Qədim yunan həkimi Qalenə görə, lezbiyanlıq bəzi qadınların xarici cinsiyyət dodaqlarında “davamlı və dayanmayan qaşınma” nəticəsində yaranırdı. Yaxşı xəbər? Bu qaşınmanı yüngülləşdirmək üçün, həmin qadın digər qadının cinsiyyət dodaqlarına sürtünməli idi.
Tarixdə lezbiyan kimi yaşamış qadınlara dair sübutlar tapmaq çox çətindir — adətən onlar haqqında yalnız qınama kontekstində danışılır. Yaxud da fiziki qəribəliklər kontekstində — məsələn, bir qaşınma. Bunun səbəbi odur ki, yazılı tarix boyunca qadınlar arasında eyni-cinsə yönəlmiş seksual istək bir növ qüsur, təbiətin pozuntusu sayılırdı. Xristian dövründə isə bu, həm də şeytana uyaraq günaha batmaq anlamına gəlirdi.
Orta əsr düşünürləri xüsusilə lezbiyanlığa qarşı həssas idilər: bu cür seksual münasibətlər yalnız şəhvətlə idarə olunur və nəsil artırmağa yönəlmir — bu da kilsə üçün ciddi təhqir idi. Bu qəzəbi altıncı əsr fransız şeirində aydın şəkildə hiss etmək olar:
“Ey qəribə qadın məxluq,
Şəhvət səni kişi etmiş,
Dəliliklə sevişən,
Niyə belə mənasız arzu bürüyüb səni?
Bir qadının cinsi orqanına xidmət edirsən.”
Orta əsr kilsəsi seksual sapmaları cəld və sərt şəkildə cəzalandırmağın vacib olduğunu bildirirdi. Yeddinci əsrə aid “Theodorun Tövbə Kitabı” (bu cür kitablar günahların siyahısı və onlara uyğun tövbə müddətini göstərən təlimatlardı) qeyd edirdi ki, “qadınla seksual pozğunluqla məşğul olan qadına” üç il tövbə verilməlidir. Bir-birinə oral seks edən qadınlara isə daha sərt cəza tətbiq edilirdi. İrlandiyaya aid bir tövbə kitabında deyilirdi:
“Əgər kimsə dodaqlarla zina edərsə [yəni kunilingus], ilk dəfədirsə dörd il, adət edibsə yeddi il tövbə etməlidir.”
Kilsənin seksə yalnız uşaq doğmaq üçün baxmasına baxmayaraq, orta əsr tibb nəzəriyyəsinə görə qadın cinsi əlaqədə olmadan yaşasa, bu, onun sağlamlığına ciddi təhlükə yarada bilərdi. Bu anlayış “bətnin boğulması” (uterine suffocation) adlanırdı. Ən yaxşı qorunma yolu müntəzəm evlilik əlaqələri sayılırdı; bu mümkün deyildisə, həkimlər müxtəlif çarələr, o cümlədən masturbasiyanı tövsiyə edirdilər.
Bu tövsiyə xüsusilə rahibələr üçün faydalı idi — onlar evlənə bilmirdilər, amma həm də ölmək istəmirdilər. XIV əsrdə yaşamış ingilis həkim Con of Gaddesden belə qadınlara kömək üçün mamaların “zambaq, dəfnə və ya digər ətirli yağlarla isladılmış barmağı qadının vaginasına salıb sürətlə hərəkət etdirməsini” təklif edirdi.Təbii ki, Kilsə bu məsələdə razı deyildi — masturbasiya günah sayılırdı, xüsusilə qadınlar bunun üçün “alət” (dildo) istifadə edirdilərsə. VII əsrə aid “Bedenin Tövbə Kitabı”nda qeyd olunurdu ki, “bir-biri ilə alət vasitəsilə sekslə məşğul olan rahibələrə yeddi il tövbə verilməlidir”. Daha sonra, IX əsrdə Rəms yepiskopu Hinkmar yazırdı ki, lezbiyanlar “üzvün istifadəsini təbii olmayan şəkildə dəyişdirirlər, çünki onlar istəyi artırmaq üçün şeytani alətlərdən istifadə edirlər”.
Dildolardan istifadə edənlər yalnız rahibələr deyildi. 1477-ci ildə Almaniyada Katherina Hetzeldorfer adlı qadın qadınlarla seksə görə — özünü kişi kimi təqdim edib saxta penis vasitəsilə qadınlarla seks etdiyinə görə — edam edilən ilk qadın oldu (boğularaq öldürüldü). Məhkəmədə bildirildi:
“O, qabağı pambıqla doldurulmuş qırmızı dəridən bir alət hazırlamış, içərisinə taxta çubuq yerləşdirmiş, çubuğa dəlik açıb, içindən ip keçirərək belinə bağlamışdır.”
Qərb kilsəsinin qadınlara və onların seksual həyatına yanaşması, şübhəsiz ki, mövcud patriarxal və qadın düşməni dünyagörüşündən təsirlənmişdi. XI əsrdə fransız şair və müəllim Marbod of Rennes yazırdı:
“Qadın — bədbəxt mənbə,
Pis kök,
Korrupsiyanın qolu,
Dünyada baş verən hər cür fəlakətin anasıdır.”
Amma bütün orta əsr cəmiyyətləri lezbiyanlığa qarşı bu qədər sərt deyildi. Orta əsrlərdə bəzi ərəb ölkələrində qadınlar arasında seksual münasibətlərə nisbətən daha mülayim və hətta anlayışlı münasibət var idi (bu, bu günkü reallıqla tam ziddiyyət təşkil edir). IX əsrdə yaşamış məşhur müsəlman filosof Əl-Kindiyə görə, lezbiyanlıq qadının cinsiyyət dodaqlarında “yoğunlaşaraq istilik və qaşınma yaradan buxar” nəticəsində baş verirdi və bu yalnız başqa bir qadınla orgazm vasitəsilə yüngülləşə bilərdi.
Başqa bəzi müsəlman təbibləri isə qadının hamiləlik zamanı yediyi bəzi qidaların (cəfəri, rokka, melilot yarpaqları və narıncı ağacının çiçəkləri) onun süd verdiyi uşağın gələcəkdə “ömürlük lezbiyan” olmasına səbəb olduğunu iddia edirdilər.
Əslində, orta əsr ərəb dünyasında kifayət qədər zəngin lezbiyan erotik ənənə vardı. X əsrdə yazılmış ensiklopedik bir əsər — “Kataloq” — 12 məşhur lezbiyan cütlüyün adını sadalayırdı. XIII əsrdə yazılmış hekayələr, şeirlər və anekdotlardan ibarət “Mövcud Heç Bir Kitabda Olmayan Ürəklərin Gəzintisi” əsərində isə konkret “lezbiyan icması”ndan və bu icmanın başçısı olduğu düşünülən “Gül” adlı qadından bəhs olunur.
Bu əsərdə lezbiyan seks “zəfəran masajı” adlandırılır və qadınlara seks zamanı çıxarmalı olduqları səsləri öyrədən məşhur lezbiyan müəllimlərdən danışılır. Bu səslər belə təsvir olunur: “Arzulu şəkildə tıncıxaraq xoruldamalısan”. Əsərdə həmçinin “xırıltı, nəfəs darlığı, miyoldama, pıçıltılar və ürəkparçalayan ahlar” da qeyd edilir.
Amma bu istisnalara baxmayaraq, orta əsrlər dünyasının seksual baxışı harada olursa-olsun fallosmərkəzli, çoxalma yönlü və heteroseksual idi. Bu da onu göstərir ki, o dövr lezbiyan qadınlar üçün olduqca tənha və çətin bir yer olub. “Lezbiyan” anlayışının bir seksual kimlik kimi geniş şəkildə qəbul olunması və istifadə edilməsi isə yalnız XIX əsrdə mümkün oldu. Buna baxmayaraq, o dövrdə də öz seksual arzularını yaşamağı bacaran və ya buna cəsarət edən qadınlar olub — bu, qeyd olunmağa və bayram edilməyə dəyərdir. Təəssüf ki, tarixdəki bir çox lezbiyan qadın üçün onların istəkləri “mənasız” sayılıb.
Mənbə: vice.com