Kuir həyatında ana nə genderlə, nə biologiya ilə, nə də ənənə ilə müəyyən olunur. Ana bir roldur, bir varlıqdır, başqa bir insanın sağ qalmasına olan öhdəlikdir. Ana — başqaları yox olanda yanında qalan, bunu borc üçün yox, seçimlə edən biridir. Bizim dünyamızda ana — dünya səni silməyə çalışanda səni böyütməyə kömək edən biridir. “Ana” — sadəcə bir titul yox, həyatımızı mümkün edən insanlara verdiyimiz addır.
On ildən çox əvvəl, mən də öz analarımdan birini tanıdım. Gəlin ona Xala Maggie deyək — bir tərəfdən, çünki o, The Roches qrupundan Maggie Roche-u çox sevir və bu referansa güləcək, digər tərəfdən isə çünki o, həqiqətən də hər kəsin xalasıdır.
Xala Maggie LGBTQ+ gənclər və gənc yetkinlər üçün fəaliyyət göstərən bir icma mərkəzində könüllü çalışırdı — mənim özümü bir arada saxlamağa çalışdığım vaxtlarda pənah apardığım bir yer. Mən gənc idim, tərəddüd içində, cavablardan çox suallarla. O isə məndən yaşlı, iti ağıllı, gur gülüşlü və hər kəsi sakitləşdirə biləcək hekayə danışmaq bacarığına malik ağdərili bir qadın idi. Hiss olunacaq qədər isti idi, amma yumuşaq yox. Sözünü kəskin deyirdi, amma qəddarlıqla yox. Elə gülməli idi ki, onun danışığı dayansa da, sən gülməkdən dayana bilmirdin. Onu dərhal sevdim. Bəlkə də, çünki o mənə öz bioloji anamı xatırladırdı — həmin vaxtlarda hələ kimliyimlə barışmayan anamı.
Xala Maggie-nin varlığında elə bir şey vardı — o, ətrafındakı havanı dəyişə bilirdi. Həm kəskin zarafatla, həm də diqqətlə boş-boş danışığı kəsə bilirdi. Bu doğmalıq hissi verirdi. Sanki heç yaşamadığım, amma hər zaman ehtiyac duyduğum evin özü idi.
Heç vaxt “ana” titulu tələb etmədi. Ehtiyac da olmadı. Sadəcə orada idi. Daim gəlirdi — görünmək üçün yox, təriflənmək üçün yox, tək qalmağın nə demək olduğunu bildiyi üçün. Və kiminsə eyni təkliyi yaşamasına imkan vermirdi.
Biz hər gün danışmırıq. Aylarla danışmadığımız olur. Amma əlaqəmizdə qəribə bir ritm var — sakit, amma dəqiq bir çəkiliş. Həmişə elə bir anda yazır ki, mənə onun varlığı lazımdır. Bəzən bir meme, bəzən bir zarafat, bəzən də heteroların nə qədər şeyin fərqində olmadığını qeyd edən mesajla. Heç bir təmtəraq olmadan — sadəcə “tək deyilsən” demək üçün kifayət qədər.
O mənə unudulmaz hekayələr danışıb — həmişə özünəməxsus quru və dramatik tonla. Məsələn, Vonda adlı drag queen haqqında əfsanə — kiminsə əşyalarını yandırması ilə məşhur idi və nəticədə özü də yanaraq öldü. Və ya o adam haqqında danışdığı vaxt — Meksikaya gender-affirming əməliyyat üçün getmişdi və geri qayıdanda, Xala Maggie-nin sözləri ilə desək, “artıq yeni orqanizmi ilə həyatın çətinliklərinə başqa bir yerdən cavab verirdi”*. O, kuir qaranlığının tarixçisidir — drag fəlakətlərinin, səfeh qərarların və queer xəyallarının arxivçisidir.
Amma bir də ağlatmayan, amma ağrını sükutla ötürən hekayələri var idi. Gəncliyində uzun saatlarla fast food dükanlarında işləmək, kinoteatrlarda növbə çəkmək, hər qəpiyi toplayıb öz sağlamlığı üçün dünyayla savaşmaq məcburiyyətində qaldığı günlər. Bunlar mərhəmət üçün yox, yaşamaq üçün strategiyalar idi. Həyat xəritələri. Zarafatla bükülmüş dərslər — bir bədəndən digərinə ötürülən təcrübə.
Onun mənə dediyi ən faydalı şeylərdən biri belə idi: “Planını qur, planınla işlə.” Bu cümlə bir neçə fəlakətdən sağ çıxmağıma yardım edib. Həm ətrafımdakı xaosu, həm də öz içimdəki dağıntıları idarə etməyi öyrətdi. O bu şüarla yaşadı — göstərmək üçün yox, səssiz iradə ilə. 40 yaşında təkrar universitetə qayıdıb İngilis dili üzrə diplom alaraq müəllim oldu.
Xala Maggie mənim üçün tam mənası ilə kuir ana-döyüşçü-şairdir — bu ifadəni Audre Lorde bir dəfə özünü təsvir etmək üçün işləmişdi: “Qara lezbiyan ana döyüşçü şair.” Açıq deyək, Xala Maggie qətiyyən Qara deyil. O, şairdir. Ruhən döyüşçüdür. Lezbiyan? Bax, burda xətt qırılır. Bir dəfə ona “lezbiyansan” deyə zarafat etdim, dərhal ciddi şəkildə cavab verdi:
“Mən heç vaxt gey qız olmamışam. Sadəcə gey oğlan olmuşam. İndiyə qədər istədiyim yeganə ‘orqanı’ həkimə pul verib əldə etmişəm.” Və söhbət orda bitdi.
Onun qayğısı daimiydi. Vaxtlaması möcüzəvi idi. Onun sevgisi heç vaxt nümayişə oxşamırdı — o, gerçək idi. Mən hələ kim olduğumu anlamadan, o mənə kim ola biləcəyimi göstərdi. Və bunu heç bir əvəz gözləmədən etdi.
Lorde-un ana anlayışı mənə bunu anlamaqda kömək edir — çünki Xala Maggie ilə Lorde eyni həyatı yaşamayıb, amma ikisi də “analıq bir status deyil, bir praktikadır” fikrini bölüşür. Bu bir varlıq intizamıdır. Baxmaqdan imtina etməməkdir.
Xala Maggie-nin analığı nəzəri deyil. O, yaşanıb. Və məni dəyişdi.
Bəli, bu Ana Günü hekayəsidir — amma Hallmark kartlarında tapacağınlardan deyil. Bu, heç vaxt bioloji övladı olmayan, amma insan böyüdən analar üçündür. Səssiz və qətiyyətlə orada olan, yerində zarafatla və dəqiqliklə duran, sən özünü görə bilməyəndə belə səni görən analar üçün. O, anadır — yumurtalığı olduğu üçün yox, ya da hamilə qaldığı üçün yox (Tanrı bilir, nə qədər çalışıb). O, çünki seçdi. Çünki getmədi. Çünki sağ qalmağı bizə gülmək mümkün olan bir şeyə çevirdi. Çünki məni səbəbsiz, titulsuz, ssenarisiz sevdi.
Mən onu təkcə bu gün deyil, hər dəfə yaşadığım üçün kimə borclu olduğumu xatırlayanda şərəfləndirirəm.
Tərcümə: LGBTQ Nation