Azərbaycan Avroviziyadan çıxmır — sosial mediada yayılan iddialar yalandır

Azərbaycan Avroviziyadan çıxmır — sosial mediada yayılan iddialar yalandır

Türkiyənin bəzi media qurumları və sosial media hesablarında yayılan “Azərbaycan Avroviziya 2026-da İsrail iştirak etməsə, biz də qatılmırıq” xəbərləri doğru deyil.

APA agentliyinin verdiyi məlumata görə, 15–16 sentyabrda Xorvatiyanın Dubrovnik şəhərində keçirilən görüşdə yalnız altı ölkə — İspaniya, Niderland, Sloveniya, İslandiya, İrlandiya və Belçika — rəsmi bəyanatla çıxış edib. Onlar bildiriblər ki, əgər İsrail müsabiqəyə buraxılarsa, 2026-cı ildə iştirakdan imtina edəcəklər. Azərbaycan tərəfi isə bu mövzuda hər hansı açıqlama verməyib.

İsrailin Avroviziyada iştirakı ilə bağlı qərar dekabrın 2–4-də Cenevrədə keçiriləcək Avropa Yayım Birliyinin (EBU) Baş Assambleyasında qəbul olunacaq. Yalnız üzv ölkələrin səsverməsi bu məsələyə aydınlıq gətirəcək. Həmin səbəbdən təşkilatçılar yarışmadan maliyyə cəriməsi olmadan imtina üçün son tarixi 10 dekabradək uzadıblar.

Azərbaycanın son illərdə İsraillə münasibətləri yaxınlaşıb. İki ölkə arasında hərbi əməkdaşlıq və regiondakı ortaq maraqlar Bakı üçün Tel-Əvivi mühüm tərəfdaşa çevirib. Qəzzadakı müharibə fonunda İsrail beynəlxalq təcrid yaşayarkən də bu münasibətlər sabit qalıb.

Məsələ barədə yanlış iddialar ilk olaraq Türkiyənin Akit televiziya kanalı və “Baho” adlı sosial media platformasında yayılıb.