Angelina Jolie: “Mən artıq ölkəmi tanıya bilmirəm” – “Çox ağır dövrlərdən keçirik”

Angelina Jolie: “Mən artıq ölkəmi tanıya bilmirəm” – “Çox ağır dövrlərdən keçirik”

Aktrisa ABŞ-da ifadə azadlığına qarşı artan təhdidlərdən danışdı.

Hollivud ulduzu və biseksual ikonaya çevrilmiş Angelina Jolie ABŞ-da söz azadlığına yönələn hücumların təhlükəli hal aldığını deyib.

Mr. & Mrs. Smith filminin ulduzu son filmi Couture-u (rejissor və ssenari müəllifi Alice Wincour) 21 sentyabr bazar günü İspaniyanın San Sebastián film festivalında təqdim edib.

Jolie bu açıqlamaları ABŞ prezidenti Donald Trump-ın ona qarşı çıxan televiziya şəbəkələrinin lisenziyalarının “əlindən alınması” barədə dedikləri və aparıcı Jimmy Kimmel-in sağçı siyasətçi Charlie Kirk-in ölümündən sonra söylədiyi fikirlərə görə şousunun dayandırılması fonunda səsləndirib.

Söz azadlığı ilə bağlı sualı cavablandırarkən Jolie bildirib:
“Mən ölkəmi sevirəm, amma bu vaxtda ölkəmi tanımıram. İstənilən məhdudiyyət – fərdi ifadə və azadlıqlara qarşı yönəlmiş hər hansı addım – çox təhlükəlidir.”

O əlavə edib: “Biz hamımız birlikdə çox ağır bir dövrdə yaşayırıq.”

Disney isə 23 sentyabrda “Jimmy Kimmel Live” verilişinin efirə qayıdacağını təsdiqləyib.

Bu Jolie-nin ilk dəfə LGBTQ+ mövzusu ilə bağlı açıq danışması deyil. 2021-ci ildə Marvel-un Eternals filmində Thena obrazını canlandıran aktrisa bəzi ölkələrin filmdəki gey məzmun səbəbilə qadağasına reaksiya verərək, bunu “cahil yanaşma” adlandırmışdı..

Filmdə texnologiya mütəxəssisi Phastos (aktyor Brian Tyree Henry) Marvel Kinematoqrafik Kainatının ilk gey öpüş səhnəsində yer alırdı. Bu səbəbdən film Körfəz ölkələrinin bir neçəsində nümayişdən çıxarılmışdı.

O vaxt Jolie belə demişdi: “Marvel-in həmin səhnələri kəsməkdən imtina etməsi ilə qürur duyuram. Mən hələ də başa düşə bilmirəm ki, necə olur ki, hələ də Phastosun ailəsini və bu münasibətin gözəlliyini görmək istəməyənlər var. Onlara yazığım gəlir.”