Müəllif: Aleks Şah
Son illərdə idmanda trans qadınların iştirakı geniş müzakirələrə səbəb olub. Bu mövzu cəmiyyətdə, hökümətlərdə, idman federasiyaları arasında fikir ayrılığı yaradıb. Bir tərəfdən, trans qadınların idmanda iştirakını dəstəkləyənlər bunun insan hüquqlarının bir hissəsi olduğunu vurğulayır. Digər tərəfdən isə, rəqiblər bəzən bunu ədalətli rəqabət prinsiplərinə zidd hesab edirlər.
Ən çox müzakirə olunan məsələlərdən biri trans qadınların bioloji xüsusiyyətləridir. Bəzi insanlar düşünür ki, doğuşdan kişi olaraq təyin edilmiş bir trans qadın, qadın idman yarışlarında iştirak edərkən fiziki üstünlüklərə malik ola bilər. Bu fikrə qarşı çıxanlar isə qeyd edirlər ki, hormonterapiya və digər tibbi müdaxilələr bu fərqi minimuma endirir və trans qadınlar digər idmançılarla eyni şərtlərdə rəqabət aparır.
İdman təşkilatları bu mövzuda fərqli yanaşmalar qəbul ediblər. Məsələn, Beynəlxalq Olimpiya Komitəsi trans qadınların iştirakı üçün müəyyən tibbi meyarlar təyin edib. Bu meyarlar əsasən testosteron səviyyəsinin müəyyən bir həddə olması ilə bağlıdır. Lakin bu qaydalar da birmənalı qəbul edilmir.
Bu söhbətlərin edildiyi dünya əslində necə bir yerdir? Gəlin reallığa baxaq.
2025-cü ildə belə, onlarla ölkədə trans qadın olmaq cinayət hesab olunur. Translar gender kimliyi və özünü ifadəsi səbəbilə dövlət tərəfindən edam cəzasına və ya zorakı qətllərə məruz qalır. 100-ə yaxın ölkədə doğuşdan təyin edilən genderi dəyişmək qadağandır, 50 dən çox ölkədə trans spesifik səhiyyə xidmətləri ya yoxdur, yada qadağan edilib. Beynəlxalq səviyyədə trans qadınlar hələ də cəmiyyət tərəfindən təqib olunur, diskriminasiyaya, təzyiqlərə və hüquq pozuntularına qarşı mübarizə aparır. Belə bir dünyada insanların trans qadınların idmanda iştirakına etiraz etməsi, əslində, mövcud problemlərin ölçüsünü düzgün dərk etməməyin nəticəsi, və bu problemlərin mahiyyətini qəsdən itirmək xarakteri daşıyır.
Bu gün trans qadınların əsas məqsədi yalnız yaşamaq, təhlükəsiz bir mühitdə olmaq, zorakılıq və diskriminasiyadan uzaq qalmaqdır. İş imkanlarına çıxış əldə etmək, təhsil almaq və səhiyyəyə çıxışın olması, bərabər fürsətlərə çatımlılıq Qərb ölkələrində hələdə tam təmin olunmuyub. Dövlətlərin Statistikalarında bu kimi xidmətlərə çatımlılığın ən az olduğu qrup LGBTQ+ lar olaraq qeyd edilir.
İdman yarışlarında trans qadınların iştirakı imtiyazlıların mövzusu kimi görünür. Çünki bu məsələnin müzakirəsi, insan hüquqlarının tam təmin olunduğu cəmiyyətlərdə baş verir. Trans qadınlara trans spesifik səhiyyəni qadağan edən ölkələr, trans qadına sənin testosteron hormon səviyyən və bioloji əzələ kütlən çoxdur deyə iştirakın ədalətsizdir demək, nə dərəcədə ədalətlidir?
İnsan bədəni və performansı yalnız hormonlarla müəyyən edilmir. İdman bacarıqları genetika, məşq, motivasiya, texnika, qidalanma və psixoloji hazırlıq kimi çoxsaylı faktorların birgə təsiri ilə formalaşır. Üstəlik, bir çox trans qadın illərlə estrogen terapiyası alır və bu da onların əzələ gücü və performansını cisgender qadınlarla bərabərləşdirir.
Digər tərəfdən, idmanda trans qadınlara “testosteron səviyyəsi və əzələ kütləsi ədalətsiz üstünlük yaradır” arqumenti ilə yarışlardan kənarlaşdırılmaları, əslində həm birmənalı elmi əsaslara söykənmir, həm də transfob strukturun təzahürüdür.
Ədalət — yalnız güclülər və imtiyazlılar üçün deyil, hər kəs üçün mövcud olduqda həqiqi olur. Trans qadınların rəqabətdə bərabər imkanlar əldə etməsi, sadəcə onların deyil, bütün cəmiyyətin daha ədalətli, inklüziv və insan mərkəzli bir gələcəyə doğru dəyişməsinin göstəricisidir.