LGBTQI gənclərinin və uşaqlarının məktəblərdə təhlükəsiz və hörmətli bir mühitdə təhsil alma hüququ, bir çox Avropa ölkəsində hələ də reallıqdan uzaqdır. Bu vəziyyəti əyani şəkildə göstərən IGLYO-nun LGBTQI İnklüziv Təhsil İndeksi və Xəritəsinin üçüncü nəşri yayımlandı. Sənəd Azərbaycan üçün isə çox acınacaqlı bir mənzərə təqdim edir: ölkə 49 Avropa ölkəsi arasında sonuncu yerdə qərarlaşıb.
IGLYO — Beynəlxalq LGBTQI Gənclər və Tələbə Təşkilatı — tərəfindən hazırlanan bu indeks, ölkələrin LGBTQI şagirdləri üçün nə dərəcədə inklüziv təhsil mühiti yaratdığını 10 göstərici əsasında qiymətləndirir. Göstəricilər arasında diskriminasiyaya qarşı qanunvericilik, anti-bullying siyasətləri, tədris proqramlarında LGBTQI mövzularının yer alması və müəllimlərin bu sahədə təlim alıb-almadığı kimi əsas sahələr yer alır.
Azərbaycan, Belarus, Rusiya, Macarıstan və Latviya kimi ölkələrdə artıq LGBTQI mövzularının məktəblərdə müzakirəsi qanunla qadağan edilmişdi. 2025-ci ildə isə bu sıraya Gürcüstan, Bolqarıstan və Türkiyə də əlavə olundu. Bu ölkələrdə “anti-LGBTQI təbliğat qanunları” ilə məktəblərdə inklüziv təhsil mümkün olmur.
Azərbaycanda LGBTQI mövzularının məktəbdə müzakirəsi birbaşa qanunla qadağan edilməyib, amma de-fakto olaraq bu mövzulara qarşı tamamilə repressiv, senzuralı və qorxulu bir mühit var. Bu səbəblə IGLYO və bənzər təşkilatlar Azərbaycanı “anti-LGBTQI qanunları olan ölkələr” sırasında göstərirlər — bu, daha çox praktik vəziyyəti təsvir edir, nəinki yalnız qanuni çərçivəni.
“Azərbaycan da LGBTQI mövzularının məktəblərdə faktiki olaraq qadağan edildiyi ölkələr sırasındadır — rəsmi qanun olmasa belə, sistematik senzura və təzyiqlər bu mövzuları təhsildən kənarda saxlayır.”
IGLYO-nun Tədqiqat və Siyasət Mütəxəssisi Amélie Waters bu prosesi belə izah edir:
“İnklüziv təhsil ‘anti-gender’ hərəkatlarının əsas hədəflərindən birinə çevrilib. Təhsil artıq insan hüquqları və müxtəliflik üzərində siyasi mübarizə meydanıdır.”
Qanun Var, Təcrübə Yox
Bəzi ölkələr anti-diskriminasiya qanunları qəbul etsə də, real təcrübədə bu qanunlar məktəblərdə LGBTQI şagirdlərinin müdafiəsinə çevrilmir. Müəllimlərin əksəriyyəti LGBTQI mövzularını dərsdə necə təqdim edəcəyini bilmir və yalnız 3 ölkədə bu mövzularda müəllimlər üçün məcburi təlim mövcuddur.
İndeks göstərir ki, 13 ölkə — o cümlədən Azərbaycan — LGBTQI inklüziv təhsilin təmin olunması üçün demək olar ki, heç bir tədbir həyata keçirməyib. Bu isə LGBTQI gənclərinin məktəbdə zorakılıq, ayrı-seçkilik və psixoloji təzyiqlərə məruz qalma riskini artırır.
Ümid Haradadır?
Müsbət dəyişikliklərin də baş verdiyi ölkələr var: Belçika, Danimarka, Fransa, İslandiya, İrlandiya, Malta, Norveç, İspaniya və İsveç kimi ölkələrdə inklüziv təhsil sahəsində inkişaf davam edir. Bu isə onu göstərir ki, siyasi iradə və cəmiyyət dəstəyi ilə real dəyişiklik mümkündür.
IGLYO İdarə Heyətinin sədri Yassine Chagh bildirir:
“Təhsil nə imtiyaz, nə də savaş meydanı olmalıdır. Bu, hər bir LGBTQI şagirdi üçün təhlükəsizlik və ləyaqəti təmin etməli olan fundamental hüquqdur.”
Onlar Əylənir olaraq xatırladırıq ki, inklüziv təhsil hüququ universaldır və heç bir uşağın və ya gəncin kimliyi səbəbilə məktəbdə susdurulmasına, görünməz edilməsinə və ya sıxışdırılmasına göz yumulmamalıdır. Azərbaycanın bu indeksdə sonuncu olması təkcə statistik deyil — bu, minlərlə gəncin təhsil həyatına birbaşa təsir edən sosial və siyasi bir problemdir.