Əgər Lady Gaga, Beyoncé və ya Madonna kimi musiqi ulduzlarının Instagram şərhlərinə nəzər salsan, yəqin bu ifadələrlə qarşılaşarsan: “Mother!!”, “O tam bir motherdir”, “Mother motherlik edir”. Bəs bu kontekstdə “mother” olmaq nə deməkdir?
Bu şərhlərdə söhbət ənənəvi analıq anlayışından getmir – baxmayaraq ki, yazanlar bəlkə də bilmədən bu ifadənin kuir icmadan götürülərək geniş auditoriyaya yayıldığını dilə gətirirlər. İstər fərqində olsunlar, istərsə də yox – bu insanlar LGBTQ+ icmasının dilindən çıxıb popkultura daxil olmuş bir ifadəyə istinad edirlər. Və bundan da önəmlisi, bu ifadə kuir və transların nəsillərlə formalaşdırdığı alternativ analıq xəttinə işarədir.
Kuir ana olmaq – bu, real həyat təcrübəsində kuir və translara ev verən, yol göstərən, onları yetişdirən güclü bir ana fiqurudur. Bu dəstək fərdi səviyyədə – yaşamaq üçün sığınacaq vermək, yol göstərmək, gündəlik qayğını bölüşmək kimi ola bilər, ya da daha geniş səviyyədə – bir pop ulduzun olduğu kimi, bütün bir nəsil üçün örnək və yol işığı olmaq formasında təzahür edə bilər. Məsələn, House of LaBeija-nın analarından biri olan Pepper LaBeija, trans fəal Cecilia Gentili və G.L.I.T.S-in qurucusu Ceyenne Doroshow kimi adlar bu anlayışa həyat verən queer analardır. Onlar, sistemli sosial dəstək olmayan bir dünyada, öz icmalarını böyütmək üçün ortaya çıxan insanlardır.
Pennsylvania State Universitetində tətbiqi dilçilik və gender araşdırmaları üzrə dosent Ariana Steele bu anlayışı belə izah edir:
“Kuir cəmiyyətdə ‘ana’ ifadəsi ənənəvi ailə anlayışındakı ana obrazını xatırladır – ehtiyac olanda uşaqlarını sevgi və anlayışla qucaqlayan şəxsdir. Kuir analar, bioloji anaların rolunu genişləndirərək səni heç kim qəbul etməyəndə belə yanında olan və səni qanadlarının altına alan insanlardır.”
Bəs niyə son illərdə məşhur ifaçılar və cis-het məşhurlar da “mother” adlandırılır? Meghan Trainor-un belə “Mother” adlı mahnısı var və bu məhz bu anlayışa istinad edir.
“Mother” anlayışının kuir istifadəsinin tarixi
Bu anlayış daha geniş auditoriyaya FX kanalında yayımlanan Pose serialı ilə çatdı – bu serial 1980-90-cı illərin Nyu Yorkundakı Black və Latinx queer ballroom səhnəsinin üzvlərinin həyatından bəhs edirdi. Serial 1991-ci ildə çəkilmiş “Paris is Burning” sənədli filmindən ilhamlanmışdı və o film əfsanəvi kuir evlərin analarının – məsələn Crystal LaBeija və Lottie LaBeija kimi – necə öz icmalarını formalaşdırdıqlarını göstərirdi. Bu insanlar kuir və trans gəncləri əhatə edən, sevgi və təhlükəsizlik verən “evlər”in təməlini qoyurdular.
Ancaq bu anlayış 1960-cı illərlə məhdudlaşmır. Daha erkən dövrlərə – 1880-ci illərə baxdıqda, ilk sənədləşdirilmiş drag yarışmalarının Black queer icmalarında başlandığını görürük. Bu səhnələrin qurucularından biri olan, köləlikdən azad edilmiş William Dorsey Swann kuirlərə toplaşmaq haqqı uğrunda mübarizə apararaq “queen” kimi tanınırdı. “Mother”, “vogue” və “strike a pose” kimi ifadələr həmin drag ballardan qaynaqlanır.
Daha da geriyə – 18-19-cu əsrlərin İngiltərəsinə baxsaq, “mother” anlayışının kuir istifadəsinin ilk nümunələrini orada da görürük. O dövrdə “molly house” adlanan, gey kişilərin və gender qeyri-konform insanların təhlükəsiz şəkildə toplaşa bildiyi məkanlar mövcud idi. Bu məkanlardan birini idarə edən və həmin dövrdə “Mother Clap” kimi tanınan Margaret Clap adlanan bir hetero qadın idi – o, 1720-ci illərdə queer insanlar üçün sığınacaq yaratmışdı.
“Mother” nə deməkdir?
Ən sadə şəkildə desək, “mother” – bir kuir, icma və ya nəsil üçün analıq rolu götürən şəxsi ifadə edir. Bu anlayışın yaranmasının əsas səbəbi – kuir və transların bir çox hallarda öz doğma ailələri tərəfindən qəbul edilməməsi və xaric edilməsidir. Beləliklə, alternativ ailə formaları – seçilmiş ailə və kuir analıq – həyatda qalmaq üçün zəruri hala gəlir.
Steele bunu belə ifadə edir:
“Mən həm kuir dilçiliyi, həm də kuir gecə həyatında böyümüş biri kimi bir çox ana gördüm və bir çoxları tərəfindən ‘motherlik’ edildim. Kuir analar – sənə dəstək olan, sənə bu transfobik və homofobik dünyada necə öz ləyaqətinlə, gücünlə və bir az da attitude ilə yaşamağı öyrədən insanlardır.”
Zamanla bu ifadə həm də sarkazm və yumorla genişlənib. Seçilmiş ailələrdəki analar hələ də “mother”dir, ancaq Charli XCX, FKA Twigs və Amanda Lepore kimi feminenliyi təmsil edən və kuir auditoriyaya danışan məşhurlar da eyni titulu daşıyır. Təbii ki, son illərdə bu anlayış cis-het insanlar tərəfindən də mənimsənilib. Steele qeyd edir ki, bu fenomen “semantic bleaching” – yəni sözün siyasi və güc daşıyan mənalarının silinərək daha “şirin” və siyasi olmayan kontekstdə istifadəsi adlanır.
“Son zamanlarda bir çox hetero qadının bu ifadəni istifadə etdiyini görürəm və bu məni narahat edir. Marginal icmalardan – xüsusilə Black queer subkulturasından çıxan anlayışlar dominant cəmiyyət tərəfindən mənimsənəndə, onların mənaları zəifləyir. ‘Mother’ anlayışında da eynilə bu baş verir. Ancaq biz bu anlayışın kuir köklərini unutmaq olmaz. ‘Motherlik’ – bu, queer insanların həyatlarımıza sahib çıxması və ən çox ehtiyacı olanlara dayaq durmaq praktikasından ibarətdir.”
Tərcümə: THEM