Türkiyə hökumətinin təklif etdiyi yeni qanun layihəsi LGBTQ+ azadlıqlarına qarşı məhdudiyyətləri kəskin şəkildə genişləndirə bilər.
T24 jurnalisti Ceren Bayarın paylaşdığı məlumata görə, yaxın zamanda parlamentə təqdim ediləcəyi gözlənilən 11-ci Məhkəmə Paketinin layihə detalları ictimaiyyətlə bölüşülüb.
Hazırda Türkiyədə eyni cinsdən olan şəxslər arasındakı münasibətlər qanunidir, lakin eyni cinsli nikah, mülki ittifaq və ya ailə tərəfdaşlığı tanınmır, eyni zamanda eyni cinsli şəxslərin övladlığa götürməsi qadağandır.
İLGA-Europe təşkilatının 2024-cü il “rainbow map” hesabatında Türkiyə 100 baldan cəmi 5 bal toplayıb. LGBTQ+ ölkədə davamlı zorakılıq və təqiblə üzləşir, kuir ziyarətçilərə isə səfər zamanı ehtiyatlı olmaları tövsiyə olunur.
Yeni təklif olunan qanun Türkiyə Cinayət Məcəlləsinin 225-ci maddəsinə (“Əxlaqsız hərəkətlər”) dəyişikliklər nəzərdə tutur. Maddəyə görə, “doğumda təyin olunan bioloji cinsə və ümumi əxlaqa zidd davranan” şəxslər 1 ildən 3 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Bundan əlavə, gender bəyannaməsi və cinsiyyət dəyişmə əməliyyatı üçün yaş həddi 18-dən 25-ə qaldırılır və prosedur üçün tələblər daha sərtləşdirilir.
Yeni şərtlərə görə, trans şəxslər evli olmamalı, sterilizasiya edilməli və “psixi sağlamlıq baxımından cinsiyyət dəyişməsinin zəruriliyi” tibbi diaqnozla təsdiqlənməlidir.
Qanunda həmçinin qeyd olunur ki, “qanunla müəyyən edilmiş şərtlərə zidd olaraq cinsiyyət dəyişdirmə məqsədli tibbi müdaxilə aparan hər kəsə 3 ildən 7 ilədək həbs və 1.000–10.000 gün arası məhkəmə cəriməsi tətbiq ediləcək.”
Digər maddəyə əsasən, eyni cinsdən olan şəxslərin nişan və ya toy mərasimi keçirməsi halında onlara 1 il 6 aydan 4 ilə qədər həbs cəzası veriləcək.
Hazırda “açıq şəkildə cinsi əlaqə və ya sərgiləmə” hərəkətinə görə 6 ay–1 il həbs cəzası nəzərdə tutulursa, bu müddət 3 ilə qədər artırılır.
Qanun layihəsinin mətnində iddia olunur ki, “tənzimləmə fiziki və zehni cəhətdən sağlam fərdlərin yetişdirilməsini, ailə institutunun və sosial quruluşun qorunmasını hədəfləyir.”
Bu məhdudiyyətlər “ənənəvi dəyərləri qorumaq” adı altında əsaslandırılır.
Layihədə bildirilir:
“Cəmiyyətin ümumi əxlaqına və dəyərlərinə hücumların qarşısını almaq, ailə institutunu qorumaq və gender neytrallaşdırılması meyllərinə qarşı daha təsirli mübarizə aparmaq məqsədilə insan ləyaqətini qoruyan və sosial strukturu gücləndirən qaydalar qəbul edilir.”
Son illərdə Türkiyə LGBTQ+ hüquqlarını sıxışdırmaq istiqamətində addımlar atıb — Qürur yürüşləri qadağan olunub, etiraz edən yüzlərlə insan isə həbs edilib.
Prezident Rəcəb Tayyib Ərdoğan açıq şəkildə anti-LGBTQ+ mövqeyi ilə tanınır. O, LGBTQ+ şəxsləri “pozğun” adlandırıb və onların “ailə institutuna təhlükə yaratdığını” bildirib.
Ərdoğan 2025-ci ili “Ailə İli” elan edib və bu çərçivədə “ənənəvi dəyərləri qorumaq” məqsədilə nikahı təşviq edən, doğum səviyyəsini artırmağa yönəlmiş kampaniyaya LGBTQ+ hədəf alaraq start verib.
Ankarada çıxış edərkən o, belə deyib:
“Uşaqlarımızı və gənclərimizi zərərli meyillərdən və pozğun ideologiyalardan qorumaq bizim ortaq məsuliyyətimizdir. Neoliberal mədəni meyllər sərhədləri aşaraq dünyanı bürüyür və LGBT kimi hərəkatların güclənməsinə gətirib çıxarır.
Gender neytrallaşdırılması siyasətinin hədəfi ailədir. LGBT-ni tənqid edən dərhal susdurulur. Təbiəti və ailəni müdafiə edən hər kəs təzyiqlə üzləşir.”
Ərdoğan 2023-cü ilin oktyabrında keçirilən Ədalət və İnkişaf Partiyasının qurultayında da belə demişdi:
“Biz LGBT-ni tanımırıq. Kim onları tanıyırsa, gedib onlarla yürüş etsin. Biz ailə institutunu möhkəm saxlayan bir quruluşun üzvüyük. Ailəni dağıtmaq məqsədilə dəstəklənən gizli siyasi və sosial cərəyanların kökünü kəsəcəyik.”
O, daha əvvəl də bildirmişdi ki, “LGBT-yə qarşıdır”, çünki “ailə müqəddəsdir”.