təhlükəsiz mühit axtarmaq özünü rahat hiss etməyin vacib şərtidir
  • Dəstək icmalarında (kuir dost çevrəsi, onlayn qruplar, müttəfiq insanlar) olmaq “daxili sensor”un yaratdığı təzyiqi azaldır. Çünki orada “fit in” olmaq üçün dəyişməyə ehtiyac yoxdur.

2. Münasibət Asılılığı

Bəzən isə bu təsir təkcə gündəlik qərarlarda yox, münasibətlərimizdə də özünü göstərir. “Nə vaxt evlənirsən? Hələ də təksən?” – cəmiyyətdə ən çox eşitdiyimiz suallardan biridir. Bu təzyiqlər bəzən elə bir dünyaya sürükləyir ki, sanki partnyorumuz olmadığı üçün dəyərsizik. Elə bil ki, hər kəs mütləq münasibətdə olmalıdır, hər birimizin ali məqsədi bu həyatda partnyor tapmaqdır. Amma bəlkə də sən ömrün boyu münasibət istəmirsən, ya da sadəcə bu an üçün buna hazır deyilsən. Bu da normaldır. Problem isə ondadır ki, sosial normalar bizə uyğun olmayan münasibətlərdə özümüzü itirməyə məcbur edir.

Psixologiyada buna çox vaxt münasibət asılılığı və ya ko-asılılıq deyilir — insan özünü yalnız partnyorun gözü ilə görür və onun ehtiyacları ilə nəfəs alır, amma öz istəklərini unudur. Bu halın əlamətləri çoxdur:

  • Öz kimliyini partnyor üzərindən qurmaq
  • Rədd edilmək qorxusu ilə sağlam olmayan davranışlara göz yummaq
  • Sərhədlərin itməsinə yol vermək
  • Başqasının ehtiyaclarını özündən üstün tutmaq
  • “Xeyr” deməkdə çətinlik çəkmək

Məsələn, gənc bir insan sevgilisini həyatının mərkəzinə qoyub dostlarını, hobbilərini, hətta öz xəyallarını ikinci plana keçirir. Bu sevgi deyil — asılılıqdır. Çünki sevgi insanı tamamlamalı yox, azad buraxmalıdır.

Belə bir vəziyyət hər kəs üçün çətin ola bilər, amma kuir və LGBT+ üçün daha da mürəkkəbdir. Çünki cəmiyyət çox vaxt yalnız hetero münasibətləri “normal” sayır. Bu halda partnyor təkcə sevgili yox, həm də “təhlükəsiz zona” rolunu oynayır. Bəzən ailə və cəmiyyət tərəfindən rədd olunan biri üçün bütün dəstək yalnız münasibətə yüklənir. Bu isə ko-asılılıq riskini artırır: “hər şeyim odur” yanaşması ilə partnyor üzərində həddən artıq emosional yük formalaşır.

Amma çıxış yolları var:

  • Öz ehtiyaclarını tanı və ifadə et
  • İctimai təzyiqə görə münasibətə girməyə tələsmə — partnyor tapmaq “ali məqsəd” deyil
  • Öz dünyanı qur: dostların, maraqların, arzuların olsun
  • Lazım olsa, peşəkar dəstək al, çünki emosional sərhədləri bərpa etmək bəzən kömək tələb edir

Münasibətdə olmaq gözəldir, amma münasibətdə özünü itirmək yox. 

Unutma: həyatındakı ən vacib münasibət sadəcə başqaları ilə yox, özünlə qurduğun münasibətdir. Özünlə münasibətin sağlam olduqda, digər bütün münasibətlər də daha balanslı və səmimi olur.

3. Sosial Şəbəkə (Scrolling) Asılılığı

Əlində telefon, barmağın ekranda – və bir də baxırsan ki, saatlarla vaxt keçib. Hamımıza tanış olan haldır. “Sadəcə bir video daha” deyə başladığımız scroll, bəzən bizi öz gündəlik həyatımızdan ayırır.

Psixoloqlar deyirlər ki, bu davranışın kökündə çox vaxt yalnızlıq və emosional boşluq dayanır. Biz ruh halımıza uyğun nəsə tapmaq, diqqətimizi yayındırmaq, ya da sadəcə özümüzü başqasının hekayəsi içində hiss etmək üçün ekrana yapışırıq. Bəzən scrolling produktiv də ola bilər – maraqlı məlumat tapırıq, ilhamlanırıq, əylənirik. Amma iş balansı pozanda, artıq asılılıq halına gəlir.

Araşdırmalar göstərir ki:

  • Sosial şəbəkə istifadəsi beyində dopamin ifrazını artırır. Yəni hər yeni bildiriş və ya yeni video bizə kiçik bir “xoşbəxtlik dozası” verir.
  • Beyin bu hissi təkrar almaq üçün davranışı davam etdirir → dopamin dövrəsi yaradır.
  • Yalnızlıq, stress və gündəlik problemlər dövrəni daha da gücləndirir.

Bizim reallıqda isə scroll-un başqa bir funksiyası da var: qaçış. Həyatın çətinliklərindən, sosial təzyiqlərdən, hətta öz hisslərimizdən qaçmaq üçün ekrana sığınırıq. Xüsusilə də kuir və LGBT+ üçün sosial media həm də qəbul və görünürlük yeri olur: insan bəzən ekranda öz hekayəsinə bənzər bir hekayə tapır və “yalnız deyiləm” hissini yaşayır. Amma məhz bu səbəbdən scroll-un cazibəsi daha da güclənir və ekran həyatdan oğurlayan bir “təhlükəsiz zona”ya çevrilə bilir.

Çıxış yolları isə sadə, amma təsirlidir:

  • Özünə limit qoy – məsələn, yatmazdan əvvəl 15 dəqiqə.
  • “Mindful scrolling” et – şüurlu şəkildə izlədiyin kontenti seç.
  • Offline vaxt yarat – dostlarınla görüş, kitab oxu, ya sadəcə pəncərədən bax.

Scrolling pis deyil, amma həddindən artıq olduqda bizdən vaxtımızı, enerjimizi, hətta bəzən özümüzü oğurlayır. Balans isə yenə də açar sözdür. 

4. Özünü Müqayisə Asılılığı

“Onun işi var, maşını var, münasibəti var… mən isə hələ burdayam.” Tanış ssenaridir, elə deyilmi? Özünü başqaları ilə müqayisə etmək insana bəzən motivasiya verə bilər, amma bu davranış vərdişə çevriləndə artıq asılılıq halı alır.

Psixologiyada bu davranış sosial müqayisə nəzəriyyəsi ilə izah olunur: insanlar öz dəyərlərini başqalarının uğurları və uğursuzluqları ilə ölçürlər. Problem ondadır ki, sosial şəbəkələr dövründə bu müqayisə artıq gündəlik normaya çevrilib. Dostunun yeni ev fotosu, tanımadığın birinin xaricdəki tətil postu, başqasının paylaşdığı “mükəmməl” münasibət hekayəsi və s.

Bir anlıq baxış bizdə sual yaradır: “Mən niyə orda deyiləm?”

Araşdırmalar göstərir ki, davamlı müqayisə:

  • Özünə inamı zəiflədir.
  • Narazılıq və qısqanclıq hisslərini artırır.
  • Öz həyatına fokuslanmaq əvəzinə, başqasının həyatını izləməyə yönəldir.

Amma unutmamaq lazımdır ki, hər kəsin yolu fərqlidir. Başqasının sürəti sənin sürətin deyil. Ən sağlam yanaşma – özünü yalnız dünənki özünlə müqayisə etməkdir.

Çıxış yolları:

  • Sosial mediada keçirdiyin vaxta limit qoy.
  • Həyatında kiçik nailiyyətləri qeyd et.
  • Öz ritmini və arzularını tanı, başqasının ssenarisi ilə yaşamağa çalışma.

Müqayisə etmək insan olmaqla bağlıdır, amma ona əsir düşmək öz həyatını başqasının kölgəsinə çevirməkdir. 

Dörd fərqli asılılıq – başqalarının fikri, münasibət, scroll və müqayisə – əslində bir ortaq cəhətə malikdir: onlar bizi özümüzdən uzaqlaşdırır. Amma bu vərdişlərin fərqinə varmaqla, həyatımıza daha şüurlu, daha rahat şəkildə sahib ola bilərik.