Qeyri-binar olmaq nə deməkdir?

Qeyri-binar olmaq nə deməkdir?

Qeyri-binar olmaq hər kəs üçün fərqli bir şey ifadə edə bilər. Mənim üçün bu anlayışı gözəl edən məhz onun bu qədər geniş və sərbəst olmasıdır.

Mənim qeyri-binar təcrübəm illər ərzində bir çox şəkildə dəyişib. 2016-cı ildə coming out etdiyim gündən bəri həm öz təqdimatımda, həm də daxili gender hisslərimdə müxtəlif mərhələlər keçmişəm. Ancaq dəyişməyən bir şey var: özümü bütöv şəkildə təsvir etmək üçün seçdiyim çətir termin – mən qeyri-binaram. Zaman keçdikcə və daha çox insanla tanış olduqca, öz genderini bu cür hiss edən insanların nə qədər çox olduğunu görürəm.

Bu, bəlkə də, son on ildə qeyri-binar insanların daha görünən olmağa başlaması ilə bağlıdır. Məsələn, Janelle Monáe kimi məşhurlar və ya “And Just Like That…” serialındakı Che Diaz personajı bu görünürlüyün bir hissəsidir. Lakin genderin sərt şəkildə ikili kateqoriyalara bölündüyü bir cəmiyyətdə bu görünürlük bəzən qeyri-binar insanlara özlərini “aydın şəkildə” izah etmə təzyiqi də yaradır. Mənim təcrübəmdə bu cür sosial təzyiqlər nəticədə qeyri-binar anlayışını daraldır və onu yenidən ikili sistemə uyğunlaşdırmağa çalışır. Halbuki bu anlayışa sərhəd çəkmək düzgün deyil.

Geniş anlamda desək, qeyri-binar, öz genderini kişi və ya qadın kimi hiss etməyən insanlara aid çətir termindir. Amma qeyri-binar olmaq saysız-hesabsız formada təzahür edə bilər və qeyri-binar insanlar görünüş və davranış baxımından bir-birinə bənzəməyə məcbur deyillər. Bu çətir anlayışa genderqueer, Two-Spirit, genderfluid və digər identifikasiyalar daxildir.

Mən qeyri-binarammı?

Heç iki qeyri-binar insan genderi eyni şəkildə yaşamır. Bu da “mən qeyri-binarammı?” sualına dəqiq cavab tapmağı çətinləşdirə bilər. Anlayışın özü sadə görünə bilər – kişi və qadın kateqoriyalarına sığmayan insanları əhatə edir – lakin fərdi təcrübələr son dərəcə müxtəlifdir. Qeyri-binar insanlar bir qəlibə sığmırlar və bədənləri, təqdimatları, genderlə bağlı təcrübələri fərqlidir.

Qeyri-binar identifikasiyalar genderfluid, genderqueer, agender və digər yerli icmalara xas olan gender fərqliliklərini də əhatə edir. Məsələn, genderqueer biri qeyri-binar ola bilər, amma bütün qeyri-binarlar genderqueer olmaya da bilər.

Əgər özünüzü ənənəvi “kişi” və “qadın” anlayışları ilə tanımayırsınızsa, çox güman ki, qeyri-binar ola bilərsiniz. Əsas məsələ budur: özünüzü gender ikiliyindən kənarda, arasında və ya ondan o tərəfdə hiss edirsinizsə, bu, qeyri-binar təcrübənin bir formasıdır.

ABŞ-da qeyri-binar insanların tarixi

“Qeyri-binar” termini ilk dəfə 1980–90-cı illərdə, trans fəallar tərəfindən istifadə olunmağa başlayıb. Bu dövrdə “genderqueer” və “genderfluid” kimi anlayışlar da formalaşıb. Amma gender sərhədlərini aşan təcrübələr bu sözlərdən çox-çox əvvəl mövcud olub.

Avropalı müstəmləkəçilər gəlməzdən əvvəl Şimali Amerikada gender-expansive insanlar öz icmalarında hörmətlə qarşılanır, ruhani və qayğıverici funksiyalar daşıyırdılar. Lakin 1500-cü illərdən etibarən Avropa müstəmləkəçiləri yalnız Amerikada yox, Afrikada, Asiyada və Sakit okean bölgələrində də bu insanları sistemli şəkildə təqib etməyə başladılar. Bu, Two-Spirit insanlar üçün ənənələrini açıq şəkildə yaşamağı təhlükəli etdi – bu, digər gender fərqliliklərinə malik yerli icmalar üçün də keçərli idi.

1600-cü illərin ABŞ koloniyalarında belə, o dövr üçün “qeyri-binar” sayıla biləcək insanlar olmuşdur – məsələn, gendersiz bir təbliğatçı olan The Public Universal Friend. Lakin puritan qanunları gender variantlığını sərt şəkildə cəzalandırırdı. Bu səbəbdən icma tapmaq, özünü ifadə etmək, hətta dil yaratmaq belə çətin idi.

19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində New York-un bal salonları və drag müsabiqələri kimi məkanlarda gender sərhədlərini aşan icmalar formalaşdı. Bu insanlar özlərini müasir anlamda trans və ya qeyri-binar kimi tanımlamasalar da, cisnormativ cəmiyyətin sərt reaksiyası ilə üzləşirdilər. Bu icmalar bu günə qədər yaşamaqda davam edir.

Oxşar tarixlər dünyanın digər bölgələrində də mövcuddur. Qeyri-binar genderlər insanlıq tarixi qədər qədimdir. Qariwarmi (And icmalarında), Mudoko Dako (Şimali Uqanda) və Hijra (Hindistanda) kimi gender-expansive qruplar kolonializmdən öncəki gender rollarını bu günə qədər yaşatmağa çalışırlar – yüzillərin təzyiqlərinə baxmayaraq.

Qeyri-binar, genderfluid, genderqueer – bunlar arasında fərq varmı?

Dil daim dəyişir, buna görə də bu anlayışların fərqlərini izləmək çətin ola bilər. Qısa cavab: bəli, amma bu fərqlər insandan insana dəyişir. Genderfluid, genderqueer və ya başqa identifikasiyalar hər kəs üçün fərqli təcrübədir.

Bunların dəqiq tərifinə ilişməkdənsə, başqalarının təcrübələrini oxumaq və dinləmək daha faydalıdır. Qeyri-binar və trans kimliklər kimi, bu anlayışlar da axıcı və fərdidir. Bəziləri həm genderfluid, həm qeyri-binar, amma genderqueer olmayan ola bilər. İnsanlar zamanla özlərini fərqli sözlərlə ifadə edə bilər – bu da tamamilə normaldır.

Genderqueer nə deməkdir?

Genderqueer – gender ikiliyinə tabe olmayan insanlara verilən geniş çətir termindir. Bəziləri bu anlayışı qeyri-binarla eyni sayır, digərləri isə onu qeyri-binarın alt kateqoriyası kimi görür. Amma bütün genderqueer insanlar qeyri-binar olmaya bilər.

Genderqueer olmaq da fərdi təcrübəyə əsaslanır. Bəziləri üçün bu bir genderdir, bəziləri üçün bir neçəsi, bəziləri üçün isə heç bir gender yoxdur. Genderqueer insanlar da qeyri-binarlar kimi dünyanı çox fərqli formalarda yaşayır.

Genderfluid nə deməkdir?

Genderfluid – zamanla (günlər, aylar, illər ərzində) gender hissinin dəyişdiyini ifadə edən termindir. Genderfluid insanlar müxtəlif təqdimat və gender təcrübələrinə sahib ola bilər. Bəziləri eyni zamanda trans və ya qeyri-binar ola bilər. Bəziləri isə həm kişi, həm qadın təcrübəsinə sahib ola bilər.

Bu anlayış da əsasən 1990-cı illərdə queer və trans icmalar içində formalaşıb. Son on illərdə Bella Ramsey kimi məşhurlar genderfluid identifikasiyasını açıq şəkildə ifadə etdikcə bu anlayışa görünürlük artıb.

Qeyri-binar insanlar trans sayılırmı?

Son onilliklərdə “trans” anlayışı genişlənərək qeyri-binar və gender-konform olmayan insanları da əhatə etməyə başlayıb. Trans icmalar tarixən gender-konform olmayan insanları öz içlərində qəbul ediblər.

Lakin müasir tibbi sistemlər və bəzi intrakommunal narahatlıqlar qeyri-binar insanları trans identifikasiyasından kənarda qoymağa çalışıb. Halbuki bir çox qeyri-binar insan özünü trans hesab edir – və etməyə də haqqı var. Translıq spektrdir və bu spektrə qaydalar qoymaq qeyri-tarixi və ayrıseçkilikdir.

Bəs niyə bəziləri qeyri-binar insanları trans saymır?

Qeyri-binar insanların görünürlüyü artdıqca, bu kimliklərə qarşı təhqiramiz stereotiplər də yayılmağa başlayıb. Məsələn, “Sock” adlı mavi saçlı qeyri-binar insan obrazı, əvvəlcə queer kollektiv ev həyatını zarafatla tənqid etmək üçün yaranmışdı. Amma bu gün artıq transfo­bik və nevrodivergent insanlara qarşı alçaldıcı obraz kimi istifadə olunur.

Bu zarafatlar qeyri-binar insanlara qarşı dərin bir legitimlik sorğusunun əlamətidir. “Sock” sadəcə qab-qaşıq yumaqdan qaçmır, guya “qeyri-binar” olması da bir “qurban narrativi”dir – beləliklə də translıq hissləri inkar edilir. Bu isə trans icma daxilində “kim əsl transdır?” sualının aqressiv və zərərli şəkildə sorğulanmasına gətirib çıxarır.

2010-cu illərdə Tumblr-da yayılan “transmedicalism” düşüncəsinə görə, yalnız tibbi keçid edən və bədən disforiyası yaşayan insanlar trans sayılmalıdır. Halbuki bir çox qeyri-binar insan da tibbi keçidə ehtiyac duyur və bu keçidi yaşayır. Amma bu keçid olmadan da kimliklərimiz keçərlidir – çünki təcrübəmiz və özünüifadəmiz realdır.

Mənbə: Them